Rayonun Şənlik kəndi əhalisinin çoxdankı arzusu, nəhayət ki, gerçəkləşib. Sözügedən kənd ərazisində avtomobil yolunun inşasına start verilib. Ucar-Zərdab-Ağcabədi regionlarında əsaslı təmir və yenidən qurulmasına ehtiyac olan yerli əhəmiyyətli avtomobil yollarından sayılan Şənlik kənd avtomobil yolunun uzunluğu 10,2 kilometrdən ibarətdir. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin sifarişi ilə beynəlxalq layihə əsasında salınan asfalt yolun inşası podratçı “Az.CİM MMC” tərəfindən həyata keçirilir.
Avtomobil yolunun birinci üzünün asfaltlanması artıq başa çatdırılıb. Hazırda yolun ikinci üzünün 6 km-dən çox hissəsinə asfalt örtük döşənib. Müasir standartlar səviyyəsində inşa olunan Şənlik kənd avtomobil yolunun tikintisinin avqustun sonunadək başa çatdırılması nəzərdə tutulub.
Bundan başqa “Az.CİM MMC” tərəfindən həmin ərazidə yerləşən 2 körpüdə də əsaslı təmir işləri aparılır. Avtomobil yolu boyunca 33 ədəd suötürücü boru da inşa edilib.
Yəhya PAŞAZADƏ