28 iyul 2021-ci il tarixdə, saat 21:40 radələrində Hacıbədəlli kəndində naqilləri və işıq dirəyi yararsız halda olan, müasir standartlara cavab verməyən, 0203 markalı transformatorda qısa qapanma nəticəsində qəza baş vermişdir. Qəza nəticəsində bir çox evdə telefon adaptorları, elektrik avadanlıqları sıradan çıxmışdır. Bununla əlaqədar Ağcabədi Elektrik Şəbəkəsinin baş mühəndisi ilə telefon əlaqəsi saxladıq.O, laqeyd şəkildə dedi ki, “Nə böyük iş olub? İlk dəfə deyil ki, rayonda belə hadisə baş verir. Əgər bu barədə bizə yazılı surətdə müraciət etsəniz çarə qılarıq.”
Mən də Hacıbədəlli kənd sakinləri adından birbaşa “Aran” qəzeti vasitəsilə müraciət etmək qərarına gəldim. Çünki səhəri gün işıq verilişi bərpa olunsa da, təhlükəli vəziyyət hələ də qalmaqdadır. Həmin transformatorun fotosunu təqdim edərək, ayrı heç nə yazmıram. Xahiş edirəm, sakinləri narahat edən bu məsələni qəzetdə işıqlandırasınız ki, qəzanın daha pis şəkildə təkrarlanmamasına bir köməkliyiniz dəymiş olsun.
Mais İBRAHİMOV
Hacıbədəlli kənd sakini