Zəngəzur dəhlizi mütləq açılmalıdır

            Regionların inkişafı daim dövlətin diqqət mərkəzindədir. Son vaxtlar dövlətimizin başçısı regionlara müntəzəm səfərlər edir. Regionların sosial-iqtisadi inkişafı dövlət proqramlarının icrası ilə bağlı verilən tapşırıqların icrası yerində yoxlanılır. Səfərlər zamanı baş tutan açılışlar və təməlqoyma mərasimləri görülmüş işlərin həcmini göstərir. Eyni zamanda, bunlar onu sübut edir ki, ölkə hərtərəfli inkişaf edir.

            Ölkə Prezidenti Daşkəsən rayonunda Azərbaycan Televiziyasına müsahibəsi zamanı bu sahəyə geniş toxunan ölkə rəhbəri qeyd edib ki, istifadəyə verilən obyektlər regionların hərtərəfli inkişafına xidmət edir.Sağlam həyat tərzinə və idmanın inkişafına Azərbaycanda xüsusi diqqət yetirilir. Goranboy rayonunda istifadəyə verilən kompleksi nəzərə almaqla Azərbaycanda 48 idman kompleksi fəaliyyət göstərir. Rayonlarımızın əksəriyyətində ən müasir idman qurğuları var.

Bu gün Naftalan şəhəri respublikanın turizm mərkəzlərindən birinə çevrilməlidir.

Bölgədə kənd təsərrüfatının inkişafı üçün böyük işlər görülüb. Şəmkir su kanalı çəkilibdir, uzunluğu təqribən 30 kilometrə yaxındır. Bu kanal artıq 30 min hektardan çox torpağa suyun verilməsini yaxşılaşdırır və bunun kənd təsərrüfatının inkişafına böyük köməyi olubdur.

Xüsusi olaraq o da vurğulanıb ki, regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı icra edilir. Naftalan şəhərində, Goranboy, Daşkəsən rayonlarında digər layihələr də icra edilib. Yollar, içməli su xətləri çəkilib, xəstəxanalar, sosial obyektlər tikilib, iş yerləri yaradılıb, yəni, bu bölgə sürətlə inkişaf edir və işlər plan üzrə gedir. İkinci Qarabağ müharibəsindən sonra bizim əsas diqqətimiz azad edilmiş torpaqlaradır. Ancaq bizim ənənəvi işlərimiz, regionlarla bağlı olan proqramlar da yaddan çıxmamalıdır.

Altı ayın yekunları onu göstərir ki, artıq Azərbaycan iqtisadiyyatı tənəzzüldən çıxıb. Biz may ayının yekunlarına görə bir balaca iqtisadi inkişafa nail ola bildik. Ölkə iqtisadiyyatı 2 faiz artıb. Bu, yaxşı göstəricidir. Xüsusilə dünyada gedən proseslərə nəzər saldıqda görürük ki, dünya ölkələrinin böyük əksəriyyəti hələ ki, iqtisadi tənəzzüldədir. Bizim iqtisadiyyatımız isə artır və əminəm ki, ilin sonuna qədər daha da artacaq.

Qeyri-neft sektorunun davamlı inkişaf etdiyini diqqətə çatdıran dövlət başçısıDaşkəsəndə yeni qızıl yatağının istifadəyə verilməsini önəmli hadisə hesab edib.

Prezident İlham Əliyev təəssüflə bildirib ki,  uzun illər xarici şirkətlər qanunsuz olaraq Azərbaycanın qızıl və digər mədənlərini istismar ediblər. Bu, cinayətdir və bu şirkətlərin iki yolu var: ya bizə təzminat ödəyəcəklər, bizim şərtlərimizi qəbul edəcəklər, ya da ki, onların başqa alternativi hüquqi müstəvidə bu məsələnin həll olunmasıdır. Azərbaycanın həm Zəngilan, həm də Kəlbəcər rayonlarında xarici şirkətlər tərəfindən qanunsuz istismar edilən qızıl yataqlarının bütün təhlili aparılıbdır. Beynəlxalq məsləhətçilər dəvət olunubdur. Azərbaycan dövlətinə vurulmuş ziyan ödənilməlidir.

Müsahibə zamanı göstərilib ki, ölkəmizdə lazım olmayan layihələrə investisiya qoyulmayacaq.

Azərbaycanda valyuta ehtiyatları xarici dövlət borcundan təxminən 6 dəfə çoxdur. Bu, dünyada çox nadir halda rast gəlinən məsələdir. Çünki ölkələrin mütləq əksəriyyətinin dövlət borcu valyuta ehtiyatlarından qat-qat böyük rəqəmlərlə ölçülür. Bu, onu göstərir ki, istədiyimiz halda biz xarici dövlət borcumuzu sıfırlaya bilərik.

Prezidentin qənaətinə görə, respublikanın ixracının 15 faiz çoxalması yaxşı haldır.Eyni zamanda qeyri-neft ixracı 27 faizdən çox artıb. Bu, bizim planlarımızın real nəticəsidir. Çünki təkcə neft-qaz hesabına deyil, qeyri-neft sektoru hesabına valyuta qazanmalıyıq.

İlk 6 ayda xarici ticarətin müsbət saldosu 3,4 milyard dollardır. Belə davam edərsə, ilin sonuna qədər müsbət saldo təqribən 6-7 milyard dollar olacaq. Dünya ölkələrinin əksəriyyətində saldo mənfidir, yəni, daha çox idxal edir, nəinki ixrac edir.

Müsahibədə bildirilib ki, Ermənistan indi xarici borc içində boğulur. Onun xarici borcu ümumi daxili məhsulun, təqribən, 70 faizinə qalxıbdır.

            İşğaldan azad olunmuş ərazilərin dirçəldilməsi başlıca vəzifə olduğunu vurğulayan cənab Prezident qeyd edib ki, azad edilmiş ərazilərdə ilin sonunadək bütün elektrik təsərrüfatı qurulacaq.

            Göstərildiyi kimi, enerji sahəsindən başqa, ikinci vacib sahə yol infrastrukturudur. Yollarla bağlı 8 ay ərzində böyük işlər görülüb. Bərdə-Ağdam avtomobil yolu tikilir, Zəfər yoluna, demək olar ki, sentyabr ayında asfalt döşənməsi də başa çatacaq. Zəfər yolu olmayıb heç vaxt. Dərədən, dağlardan, meşələrdən keçən o yol gərək açılaydı, torpaq yol çəkiləydi, ondan sonra asfalt yol. Cəmi 8-9 ayda biz bunu edirik. Paralel olaraq, Füzuli-Şuşa magistral yolu, Horadiz-Ağbənd yolu çəkilir, 4-6 zolaqlı yoldur. Zəngilan-Qubadlı-Laçın yolu çəkilir. Bu da çox önəmli yoldur. Füzulu-Hadrut, Füzuli-Cəbrayıl yolları – bütün yollar üzrə qızğın iş gedir. Kəlbəcərə rahat çatmaq üçün Göygöldən Ömər aşırımı üzrə yol çəkilir. Bu yol heç vaxt olmayıb, cığır olub. Qış aylarında heç vaxt ondan istifadə olunmayıb. Biz indi yol çəkirik, tunellər çəkirik ki, ilin bütün mövsümlərində o yoldan istifadə edə bilək. Eyni zamanda, biz Göygölü də turizm mərkəzi kimi Kəlbəcərin gələcək mənzərəli turist mərkəzləri ilə bağlamış oluruq. Digər yollar, Kəlbəcər, Laçın rayonlarında hərbi əhəmiyyətli yollar çəkilir. Bu yolların ümumi uzunluğu 700 kilometrə qədərdir. Çünki orada yol olmayıb, sərhədə gedən istiqamətdə yol olmayıb. Orada qar may ayında əriyib. İndi qış gələnə qədər – qış da oktyabr ayında gələcək, – oktyabr ayına qədər biz orada nə qədər yol çəkməliyik və bunu edirik. Bu, böyükmiqyaslı işdir, mətbuatda çox da işıqlandırılmır. Təbiidir, amma strateji nöqteyi-nəzərdən və sərhəddə öz mövqelərimizi möhkəmləndirmək nöqteyi-nəzərindən bu yolların çox böyük əhəmiyyəti var.

Dövlət başçısı öz müsahibəsində Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin ölkəmizə səfərini siyasi əlaqələrin inkişafına xidmət göstərən bir səfər kimi dəyərləndirib.

Artıq Avropa İttifaqına üzv olan 9 ölkə ilə strateji tərəfdaşlıq haqqında sənədlər qəbul edilib və imzalanıb.

            İlham Əliyev uzaqgörənliklə vurğulayıb ki, 44 günlük Vətən müharibəsində Azərbaycanın Zəfəri Ermənistanın ideoloji süquta uğrayıb.

Ermənilər İkinci Qarabağ müharibəsini unutmamalıdırlar. Şarl Mişel İrəvanda olarkən sərhəd ərazilərini mübahisəli ərazilər adlandırdı. Bu ifadə ilə razılaşmaq olmaz. Biz hesab edirik ki, bu, bizim ərazilərdir. Zəngəzur bizim dədə-baba torpağımızdır və biz öz ərazimizdəyik. Zəngəzur dəhlizi mütləq açılmalıdır. Ermənistan bunu nə qədər tez dərk etsə, onlar üçün o qədər də yaxşıdır.

Dövlət başçısı bunu da əlavə edib ki, Dağlıq Qarabağ Muxtar Vilayəti 1923-cü il iyulun 7-də süni qurum kimi yaradılmışdı. O vaxt sovet hökumətində təmsil olunan ermənilər demək olar ki, bu qanunsuz və heç bir əsası olmayan qərarı qəbul etdilər və əlbəttə, Sovet Azərbaycanı o vaxt məcbur olub bununla razılaşıb, barışıb. Amma bu, tamamilə əsassız və süni şəkildə yaradılmış bir qurum idi. Azərbaycan parlamenti müstəqillik bərpa olunandan bir ay sonra – 1991-ci ilin noyabrında Dağlıq Qarabağ Muxtar Vilayətini qanuni şəkildə ləğv edib.

Əslində Dağlıq Qarabağ Muxtar vilayəti süni şəkildə Azərbaycanın içində daim bir münaqişə ocağı yaratmaq üçün sovet hökuməti tərəfindən ortalığa atılmış təxribat idi.

Artıq müharibədən cəmi 8 ay keçib, amma nə qədər böyük işlər görülür. Ancaq daha çox iş görə bilərdik. Biz, əlbəttə, ilk növbədə, mina təmizləmə işləri ilə məşğul olmalıydıq və məşğul oluruq. Bu, həm çox vaxt, həm də böyük vəsait aparır. Əfsuslar olsun ki, müharibədən sonra 150-yə yaxın Azərbaycan vətəndaşı minalara düşərək ya həlak olub, ya da öz sağlamlığını itirib.

            Mina xəritələrinin Azərbaycana verilməməsi və bunun hansısa şərtlərlə verilməsi Ermənistan tərəfindən göstərilən növbəti əxlaqsızlıqdır, mənəviyyatsızlıqdır, vicdansızlıqdır, normal insani davranışa zidd olan yanaşmadır. Bu, bir daha Ermənistan rəhbərliyinin bizə qarşı olan nifrətinin, düşmənçiliyin təzahürüdür. Çünki mina xəritələrini verməməsinin heç bir əsası yoxdur.

Avropa İttifaqı tərəfindən Ermənistana 2,6 milyard avro, Gürcüstana 2,3 milyard avro vəsait ayrıldığı halda, Azərbaycana heç bir vəsait ayrılmaması növbəti beynəlxalq ədalətsizliyin təzahürüdür. Halbuki, Azərbaycan Cənubi Qafqazın ən böyük ölkəsidir həm ərazisi, həm əhalisi, həm də potensialı baxımından. Bu günə qədər Cənubi Qafqaz ölkələrinə belə böyük məbləğdə vəsait verilmirdi. Yəni bu, onu göstərir ki, bu vəsait məhz müharibədən sonra verilir. Yəni, bu vəsaitin verilməsinin səbəbi müharibədir. Əks təqdirdə, 30 il bundan əvvəl verəydilər. Müharibədən ən çox əziyyət çəkən ölkə Azərbaycandır. Azərbaycana bu vəsait verilməlidir. 10 min kvadratkilometr ərazi tamamilə dağıdılıb, erməni vandalları tərəfindən məhv edilib. 100 minlərlə mina döşənilib və bütün binalar, tarixi binalar, bütün infrastruktur məhv edilib. Amma pulu verirlər Ermənistana, harada ki, nə dağıntı var, nə də mina döşənilib.

Azərbaycan Prezidenti müsahibənin sonunda bildirib ki, bizim sözümüzlə əməlimiz arasında heç bir fərq yoxdur. Qoşulmama Hərəkatının Bakı Zirvə görüşündə rəsmən Azərbaycan sədrliyi öz üzərinə götürmüşdü. Biz üzv ölkələrin maraqlarını, beynəlxalq hüququ və ədaləti müdafiə edəcəyik və bunu edirik. Bunun ən gözəl nümunəsi İkinci Qarabağ müharibəsidir. Biz təkbaşına, bütün təzyiqlərə və təhdidlərə baxmayaraq, beynəlxalq hüququ və ədaləti bərpa etdik. Qoşulmama Hərəkatının 60 illik tarixi var və bu müddət ərzində müxtəlif sədrlər olubdur. Bəziləri buna laqeyd yanaşıblar. Sadəcə olaraq, necə deyərlər, bir status kimi formal yanaşırdılar. Bizim yanaşmamız isə çox dəqiqdir, məsuliyyətlidir və məqsədə hesablanmışdır. Biz üzv ölkələrin maraqlarını beynəlxalq tribunalarda müdafiə edirik, onlar da bizi müdafiə edirlər.

Azərbaycanın təşəbbüsü ilə COVID-lə bağlı Zirvə görüşü keçirildi. Biz 30-dan çox ölkəyə humanitar və maddi yardım göstərdik. Onların böyük hissəsi Qoşulmama Hərəkatına üzv ölkələrdir. Bizim təşəbbüsümüzlə COVID-lə bağlı BMT Baş Assambleyasının Xüsusi sessiyası keçirildi. BMT çərçivəsində digər addımlar atıldı. Biz vaksin millətçiliyinə qarşı öz səsimizi ucaltmışıq. Zəngin ölkələr vaksinlərin 82 faizini özünə götürüb, əl qoyub, amma kasıb ölkələrin cəmi 0,3 faiz vaksinə əli çatır. Müstəmləkəçiliyin elə bil ki, növbəti təzahürüdür. Vaksin millətçiliyinə qarşı biz fəal mübarizə aparırıq.

Rusiya və Azərbaycan strateji tərəfdaşlardır və bu, sadəcə olaraq, söz deyil. Real həyatda da biz strateji tərəfdaşıq, çünki uzunmüddətli strateji əməkdaşlıq perspektivləri ilə bağlı fikir ayrılığı yoxdur. Bizim aramızda çox möhkəm dostluq əlaqələri var. Bu, çox önəmlidir.

Bütün tərəf müqabillərimiz çox yaxşı bilirlər ki, Azərbaycanın güclü daxili potensialı var.Azərbaycandüzgün siyasət aparır. Azərbaycanda milli həmrəylik var, xalq-iqtidar birliyi var və biz ləyaqətli ölkə kimi bütün tərəfdaşlarla bərabərhüquqlu, dostluq və əməkdaşlıq əsasında münasibətlər qura bilmişik.

            Bütün sahələrdə olduğu kimi postmüharibə dövrü ilə bağlı da konseptual yanaşmamız var. Dövlət siyasətində qısamüddətli, ortamüddətli, uzunmüddətli hədəflər müəyyən olunub.

ARAN-ı sosial şəbəkələrdə izləyin:

Şərhlər

Social Media Auto Publish Powered By : XYZScripts.com