Böyüdükçə pambıqçılığa marağım da böyüdü

         Ağcabədi ölkənin iri pambıqçılıq rayonlarından biridir. Burada hələ XIX əsrin axırlarından kütləvi şəkildə pambıq əkilməyə başlanılıb. Buranın əlverişli iqlim şəraiti, bol günəş enerjisi strateji əhəmiyyət daşıyan pambıqçılıqla yaxından məşğul olmağa imkan verir. Artıq illərdən bəri Ağcabədi rayonunda pambıq əkib becərmək ənənəyə çevrilib. Buranın təsərrüfatçıları pambıqçılıqda böyük təcrübə qazanıblar. Buna görə də ənənəvi təsərrüfat sahəsi olan pambıqçılıqla burada müntəzəm məşğul olan təsərrüfatçılar çoxdur. Onlardan biri də Salmanbəyli kəndindən olan fermer təsərrüfatının rəhbəri Ehtiram Həsənovdur. Ehtiram xeyli vaxtdır ki, pambıqçılıqla məşğul olur. Hələ uşaqlıqdan təsərrüfata böyük həvəs göstərən E.Həsənov böyüdükcə bu həvəs onun qəlbində özündə dərin iz buraxdı. Əsl kənd adamı, torpağı ürəkdən sevən və ona qırılmaz tellərlə bağlanan Ehtiram torpağa böyük hörmət və qayğı ilə yanaşır. Onun nəyə qadir olduğunu yaxşı anlayır.

E.Həsənov ötən il 14 hektar sahədə pambıq becərərək, mövsümün sonunda 74 ton “ağ qızıl” əldə etmişdir ki, bu da hər hektardan 53 sentner təşkil edir. Bu nailiyyətdən ruhlanan E.Həsənov bu il də pambıq əkmişdir. Onunla elə pambıq sahəsində görüşüb, iş başında xeyli söhbət etdik. Ehtiram söhbət zamanı belə danışdı:

– Mən balaca olanda evimiz kəndin nisbətən kənarında yerləşirdi. Və həyətimizin yanında kolxoz hər il pambıq əkərdi. Dərsdənkənar vaxtlarda pambıq sahəsinə tez-tez baş çəkərdim. Pambığa edilən qulluğu, bu qiymətli bitkinin inkişaf dövrünü diqqət və maraqla izləyərdim. Kolxozçuların seyrəltmə etmələrinə, pambığı alaq otlarından təmizləmələrinə, eyni zamanda suvarma və kübrələrlə yemlənməsini böyük həvəslə müşahidə edərdim. Hətta o vaxtlar biz uşaqlar pambığın təyyarə ilə dərmanlanmasını da nəzərdən qaçırmırdıq… Böyüdükcə bu sahəyə marağım daha böyüdü. Artıq xeyli vaxtdır pambıqçılıqla müntəzəm məşğul oluram. Pambıqçılığa olan hədsiz həvəsim, həmişə yeni bir şey öyrənmək istəyim köməyimə gəlir. Pis nəticələr də göstərmirəm. Daim təsərrüfat sahəsində təcrübə ilə bərabər bilik səviyyəmi daha da genişləndirməyə çalışıram. Və hərdən bu strateji əhəmiyyət daşıyan qiymətli bitkinin niyə məhz “ağ qızıl” adlandırılması barəsində düşünürəm. Düzdür, bu fikri ilk dəfə kim söyləyib, dəqiq bilmirəm. Ama inanın ki, pambıq həqiqətən ona verilən dəyərə görə qızıla bərabərdir. Yəni gəlirli sahədir. Ailənin qolundan tutur, ehtiyacların ödənilməsində pambığın verdiyi gəlir böyük rol oynayır. Bu il də pambıq əkmişəm. 13 hektar əkin sahəsinin hər hektarından 55 sentner məhsul götürməyi qarşıma məqsəd qoymuşam. Sahəni bir neçə dəfə alaq otlarından təmizləmişəm. Suvarmanı vaxtında və fasiləsiz aparmışam. Pambığa lazım olan kimyəvi kübrələrlə təmin etmişəm. İnanıram ki, verdiyim vədə əməl edə biləcəyəm.

…Biz də buna inanırıq, Ehtiram! Ümid edirik ki, qulluq edib becərdiyin pambıq kolları üzünü ağardacaqdır. İstədiyin qədər “ağ qızıl” toplamağa müvəffəq olacaqsan.

Adil MİSİRLİ

Şərhlər