Əsmə, ey külək , yağışın yağdırma, ey bulud, işıq keçəcək !

Bir müddət öncə sosial şəbəkə səhifəmizdə rayonumuzda elektrik enerjisinin verilməsi ilə bağlı sorğu keçirdik və bu kimi rəylər gəlməyə başladı:

“Şəhər bir xəttində işıq demək olar ki, gün ərzində söndürülür. Soruşanda qəza var deyirlər. Nə qədər bu söz təkrarlanar ?” (Rza Quliyev)

*       *       *

“Hava yaxşı olanda işıq keçir ki, təmir olunur. Hava pis olanda da işıq keçir ki, qəza baş verib.” (Anar Alıyev)

*       *       *

“Çooox pis. Mən Azərişığın qaynar xəttinə saysız zəng etmişəm bununla bağlı. İşıq sönən kimi yığıram mütəmadi olaraq. İşıq yarım saatdan bir sönürsə, mən də yarım saatdan bir yığıram. Prinsipdir. Cavab verən operatorlara rayondakı bərbad vəziyyətlə bağlı yuxarı instansiyalara məlumat vermələirini xahiş edirəm. Bir çox dostlara da demişəm, onlar da edir. Etməliyik ki, nəsə bir irəliləyiş ola bəlkə. Yel əsən kimi, yağış yağan kimi sönür. Geniş bir reportaj hazırlasanız yaxşı olar.” (Aydın Məhərrəmov)

*       *       *

“Çoox pis. Bir azacıq kulək əsdi, yağış yağdı, işıqlar sönur.” (Bahar Hüseynova)

*       *       *

Düzünü desək, məqsədimiz dəqiqəbir işıqların sönüb yandığı, qəzet üçün yığdığımız materialların dəfələrlə bu səbəbdən komputerdən silindiyi vaxtda ürəyimizdən xəbər verən rəyləri qəzetdə işıqlandırmaq, problemi qabartmaq idi. Amma sonra “bəlkə doğrudan da, iş görülür, nəticəsi olacaq” deyə düşünüb bu fikirdən vaz keçdik. Lakin, problem bitmək bilmədi ki, bilmədi. Son günlər qəzetin “Facebook” səhifəsində ismarıc qutusuna göndərilən məktublar bizi bu dəfə məsələyə ciddi yanaşmağa vadar etdi. Qızmar yay aylarında insanların əsəbləri ilə oynamaq, dəqiqəbir işıqları söndürmək, qaynar xəttə zəng vurulan kimi işığın verilməsini bərpa edib sonra yenidən bu “oyuna” davam etmək vallah biabırçılıqdır. Sıradan çıxan elektrik avadanlıqlarındanmı danışaq? İsti havada kondisionerin hesabına birtəhər başını saxlayan, işıq keçdikcə əhvalı dəyişən xəstə insanların şikayətlərindənmi söz açaq? İşıq olmaması səbəbindən idarədəki işlərini həll edə bilməyən, əhəmiyyətli sənədləri vaxtında lazımi yerlərə çatdımadığı üçün üzünə söz gələn, onlayn tədbirlər zamanı bütün işləri alt-üst olan insanların keçirdiyi gərginliyimi izah edək? Tükənmir axı bu giley-güzarlar… Deyirlər, bütün xəstəliklərin kökündə əsəb, sinir dayanır. Bir insan nə qədər uzun müddət gərgin, əsəbi, təşvişli dönəm keçirirsə, onun ürək, qan-damar, beyin və təzyiq xəstəlikləri bir o qədər erkən başlayıb xronikləşir. Alimlər sübut edib ki, hətta ürəyi sağlam olan insanlar da güclü stress keçirdikdən sonrakı 6 ayda ciddi ürək xəstəlikləri tutub. Stress zamanı yuxu pozulur, bu da beynin yüklənməsinə, damarların sıxılmasına səbəb olur.Yuxusu pis olan insan pessimist, yorğun olur, iş qabiliyyəti aşağı düşür… Deyəsən çox uzaq getdim. Burada həkimlik etmək niyyətim yoxdur ey… Sadəcə demək istəyirəm ki, qadooo alım, ay Azərişıq ASC-nin Ağcabədi Elektrik Şəbəkəsi, məqsədin bizi xəstə salıb yarımcan etməkdirmi? İnsaf et,qıyma canımıza. Onsuz da 1 ildən artıqdır ki, ölümcül pandemiya ilə mübarizə aparırıq, canımızla əlləşirik. Bir tərəfdən də sən qırma də bizi…

Ürəyim doludur vallahi… Davam etmək istəyirəm. Amma baxıram ki, digər əməkdaşlarımız da söz demək, səslərini lazımi yerə çatdırmaq haqlarından istifadə etmək istəyirlər. Neynək, sözü verək onlara,görək nə deyirlər…

ARAN-ı sosial şəbəkələrdə izləyin:

Şərhlər

Social Media Auto Publish Powered By : XYZScripts.com