Vətən mənə oğul desə nə dərdim,
Mamır olub qayasında bitərdim.
Bu sözlər təsadüfi deyilməmişdir. Ürəyində yurd sevgisi, vətən eşqi, torpaq məhəbbəti olanlar xalqın dar günündə sınandılar, torpaq üstdə yaşamağı bacardıqları kimi torpaq üstdə ölməyi də bacardılar.
Mən sizə ailəncanlı, vətən sevgili bir qəhrəmanımızdan danışacağam. Biz onunla fəxr edirik. O, M.F.Axundov adına Ağcabədi şəhər 3 saylı məktəb liseyin şagirdi olmuş Süleymanov Həsən İsmayıl oğludur. Yaxınlarının sevimlisi olan Həsənin ailəsində olarkən onun haqqında deyilən sözlər qəlbimizi qürur hissi ilə doldurdu.
Deyilənlərdən aydın oldu ki, şəhidimiz çoxdan bu arzuda idi ki, torpaqlarımızın azadlığı uğrunda vuruşanlardan biri olsun.
30 yaşı tamam olmamış bu vətənpərvər övladımız özünün ömrü qədər əsarətdə qalan Füzulidə, Zəngilanda, Cəbrayılda öz sözünü dedi. İgidlər yurdu olan Qubadlının azad olunmasında geriyə yol olmadığını qərarlaşdıraraq vətən fədaisinə çevrildi. Həsən oktyabr ayının 25-də qəhrəmancasına həlak oldu.
Ataların belə bir məşhur kəlamı var: “Ot kökü üstündə bitər”.
Bəli bu doğrudan da belədir. Mən bu ailədə olarkən özümü nağıllar aləmində hiss etdim. Həsənin atası Süleymanov İsmayıl Hüseyn oğlu və anası Süleymanova Sürəyya Süleyman qızı Həsənin xarakterindən, onda olan insani xüsusiyyətlərdən, vətənə olan tükənməz sevgidən, halal bir övlad olmasından söz açdılar. Onu da dedilər ki, Həsənin atasının babası Süleymanov Həsən İsmayıl oğlu 1941-1945-ci illərdə Böyük Vətən müharibəsində şəhid olmuşdur. Həsənin bacıları Elmira, Xatın, Könül və bibisi qızı Gülnar onu xatırlayarkən bildirdilər ki, Həsən cəbhəyə yollananda iflic xəstəsi olan Hüseyn babasını bizlərə tapşırdı. Hüseyn baba 80 ilə yaxındır ki, eyni adda, eyni soyadda olan bir insanın dərdini çəkirdi. İndi isə doğma Azərbaycanımızın ərazi bütövlüyü uğrunda canından keçən, hazırki zamanın qəhrəmanı olan Həsənin.
Şəhidimizin ibtidai sinif müəllimi Zəminə Namazova şagirdindən ürək dolusu danışdı.Onu da qeyd etdi ki, Həsən çox cəsarətli, yorulmaz və ağıllı bir şagird idi…
Şəhidimizin dostları Elvin, Ruslan, Araz, Nurlan, İlkin və Samiri dindirərkən onlar göz yaşına boğuldular. Hamının adından İsmayılov Elvin İdris oğlu danışaraq, dedi ki, gücümüz çatdığı qədər biz bu ailəyə övlad, yaşlı Hüseyn babaya nəvə olmağa çalışacağıq. Elvin dostunun ürəyi, təmiz qəlbi olduğunu da qeyd etdi və dedi ki, Həsən böyük ürək sahibi idi.
Dünya korifeylərindən olan böyük söz ustadı V.Hüqo demişdir: “Böyük ağıl qarşısında baş əyir, böyük ürək qarşısında isə diz çökürəm”.
Şəhidlik zirvəsinə yüksələn Həsən milli-mənəvi dəyərlərimizi özündə əxz edib qorumağı bacaran böyük bir ailənin tək oğul övladı idi. Onun həyat yoldaşı Qumru xanım övladları Hüseyn və Fatiməni atalarına layiq övlad kimi böyüdəcəyini qeyd etdi. O, bildirdi ki, Həsənə olan sevgimi və sədaqətimi onun valideynlərini ovundurmağa, övladlarını xalqımıza layiq övladlar kimi böyütməyə çalışacağam.
Həsən Qubadlı rayonunun azad olunması uğrunda gedən qızğın döyüşlər zamanı özünün toy günündə, yəni 25 oktyabrda şəhid oldu. Bununla da o sevgisini övladlarına və yaxınlarına olan məhəbbətini canı ilə birgə vətənə qurban verdi.
O azadlığı, ərazi bütövlüyümüzü hər şeydən üstün tutaraq şəhidlik zirvəsinə yüksəlməyi bacardı.
Macar şairi Şandor Petefi yazırdı:
Məhəbbət və azadlıq,
De nə var bundan artıq,
Məhəbbətçün hər zaman
Canımdan keçərəm mən.
Fəqət azadlıq üçün,
Keçərəm məhəbbətdən.
Sən bir azadlıq fədaisi kimi həmişə bizlərə zirvələrdən baxacaqsan, əziz şagirdimiz, qəhrəmanımız, müqəddəs şəhidlərimizdən olan Həsən balamız.
Zəhra İBRAHİMOVA