Düşmən mərmisinin dağıtdığı ev bərpa olundu

Vətən müharibəsi dövründə Ağcabədi şəhərinin mərkəzi də Ermənistan silahlı qüvvələrinin aramsız hücumları ilə üzləşib. Qəddar düşmən ön cəbhədə qəhrəman ordumuzla bacara bilmədiklərinə görə, heyfini dinc əhalidən çıxmağa çalışıb. Sözügedən şəhər sakini Elgiz İsmayıl oğlu İbrahimovun Heydər Əliyev prospektində yerləşən evi də düşmənin atdığı raket mərmisinin düşməsi nəticəsində tamamilə dağılıb, məişət əşyaları məhv olub.

Xoşbəxtlikdən həmin vaxt evdə olmadıqları üçün ailə üzvlərindən heç kim xəsarət almayıb.

Ölkə Prezidenti İlham Əliyevin tapşırığına əsasən son vaxtlar II Qarabağ müharibəsi zamanı Ermənistan ordusu tərəfindən cəbhəyanı bölgələrdə dağılmış və ziyan dəymiş evlərin bərpası və təmiri ilə əlaqədar mühüm addımlar atılıb. Rayonumuzda bu istiqamətdə işlər geniş vüsət alıb.

Dövlət dəstəyi ilə həyata keçirilmiş tədbirlər nəticəsində Elgiz İbrahimovun dağılmış evi bərpa olunub. Həmin evin həyətində yerləşən digər zərər dəymiş mənzilin də dam örtüyü dəyişdirilib. Ev sahibi dövlət tərəfindən müvafiq yardımlarla təmin edilib.

Evinin bərpa olunmasını böyük razılıqla qarşılayan Elgiz İbrahimov göstərilən bu yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə ailə üzvləri adından dərin təşəkkürünü və minnətdarlığını bildirib.

Yəhya PAŞAZADƏ

Şərhlər