Bunu bütün dünya gördü. Nə qədər müasir standartlara cavab verən silahlarımız olsa da, onları hərəkətə gətirən, nişan alan qəhrəman oğullarımız oldu. 44 günlük Vətən müharibəsində Milli Ordumuz çox özünü öyən ölkələrə yaxşı dərs verdi, çoxlarına örnək oldu. Çoxları da bizim ordumuzun taktikasından öyrənməyə çalışdılar. Əslində, biz hamımız Vətənimizi çox sevirik. Bu sevgini analarımız beşik başında bizlərə çaldığı laylaları ilə ruhumuza, canımıza, qanımıza hopurdub:
Lay-lay çalım yatasan,
Şirin yuxu tapasan
Şirin yuxu içində
Gül-çiçəyə batasan…
Bu sözlər, misralar cənnətə işarə deyilmi? Bu misralarda, Vətəni sevmək, lazım gəlsə, canından keçib şəhidlik zirvəsinə ucalmaq lazımdır, deyilir. O zirvədə şirin yuxular, gül-çiçəklər bizə vəd olunur. Bu müqəddəs kitabımız Qurani-Kərimdə də cənnət gül-çiçəkli bir aləm kimi göstərilir…
Haqqında sizə danışacağım qəhrəmanımız Vəliyev Rəşad Vahid oğludur. O, 27 noyabr 1998-ci ildə Aran kəndində dünyaya göz açmışdır. Rəşad 2009-cu ildə “N” saylı hərbi hissədə mexanik-sürücü kimi işə başlayıb. Aprel döyüşlərində iştirak edib.
O, II Qarabağ müharibəsində “Artıq qisas vaxtı çatdı”, – deyib, tankına əyləşərək, döyüşə yollanıb. Cəsarətlə döyüşüb. 19 oktyabr 2020-ci ildə onun tankı ermənilər tərəfindən vurulub. Tankda dörd nəfər olublar. Hamısı yaralanıb. Rəşad yaralanmasına baxmayaraq, yoldaşlarından biri ilə tankdan çıxa bilib. O biri yoldaşlarına kömək etmək istəsələr də tank alışıb. İki hərbiçimiz şəhid olub. Aldığı yaralardan huşunu itirən Rəşad gözlərini açanda özünü Hospitalda görür. Yoldaşlarının şəhid olduğunu biləndə çox pis olur. Onları heç vaxt unuda bilmir. Onun vəziyyətin soruşanda deyir: “Mənim qəlpə yaram sağalacaq, şəhidlərimizin ürəyimizə yaranı heç bir həkim sağalda bilməyəcək”.
Rəşadın bədənindəki qəlpələrin bir neçəsi çıxarılsa da, bəziləri hələ də qalır.
İgid vətən oğlu “Füzulinin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Cəsur döyüşçü” medalları ilə təltif olunub. Hal-hazırda hospitalda müalicə alan qəhrəmanımıza Allahdan şəfa diləyirik.
Xəzangül QƏDİMLİ