Nəcəfqulubəyli Ağcabədi rayonunun inzibati ərazisinə aid ən gözəl mənzərəsi olan kəndlərdən biridir. Kür çayının sahilində, Tuqay meşələri və əlavə üç meşənin əhatəsində yerləşməsi kəndin görünüşünə gözəllik qatır. Kəndin Ucar-Zərdab-Ağcabədi magistral yolunun üzərində olması oranın sakinləri üçün əlverişli şərait yaratmaqla bərabər, sakinlərin rayonlar və şəhərlərarası hərəkətini də asanlaşdırır. Sakinləri zəhmətkeşliyi ilə seçildikləri qədər vətənpərvər olmaları ilə də tanınırlar. Birinci və ikinci Qarabağ müharibəsi zamanı bu kənddən onlarla şəxs döyüşlərə qatılmış, onlardan 5 nəfəri torpaqlarımız uğrunda gedən döyüşlərdə şəhid olmuşdur.
Onu da nəzərinizə çatdırım ki, Nəcəfqulubəyli eyni zamanda Zərdab istiqamətindən gələrkən Ağcabədinin birinci kəndidir. Cənab Prezident İlham Əliyevin 2021-ci il 7 iyul tarixdə təsdiqlənmiş Fərmanı ilə iqtisadi rayonların bölgüsündə Qarabağ iqtisadi rayonuna daxil edilmiş Ağcabədi rayonunun girişi olması eyni zamanda bu kəndin Qarabağa “giriş qapısı” olması da deməkdir.
Giriş demişkən , elə bu günlərdə rayon rəhbərliyinin tapşırıq və göstərişinə əsasən Nəcəfqulubəyli kəndində yerləşən üzərinə “Ağcabədi rayonu” yazılmış, eyni zamanda dövlət rəmzlərinin əks olunduğu giriş qapısı da əsaslı təmir olunur.
Bəs bu gözəl, işıqlı kəndin qaranlıq tərəfi nədir? Əlbəttə ki, elə işığın yoxluğu. Kənd sakinlərinin dediyinə görə, onlar uzun illərdir, (hətta bəziləri bildirdi ki, elə ilk elektrik xətti çəkilən vaxtlardan) işıq problemi yaşayırlar. Bununla bağlı dəfələrlə “Azərişıq” ASC-nin Ağcabədi elektrik şəbəkəsinə müraciət edilib, ancaq heç bir nəticəsi olmayıb.
Kənddə demək olar ki, salamat və yararlı işıq dirəyi yoxdur, işıqlandırma və suvarma üçün olan transformatorlar köhnəlib və tez – tez sıradan çıxır. 304 təsərrüfat olan kəndə ən azı iki yeni transformator lazımdır. Bundan əlavə, illərdir sözü verilən “ işıq dirəyi və elektrik naqillərinin dəyişdirilməsi “- planı da elə kəndin özü kimi işıq üzü görmür ki, görmür…
Dünyanın bu qədər inkişaf etdiyi bir vaxtda , insanların az qala, başqa planetdə işıq quraşdırdığı zamanda 1356 nəfərin yaşadığı böyük bir kənddə bir az külək, yağıntı, qar olan kimi işığın sönməsi, nəinki başqa planetə köç etmək, əksinə, öz planetimizlə də əlaqənin kəsilməsi deməkdir.
Nəzərə alsaq ki, 2016-cı ildə Prezident İlham Əliyev tərəfindən təsdiqlənmiş “Azərbaycan Respublikasında kommunal xidmətlərin (elektrik və istilik enerjisi, su və qaz) inkişafına dair Strateji Yol Xəritəsi”ndə elektrik enerjisi ilə bağlı çox ciddi mövzular və tələblər ortaya qoyulmuşdu, onu da göz önünə gətirsək ki, “Azərişıq” digər iri dövlət şirkətləri kimi, dövlət zəmanəti ilə aldığı kreditlər üzrə ödəniş etmir, həmin ödəniş Maliyyə Nazirliyinin Təminat Fondundan həyata keçirilir, bu da o demək olur ki, dövlətin işıqlı baxışları daima bu qurumun üzərindədir. Bircə qalır, onların da öz timsallarında bu işığı xalqa ötürməkləri…
Orxan KƏRİMOV