Mövzuya Robindranat Taqorun “Yazıçı” hekayəsi ilə başlayacam. Doğrusu, danışacağım və məni düşündürən məsələ kəndlərdə küçələrin adlarının olmamasıdır. Mən isə nümunə olaraq, öz kəndimizi yazıram. Heç bilmirəm, Taqor bu küçəyə hardan gəlib girdi?!… Birdən elə bilərsiniz, hekayəni bizim kənddə, yaxud küçədə yazıb, yox, heç bir əlaqəsi yoxdur. Ancaq əlaqəsi olmasa da, sözdür, deyirəm… Gərək hər şeyin bir-biriylə əlaqəsi olsun ? Bir az dərinə getsək, iki mövzu arasındakı əlaqəsizliyin özü də onlar arasında əlaqədir. Nə isə…
O hekayəni təxminən bir il əvvəl oxumuşdum, sonra isə hekayə haqqında təhlilfason fikirlərimi qeyd etmişdim. Həmin o təhlilfason yazımda belə bir hissə var idi:
“Robindranat daha bir maraqlı və məntiqli məqama toxunub; otağının pəncərəsini döyüb, yazıçıdan yol soruşan adamlara da əsəbiləşirdi, yolu səhv göstərirdi. Onun yolu səhv göstərməsi təsadüf deyildi, çünki özü səhv yol gedən və hələ də bunu anlamayan insan başqalarına da doğru yol göstərə bilməzdi.”…
Bilmirəm, indi bu, taleyin ironiyasıdır, zarafatıdır, yoxsa nəyidir ki, biz də kiməsə doğru yol göstərə bilmirik. İndicə anlamışam bunu… Biz deyəndə, yəni təkcə özümü, ailəmi, qohumlarımı, qonşularımı nəzərdə tutmuram. Ümumiyyətlə, bütün kənd camaatını nəzərdə tuturam. Elə başa düşməyin ki, biz özümüzü çox ağıllı, müdrik adamlar hesab edirik və hamıya yol göstərməyə cəhd edirik. Əsla!
Axx, düşündükcə, ürəyim dayanır!
Lap tutaq ki, evin yanır, zəng edirsən yanğınsöndürənə, o da səndən ünvan soruşur, sən də qalırsan lövhədə dərsini bilməyən uşaq kimi gözlərini döyə-döyə. Nə deyəsən, haranı deyəsən ? Pahh! Gərək gedib hardasa qarşılayasan. Nə işə düşdük ? Ev yanır, bir iş, yanğınsöndürən gəlir, iki iş, onu qarşılamalısan, üç iş…
Ötən il qonşumun evi yandı, hamı qarışmışdı bir-birinə. Mən isə bir qıraqda durub, xəyala dalmışdım. Kimsə deyirsə ki, xəyallar gerçək deyil, yalan deyir. Xəyallar elə gerçək olanlar, ya da olacaq şeylərdir. İlahi, canıma necə qorxu düşdü… Qonşumun evi yanır: Yanğınsöndürənə zəng edirlər. Ünvan verirlər, rayon tərəfdən axırıncı, Bərdə tərəfdən birinci yol, S.-nın evinin yanından girin, bizim küçədir. Operator elə bilir, zarafat edirlər, ələ salırlar, telefonu söndürür. Yenidən zəng edirlər və başlayırlar yalvarmağa, ağlamağa. İt zülümüylə yanğınsöndürəni inandırırlar ki, həqiqətən, ev yanır. Deyirlər, gəlirik, bir yerə çıxıb, qarşılayın. Bu zaman qonşum məni görür və deyir, qaç asfalta yanğınsöndürəni gətir. Görün, yolda başıma nələr gəlir; bir kilometr yolu qaçıb çatıram rayon tərəfdən axırıncı, Bərdə tərəfdən birinci yolun girişinə, S.-nın evinin yanına. Yarım saat keçir. Qonşum zəng edir ki, onlar kəndin o biri tərəfindən giriblər, – rayon tərəfdən birinci, Bərdə tərəfdən axırıncı yoldan, yəni İ.-nin evinin yanından. Tez onları tap. Yayın istisində kəndin bu başından götürülürəm, ora-bura, o küçə-bu küçə, axırda kənd qəbirstanlığının yanında yanğınsöndürəni tapıram. Qəbirstanlıq da kənddən iki kilometr kənardadır. Canımdan su axır, boğazım elə quruyub, hava da keçmir. Təsəvvür edin, susuzluqdan yanğınsöndürənin evi söndürmək üçün gətirdiyi suyu bir nəfəsə içib qurtarıram. Sonra suyun pulunu ödəyirəm, sağollaşıb, ayrılırıq… Diksinib, xəlayımdan ayrılıram. Yenidən xəyal məni aparır:
Anam xəstədir. İndi səhər yeməyindən sonra halı birdən-birə pisləşdi. Bilmirəm, dünən dükandan aldığımız şirniyyatdan oldu, ya nədən, amma halı yaxşı deyil. Zəng edirəm təcili yardıma. Ünvan istəyir. Qonşumun yanğın söndürənlə olan hadisəsi mənim də başıma gəlir. Hələ yanğınsöndürən yaxşı idi, bu zalımlar qonşu kəndə giriblər. Anamı ağır vəziyyətdə tək qoyub, qaça-qaça gedirəm qonşu kəndə. Yolda bir dəfə də olsun, nəfəsimi dərmirəm. Qonşu kəndə çatıram, “min iki” əziyyətlə təcili yardımı tapıram və elə ordaca yerlə bir oluram. Ürəyim partlayır. Elə bilirlər, xəstə mənəm, təcili yardım maşınına qoyub aparırlar.
Sən demə, bu tərəfdən anam da son anlarını yaşayırmış və mənə deyəcək son sözləri varmış… Bismillah! Heç bilməzdim, bu qədər sadə məsələ məni bu ölüm-dirimə salar.
Kəndlərdə küçələrin adları yoxdur-yoxdur dəə, özünə nə zülüm verirsən, ay axmaq ?
Sən demə, varmış, ancaq xəbərimiz yox… Xəbərimiz niyə yoxdur ? Çünki küçələrin adları yazılıb, vurulmayıb. Bu günlərdə təsadüfən xəritə üzərindən kəndimizə baxanda, gördüm, bütün küçələrin gözəl-gözəl adları, hamısı tarixi şəxsiyyətlər, tarixi hadisələr: “28 may küçəsi”, Cəlil Məmmədquluzadə küçəsi”, “Məhəmməd Əmin Rəsulzadə küçəsi”, “Etibar İsmayılov küçəsi”, “Üzeyir Hacıbəyov küçəsi” və s. Ondan sonra lap əsəbiləşdim ki, nə üçün mənim, cəhənnəm yanğınsöndürən, təcili yardım, niyə rayondan sifariş etdiyim pizza birbaşa Ağcabədi rayonu Qaravəlli kəndi, Xan Şuşinski küçəsi, misal üçün, ev 11-ə gəlməsin ? İsti-isti. Təzə-təzə..
Ad qoyulub, amma adı sənədləşdirilməyən, heç yerdə qeyd edilməyən bir adamın halı nə qədər gülüncdürsə, bizim də küçələrimizin halı o qədər gülüncdür?
Ümid edirəm, tezliklə küçələrimiz bu pərt vəziyyətdən xilas olar, beləcə, biz də dəqiq ünvanımızda olarıq, yol soruşanlara dəqiq yol göstərərik…
Cahandar AYBƏR