Yaşam amillərindən biri olan işıqsız yaşamaq mümkün deyil. Yəni işıq olanda həyat da işıqlı, yaşamalı olur… Minəxorlu kəndində isə təəssüflər olsun ki, son zamanlar işıq çox zəif yanır. İşığın zəif yanması təbii ki, yerli əhalinin rahat yaşamasına mane olur və bir çox problemlər yaradır. Bütün bunları nəzərə alaraq və bu problemlərdən qurtarmaq üçün Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynovun köməyi ilə yeni transformator alınıb, kənddə lazımi yerə yerləşdirilmişdir. Qalır bircə bu transformatoru xəttə birləşdirmək və kənd əhalisinə normal işıq vermək. Ancaq nədənsə Ağcabədi Elektrik Şəbəkəsi tərəfindən 250-300 metrlik kabellə bu transformatorun işə salınması müşkülə dönüb… Kənddə biz uşaq vaxtı yaşlı sakinlərdən belə neqativ hallarda qarğış eşidərdik: “İşığını Allah kəssin!” İndi bir az fikirləşib bu deyimin müasir zamanla səslənən qarşılığını tapdım: “İşığını Ağcabədi Rayon Elektrik Şəbəkəsi birləşdirsin…”
Adil MİSİRLİ