Köyük kəndində zərər çəkmiş şəxslərə yardımlar göstərilir

Rayonumuzun Köyük kəndi cəbhə bölgəsindən xeyli aralıda yerləşir. Buna baxmayaraq, Vətən müharibəsi zamanı bu qədim kəndin ərazisi də Ermənistan silahlı qüvvələrinin qəfil hücumlarına məruz qalıb. 27 sentyabr 2020-ci il tarixdə sözügedən kənd ərazisinə mənfur düşmən tərəfindən 22 “Qrad” mərmisi atılıb. Nəticədə kənddə 10 yaşayış evi və bir qeyri-yaşayış binası ciddi zərər çəkib. Bununla yanaşı, həmin gün 3 nəfər kənd sakini müxtəlif dərəcəli xəsarətlər alıb. Ziyan dəymiş mənzillərdən biri də kənd sakini Sətdar Əliyevə məxsus yaşayış evidir. Mərmi düşməsi nəticəsində Sətdar Əliyevin 10-97 “Jiquli” avtomaşını tam yararsız hala düşüb. Yaşayış evinin üst örtüyü, pəncərələr, yan divarlar və hamam qəlpələrlə ciddi şəkildə zədələnib. Dövlət tərəfindən Sətdar Əliyevin evinə dəymiş ziyana görə müvafiq yardım ödənilib, şəxsi əmlakına dəyən ziyana görə kompensasiya ödənilməsi nəzərdə tutulub.
Digər kənd sakini Şahin Məhərrəmova məxsus qeyri-yaşayış binası da dağıntı ilə üzləşib. Onun həyətindəki digər avadanlıqlar da xeyli zədələnib. Bununla əlaqədar olaraq Şahin Məhərrəmova dövlət tərəfindən yaxın günlərdə maddi yardımla təmin olunması planlaşdırılıb.


Kənd sakinləri onlara göstərilən yüksək diqqət və qayğıya görə ölkə Prezidenti İlham Əliyevə öz dərin təşəkkürlərini və minnətdarlıqlarını bildiriblər.
Yəhya PAŞAZADƏ

ARAN-ı sosial şəbəkələrdə izləyin:

Şərhlər