İşığa nur deyirik. İşıq həyat rəmzidir. İşıqsız həyat yoxdur. Tanrı bizə göz verib ki, bu işıqlı həyata geniş gözlə baxaq. Amma nədənsə, elə bizim kimi Tanrı övladları olan vətəndaşlar bu işıqla tez-tez sınanırıq. Yəni Azərişıq ASC-nin Ağcabədi Elektrik Şəbəkəsinin rəhbəri tez-tez işığımızı çəkir, bizi nurdan, işıqdan məhrum edirlər. Niyə? Səbəbini bilən yox. Biz görmüşük ki, işıq bərk külək əsəndə, tufanlı havada kəsilər. Yəni təhlükəsizlik qaydalarına riayət olunmalıdır. Amma bizim Ağcabədi Elektrik Şəbəkəsi nə ilə məşğul olur bilən yoxdur. Uzağa getməyək, lap bu yaxınlarda futbol üzrə Avropa çempionatının bir neçə oyunu beynəlxalq aləmdə artıq böyük nüfuz qazanan, söz sahibi olan ölkəmizdə keçirilirdi. Gözəl, baxımlı idman növü olan futboldan, ona baxmaqdan biz azarkeşlər, idman həvəskarları zövq ala bilmədik. Küləksiz, tufansız hava şəraitində rayonumuzda işıqlar tez-tez keçir, əməlli-başlı göz vururdu. Niyə? Bax bu suala cavabı sözügedən müəssisənin məsul işçiləri versə bizcə daha məntiqli olardı.
Böyük təsərrüfat rayonu olan rayonumuzun Yuxarı Qiyaməddinli kəndində təsərrüfat işlərinin qızğın çağı, yəni iyul ayında, lap bu yaxınlarda bir gün səhər saat 9-da kəsilən, keçən işıq düz 12 saatdan sonra, axşam saat 21-də bu kəndə təşrif buyurdu. Yenə həmin kənddə başqa gün səhər saat 9-da kənddən “qaçan” işıq günortadan sonra saat 16-da insafa gəlib geri qayıtdı. Pambığın, yoncanın suya kəskin şəkildə ehtiyacı olduğu vaxt, adamların minbir əzab-əziyyətlə başa gətirdiyi məhsulun susuz qalmasına şərait yaradanlar özləri evlərində bir gün işıqsız qalsalar görəsən nə edərdilər? Soyuducuda ərzaq məhsulları xarab olur, kənddə işığın olmamasına görə artezianın işləməməsi səbəbindən susuz qalıb mələşən heyvanların səsini rayon işıq idarəsinin məsulları eşitmirmi?
Bir də görürsən axşamçağı hər şeyin normal olduğu vaxt şəhərimizdə işıq gözəgörünməz oldu, yoxa çıxdı. İşıqçıların nə vecinə ki, evlərdə, dükanlardakı soyuducularda olan məhsullar xarab, zay olacaqdır. İşıqdır də, dil bilmir, söz başa düşmür. Kefi belə istəyib, ünvanı səhv salıb. Nə bilim, bəlkə mən səhv fikirləşirəm. Əgər belədirsə, qoy buna doğru cavabı Azərişıq ASC-nin Ağcabədi Elektrik Şəbəkəsindən versinlər. Və vaxtları olsa, şəhərimizdə işıq keçən zaman dükanlarda və bu kimi müəssisələrdə dərhal işə salınan generatorların səsinə qulaq assınlar. Öz aramızdır, həm də hamının generator işlətməyə imkanı yoxdur axı.
* * *
… Salmanbəyli kəndi rayonumuzun ən abad kəndlərindən biridir. İki il bundan əvvəl kənddə ən müasir tipli 432 şagird yerlik məktəb tikilib istifadəyə verildi. Kənddə Vətən müharibəsində şəhid olan həmkəndlilərin xatirəsini əbədiləşdirmək üçün çox gözəl, yaraşıqlı park salındı. Bu yaxınlarda kəndə çəkilən rahat asfalt yol camaatın daha bir problemini aradan qaldıraraq, qayğılarını daha da azaltdı. Bu kəndin adamları rahat, dünyagörüşlü, əməksevərdirlər. Amma… amması odur ki, kənddə işıq tez-tez “göz vurur”, yəni keçir. Nəticədə əhalinin rahatlığı pozulur. Bir az külək, ya da meh əsəndə kənddə dərhal işıq sönür. Buradakı işıq paylayan elektrik dirəkləri yararsız, qəzalı vəziyətdədir desək, çox yumşaq olardı. Bu dirəkləri yağı görsə yazığı gələrdi. Amma nədənsə Ağcabədi Elektrik Şəbəkəsinin bu dirəklərə yazığı gəlmir. Yazıq dirəklər adamlardan utandıqlarından sapsarı olub və ağacların altında gizlənirlər ki, görən olmasın. Bu dirəklər rayon Ağcabədi Elektrik Şəbəkəsinin rəhbərliyi və kəndə baxan elektrik nəzarətçisinin yerinə utanıb, əzab çəkirlər. Yaxşı olardı ki, indi kənddə çəkilən müasir, rahat yolla işıqla məşğul olan müvafiq idarənin rəhbərliyi kəndə təşrif buyura. Və cəmi 10 dəqiqədən sonra onlar kənddə ola bilərlər. Kənddəki başıbəlalı elektrik dirəkləri də onları “salamlayar”, dərdlərini də deyərlər. Yəqin ki, bundan sonra dirəklər dəyişdirilər, kənd əhalisi də rahat nəfəs alar.
Və bir də bizləri yaradanTanrının övladları işığı kəşf ediblər ki, həyatımız işıqlı olsun, üzümüz gülsün… Azərişıq ASC-nin Ağcabədi Elektrik Şəbəkəsinin rəisi İbrahim Məmmədov ilə görüşüb, söhbət etdik. Bizə bildirildi ki, yaxın vaxtlarda mövcud olan nöqsanlar aradan qaldırılacaq. Təki belə olsun…
Adil MİSİRLİ