– Aytən xanım, zəhmət olmasa özünüz haqqında bizə danışın, sizi tanıyaq.
– İbrahimova Aytən Yaşasın qızı 1998-ci ildə Ağcabədi rayonunun Nəcəfqulubəyli kəndində anadan olmuşam. 2005-ci ildə Ağcabədi rayon Nəcəfqulubəyli kənd Rahim İbrahimov adına məktəbin 1-ci sinifinə daxil olmuşam. 2016-cı ildə həmin məktəbi bitirərək 475 balla Bakı Dövlət Universitetinin Coğrafiya fakültəsi, Coğrafiya müəllimliyi ixtisasına qəbul olmuşam. Universiteti bitirdikdən sonra, 2021-ci il iyul ayının 30-da Müəllimlərin İşə Qəbulu imtahanında iştirak edərək 55 bal toplamışam.
– Səhv etmirəmsə, coğrafiya fənnindən Ağcabədi rayonu üzrə maksimal bal toplamısız. Sizi təbrik edir, uğurlar arzulayırıq. İstərdim soruşum, niyə məhz müəllimlik? Bu peşəni sizə sevdirən nədir?
– Çox sağ olun. Bilirsinizmi, əslində mən bu peşəni uşaqlıqdan seçməyi düşünürdüm. Müəllimlər bizə həmişə dərs keçəndə özümü onların yerində təsəvvür edirdim. Düşünürəm ki, müəllim olmaq ən ali peşələrin ilk sırasındadır. Uşaqlarla ünsiyyət qurmaq, onların dünyasını daha da rəngləndirmək və üzlərindəki təbəssümə səbəb olmaq mənim üçün çox önəmlidir. İstəyirəm öz bildiklərimi hər kəslə bölüşüm, çünki bilik, savad paylaşdıqca daha da artır.
– Müəllim kimi fəaliyyətə başladıqdan sonra hansı metodlardan istifadə edəcəksiniz? Fikirlərinizi bizimlə bölüşərsinizmi?
– İnşallah müəllim kimi fəaliyyətə başlayandan sonra yeni təlim-tədris prosesinə uyğun olaraq, dövrün tələblərini nəzərə alan, uşaqları inkişafa aparan metodlarla işləməyi planlaşdırıram. Sadəcə kitabın bizə təqdim etdiyi metodlarla deyil öz düşüncələrimi, fikirlərimi ortaya qoyacaq metodları təşkil etməyi düşünürəm.
– Bəs bir neçə il sonra, zaman ötdükcə həvəsiniz ölməz ki? Yəni, gələcəkdə də bu peşəni davam etdirəcəksinizmi?
– Bəli bu peşəni həyatım boyu davam etdirməyi düşünürəm. Və bu düşüncəmdə də qətiyyətliyəm. Özümü bu sahədə daha da inkişaf etdirmək ən böyük planlarım sırasındadır. Mənə görə müəllim daim inkişaf etməli, öz üzərində çalışmalıdır ki, məqsədlərinə nail ola bilsin.
– İşlədiyiniz məktəbdə tədrisin keyfiyyətini yüksəltmək üçün nələr etməyi düşünürsünüz?
– Uşaqlarla passiv deyil aktiv şəkildə işləməyi düşünürəm. Dərs zamanı onlar da mənimlə bərabər pozitiv şəkildə təlimə cəlb olunsunlar. Beləcə sinifdə özlərini rahat hiss etsinlər ki, biliyi də sərbəst, çəkinmədən qəbul edə bilsinlər. İstəyirəm şagirdlər özləri başa düşsünlər ki, bu sinfin qurucuları məhz onlardır. Beləcə qurucusu olduqları bir sinfi təbii ki, inkişaf etdirmək üçün əllərindən gələni əsirgəməzlər və olduqca keyfiyyətli təhsil üçün mükəmməl şərait yaranar.
– Deyəsən şagirdlərə coğrafiyanı sevdirəcəyinizdən əminsiniz…
– Əlbəttə. İnanıram ki, şagirdlərin məktəbdə ən çox sevdiyi fənlər sırasına Coğrafiyanı məhz mən əlavə edəcəm. Bunun üçün bütün gücümlə çalışacağam, heç vaxt ruhdan düşməyəcəyəm və buna nail olacağam…
– Əla! Rayonumuzda sizin kimi savadlı və həvəsli gəncləri görmək bizi xeyli sevindirir. Sizinlə qürur duyuruq və müvəffəqiyyətlər diləyirik. Son olaraq özünüzdən sonra bu sahəyə gələcək olan kolleqalarınıza istər hazırlıq, istərsə də imtahan barəsində hansı tövsiyyələr verə bilərsiniz?
– Mart ayında mən qərar verdim ki, artıq MİQ imtahanlarına hazırlaşım. 5 ay ərzində Coğrafiya və kurrikulum üzərində çalışdım. Çox çalışmaq lazımdır, uğura gedən yol elə də asan olmur. Demək olar ki, gün ərzində 4-5 saat istirahət edirdim ümumi qalan bütün vaxtlarımı isə imtahan hazırlıqlarına həsr edirdim. İmtahana hazırlaşmaq istəyənlərə tövsiyyəm odur ki, siz artıq bu ixtisasa yiyələnmisiz, əlavə hazırlaşmaq üçün müəllimə ehtiyacınız yoxdur. Sadəcə özünüz çalışmalısınız, məqsədli şəkildə. Belə olduğu halda sizi heç kəs məğlub edə bilməz. Növbəti illərdə imtahan verəcək bütün həmkarlarıma uğurlar arzu edirəm!
Söhbətləşdi: Orxan KƏRİMOV