Dolayı gəl, dolayı

Xeyli vaxtdır ki, Rayon İcra Hakimiyyətinin nəzdində Müraciətlərə Operativ Baxılma Mərkəzi (MOB) fəaliyyət göstərir. Burada rayon sakinlərinin müraciətlərinə vaxtında və operativ baxılaraq, lazımı tədbirlər görülür. Bütün bunlar vətəndaşlar tərəfindən razılıqla qarşılanır. Ancaq bu o demək deyildir ki, hər səhər sən kənddə bir stəkan çay içib, qaçmalısan rayon mərkəzinə, icra hakimiyyətinə. Nə var, nə var balaca bir problemlə üzləşmişəm, təcili onu həll edin, bəziləri hətta olmayan bir şeyi problem kimi qələmə verir və tələbinin yerinə yetirilməsini istəyir. Elə götürək Rəncbərlər kənd sakini Həsənov Seyidəli Həsən oğlunu. Bu yaxınlarda rayon icra hakimiyyətinə gəlib Seyid olduğunu, xeyirxah işlər gördüyünü vurğulayıb. deyib ki, Rəncbərlər kənd qəbristanlığında moizələr oxuyuram.

Qəbristanlıqdakı yaşıllığı suvardığını və yaxınlıqdan keçən su borusundan su sızdığını, su sızan yerin qaynaq olmağa ehtiyac olduğunu bildirən Seyid Seyidəli onu da qeyd edib ki, onun Rəncbərlər kəndindəki fərdi yaşayış evinə gedən alternativ yola qonşuları tərəfindən beton bloklar qoyulub, yolu kəsilib və Seyid  icra hakimiyyətindən kömək istəyir.

Məsələ ilə yaxından maraqlandıq. Sən demə, qara qızın əməlli-başlı dərdi varmış. SİB-in Rəncbərlər kənd icraçı direktoru Akif Quliyevlə əlaqə saxlayarkən məlum olub ki, kənd qəbristanlığına Ağcabədi rayon Suvarma Sistemləri İdarəsi tərəfindən 2 istiqamətdən bulaq çəkilmişdir ki, bu bulaqlar vasitəsi ilə qəbristanlığın yaşıl örtüyü və ağacları suvarılır. Vətəndaşın bildirdiyi, təmirə ehtiyacı olan su borusundan isə Seyid öz yonca sahəsinin suvarılması üçün istifadə edir ki, bu da sözsüz, pambıq əkib, becərən kənd sakinlərinin haqlı narazılığına səbəb olur. Vətəndaşın digər müraciəti ilə əlaqədar olaraq, Rəncbərlər kənd bələdiyyəsi ilə əlaqə saxladıq. Aydın oldu ki, Seyidəli Həsənovun fərdi yaşayış evinə nə az, nə çox, düz 3 istiqamətdən giriş yolu var. Və onun göstərdiyi yol isə kənd bulağına gedən yoldur. Bu yoldan yalnız qadınlar bulağa gedib gəlmək üçün istifadə edirlər. Seyid Seyidəli də istəyir ki, onun fərdi yaşayış evinə məhz bu bulaq yolundan daha bir yol çəkilsin. Axı, onun evinə gedən giriş yolunun sayı üçdür. Nə bilim, o kişi, bəlkə, də musiqi, xalq mahnılarının həvəskarıdır. “Dolayı gəl, dolayı” mahnısını da yəqin çox sevir…

Adil MİSİRLİ

Şərhlər