Köhnə problemin təzə əmması

Son illər dövlət diqqət, qayğısı sayəsində rayonumuzun sosial-iqtisadi həyatında ciddi dəyişikliklər baş verib, yeniliklər həyata keçrilib. Ötən illər bölgədə geniş abadlıq-quruculuq tədbirləri, iqtisadiyyatın dirçəldilməsi, xüsusilə rayon əhalisinin rifahının yaxşılaşması, dolanışığının, yaşayış şəraitinin yüksəldilməsi ilə yadda qalıb.

Rayonda sakinlərin içməli suya, təbii qaz yanacağına olan ehtiyacının ödənilməsi istiqamətində də mühüm addımlar atılıb. Şəhər mərkəzində yeni kanalizasiya xətlərinin istifadəyə verilməsi də diqqəti çəkib. Təəssüf ki, bu sözləri bölgə ərazisinin elektirik enerjisi ilə təchizatına, işıqlandırma işlərinin təşkilinə aid etmək mümkün deyil. Doğrudur, şəhərin bir neçə prospekt və küçələrində işıq dirəkləri yeniləri ilə əvəz olunub, işıqlandırmada müəyyən işlər görülüb.

Ancaq bütün bunlar ekzotik xarakter daşıyıb, desək yanılmarıq. Rayonun mərkəzində, qəsəbə və kəndlərinin ərazilərində işıq dirəkləri əsaslı dəyişdirilməyib, elektirik xətləri yeniləri ilə əvəzlənməyib. Şəhərdə eləcə də bölgənin digər inzibati ərazi vahidlərində elektirik enerjisi hələ də köhnə yararsız xətlər vasitəsilə nəql olunur. Bir çox yerlərdə elektirik dirəkləri qəzalı vəziyyətdədir. Onların hər an aşması təhlükəsi ciddi narahatlıq doğurur. Nədənsə, şəhər ərazisində elektirik dirəklərinin, xətlərinin xeyli hissəsi XX yüzilliyin 60-70-ci illərində çəkilməsinə baxmayaraq, yeni sistemlə bərpa olunmasına lazımi fikir verilməyib. Heydər Əliyev prospektində, digər küçələrdə bu günə qədər ötən əsrin 50-60-cı illərinə aid köhnə, yararsız ağac dirəklərinin qalması isə yalnız təəssüf doğurur. Həmin dirəklərin bir çoxu əvvəllər telefon xətləri üçün istifadə olunub. İndi isə onların üzərindən saysız-hesabsız elektirik xətləri aparılır. Bütün bunlar ciddi təhlükə mənbəyi olmaqla yanaşı, şəhərin ümumi görkəminə də xələl gətirir.

Əlbəttə, göstərilən faktlar rayonda işıqların tez-tez sönməsinə, elektirik enerjisi təminatında fasilələr yaranmasına səbəb olur. Görəsən, rayon sakinləri azacıq bir külək əsməsi, yağış yağması ilə tez-tez üzləşdikləri köhnə “işıqsız qalmaq” bəlasından nə vaxt xilas olacaqlar?

Yəqin ki, Ağcabədi rayon Elektirik Şəbəkəsi və digər əlaqədar təşkilatlar tərəfindən əhalini narahat edən bu problemə, nəhayət ki, birdəfəlik son qoyulacaq.

Yəhya PAŞAZADƏ

ARAN-ı sosial şəbəkələrdə izləyin:

Şərhlər