Mahir snayperçi

         44 gün ərzində qəhrəman Milli Ordumuz, igid oğullarımız 30 il işğal altında olan ulu Qarabağ torpaqlarını birdəfəlik azad etdi. Qanlı mübarizə meydanına atılan igidlərimiz canları və qanları bahasına düşmənə ağır zərbələr vurdu. Bütövlükdə Ermənistan silahlı qüvvələri sıradan çıxarıldı. Düşmən üzərində bu qələbənin qazanılmasında rayonumuzdan olan cəsur döyüşçülər də fəal iştirak etmişlər. Ağır çarpışmalarda onlar böyük hünər göstərmiş, Azərbaycanın döyüş tarixinə adlarını qızıl hərflərlə yazmışlar. Belə qəhrəmanlardan biri də həmyerlimiz, Azərbaycan Silahlı Qüvvələrinin giziri, mahir snayperçi Nəciməddin Mirzalıyevdir.

Mirzalıyev Nəciməddin Bulud oğlu 1990-cı il fevralın 28-də Ağcabədi rayonunun Salmanbəyli kəndində doğulub. O, 1998-2009-cu illərdə Əlfi Məmmədovun adını daşıyan tam orta məktəbdə təhsil alıb. O, 2009-2011-ci illərdə Bakı şəhərində yerləşən “N” saylı hərbi hissədə xidmət göstərmişdir. Nümunəvi xidmətlərinə görə kiçik çavuş rütbəsi almış və hərbi hissənin komandiri tərəfindən Fəxri fərmanla təltif olunmuşdur. Mülki həyata dönən Nəciməddin cəmiyyətdə baş verən prosesləri görərək, gələcək karyerası ilə bağlı seçimini hərb sahəsində etmişdir. Beləcə, 2012-ci ilin may ayında Azərbaycan Silahlı Qüvvələrin Təlim Tədris Mərkəzinin gizir hazırlıq kursuna qəbul olunub. Oktyabr ayında həmin kursu bitirmişdir. Sonra Qusarda yerləşən “N” saylı hərbi hissədə motoatıcı tağım komandirinin müavini vəzifəsini icra etməyə başlayır. Xidmət elədiyi hərbi hissənin komandanı, Müdafiə Nazirliyinin Baş Qərargahı tərəfindən dəfələrlə Fəxri fərmanlar, diplomlar və qiymətli hədiyyələrlə təltif olunub. 2014- cü ildə 2 ay ərzində keçirilən snayper üzrə tağım komandiri kursunu fərqlənmə ilə bitirərək, Qusar şəhərində xidmətə başlamışdır. Nəciməddin 2015-ci ilin avqust ayında Müdafiə Nazirliyinin məsul zabitlərinin hərbi hissəyə gəlişi ilə əlaqədar olaraq, general-mayor Rasim Əliyevdən bir hərbçi kimi ön cəbhədə xidmət etməyi xahiş etmişdir. Bundan sonra Ağdamda düşmənlə  ön xətdə üz-üzə snayperçilərin tağım komandiri olmuşdur.O, burada snayperlə bağlı olan tapşırıqları icra edirdi. 2015-ci ilin oktyabr ayından dekabr ayınadək XTQ bazasında snayper təlimatçı kursunu bitirib. Sonra 2016- cı ilin yanvar ayından mart ayına qədər Türkiyənin Ankara şəhərində kəskin nişancı kursunun təlimində iştirak etmişdir. 2016-cı ilin aprel döyüşlərində və ondan sonra snayper bölüyü ilə birlikdə 44 günlük Vətən müharibəsinə qədər müxtəlif istiqamətlərdə düşmənlə təmas xətti boyunca ciddi döyüş tapşırıqlarını yerinə yetirmişdir. Ərazilərimizə qarşı işğalçılıq əməllərinin qarşısını alaraq, mahir snayperçilər düşmənin xeyli sayda canlı qüvvə və texniki vasitələrini sıradan çıxarıblar. İyul döyüşləri zamanı general-mayor Polad Həşimovun şəhid olması xəbəri bütün Milli Ordu bölmələrində mənfur düşmənimizə qarşı nifrət hissini daha da alovlandırıb. Bu xəbər Nəciməddin və onun rəhbərlik etdiyi tağım heyətnə də ciddi təsir etmişdir.

Onu da qeyd edək ki, snayper bölməsinin formalaşmasında təlim-tədris işlərinin yüksək keyfiyyətli keçirilməsində, snayperçilərin müxtəlif illərdə kurslarında iştirak etmələrində mərhum generalın müstəsna xidmətləri olmuşdur. Vətən müharibəsi başlayanda Nəcməddin rəhbərliik etdiyi tağımla Suqovuşan ətrafında olan döyüşlərə qatılmışdır. Bu müharibədə düşmənin xeyli sayda canlı qüvvəsini məhv etmişlər. 2020-ci ilin oktyabrın 8-də Ağdərə istiqamətində irəliləyərkən düşmənin zirehli texnikaları ilə snayperçilər bölməmiz və digər ordu birləşmələri mühasirəyə alınaraq atəşə tutuldular. Ordumuzun sayıqlığı və cəsarəti nəticəsində mühasirədən çıxaraq qumbara atanların, spaykların köməkliyi ilə düşmən texnikalarını sıradan çıxartdılar. Onun dediyinə görə, həmin döyüşdə bir neçə əsgərimiz şəhid oldu. Nəciməddin isə güclü beyin travması aldı. Buna baxmayaraq vətənə olan borcunu sona qədər yerinə yetirdi. Döyüşlərdəki fəal iştirakına görə igid döyüşçü ölkə başçısı tərəfindən 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif edilmişdir. Hazırda Mingəçevirdə “N” saylı hərbi hissədə xidmət edən qəhrəmanımıza cansağlığı, xidmətində isə uğurlar arzu edirik.

Hüseyn QULUZADƏ

ARAN-ı sosial şəbəkələrdə izləyin:

Şərhlər

Social Media Auto Publish Powered By : XYZScripts.com