Əynimdə dünya yükü var

Əvvəlcə “kimdir Gündüz Sevindik ?” – sualını qoyub, qoyub, sonra Günəş işıq saçaraq Yerin ətrafına fırlandığı, növbə ilə onun bütün qütbünü işıqlandırdığı kimi, mən də bu sualın ətrafına fırlanaraq, onun bütün qütbünü işıqlandırmağa çalışacağam.

Təbii ki, Gündüz Sevindiyi rayonumuzda hamı tanıyır və hərə onu ayrılıqda öz tanıdığı kimi təsvir etsə də, nədənsə, bütün nəticələr eyni olur: Gündüz Sevindik gözəl insandır, gözəl şairdir. Onun çox böyük, bəlkə də, özündən də, böyük hətta yaradıcılığı boyda ürəyi var.

Bəs Gündüz Sevindik şair olaraq kimdir ?

O, elə şair kimi şairdir – əsl şair!

O istedadlı, sözə çox həssas, hər tərəfli və ehtiyatlı yanaşmağı bacaran şairdir. Mən onun yaradıcılığı ilə yaxından tanış olduqca bunlara bir daha əmin oldum. Əlbəttə, qeyd etdiyim kimi, şairin ilk növbədə böyük ürəyi olmalıdır, əgər yoxdursa, o, şair ola bilməz. Gündüz Sevindik azsaylı xoşbəxt şairlərdəndir ki, onun qəlbi təmiz və dəyərli yaradıcılığı ilə tamam uzlaşır. Bunun ən bariz nümunəsi elə şairin öz yaradıcılığıdır. Şair, ümumiyyətlə, bütün mövzularda istedadlı yazmağı bacarır. İstər, sevgi, istər, bəşəri, istərsə də, müharibə mövzusu onun yaradıcılığında öz ruhunu uğurla dəqiqliklə və canlanır.

Gündüz Sevindik təkcə insanları yox, həm də dünyanı, faciələri, yolları, ağacları, küçələri “danışdırmağı” bacarır:

Gecə düşür yenə də,

İndi neyləyək, küçə ?

Bu dünya özü boyda

Yerləşər qəlbimizə.

Dur yığış, gedək, küçə,

Dur yığış, gedək bizə !…

Baxın, şair küçəyə necə ruh verir, can verir… canlanır küçə… və küçə ilə “dərdləşməyə başlayır, küçəni öz evinə “dəvət edir”.

Bu söhbət o qədər insani, o qədər səmimi söhbətdir ki, bəlkə də, şairin sözləri küçəni bir anlıq diksindirdi, uşaq kimi sevindirdi, şairə qoşulub, onun qonağı olmaq istədi küçə ?! Çünki əsrlərdir, insanların ayaqları altında tapdanan bu yorğun küçələri hələ bir insan öz evinə dəvət etməmişdi, bir kəlmə danışmamışdı bu küçələrlə…

Gündüz Sevindik yalnız öz dərdi ilə uğraşıb, öz yükünü çəkmir. O, dünyanı öz üstündə, dünyanın yükünü öz əynində gəzdirən, bütün bəşəriyyətin dərdini çəkən şairdir:

Öldüm, dirildim o ki var,

Ruhumdadır hər nə ki var,

Əynimdə Dünya Yükü var,

Üstümü çırpa bilmərəm!

– Deyir Gündüz Sevindik.

Şair dünyadan gileylənməməlidir, şikayət etməməlidir. Yeri gəlsə, dünyanı öz “qarşısına qoyub” öz nəsihətlərini verməyi, ona nəvaziş göstərib, qucaqlamağı bacarmalıdır. Gündüz məhz o şairlərdəndir ki, dünyanı “qarşısına qoyub”, onu “tərbiyə etməyi” bacarır:

Dünya, yaman unutqansan,

Yaddaşını oyaq saxla!

Bir gün uçub, dağılarsan,

Özünə bir dayaq saxla.

Sən zamanın əsirisən,

Qara yelsən, hey əsirsən,

Dayan, hara tələsirsən,

Ömür gedir, ayaq saxla!

İnsan and içməz başına,

Aşiq olmaz göz-qaşına,

Sığınmışıq bir daşına,

Dünya, bizi qonaq saxla.

Şair dünyanı məzəmmət etsə də, həm də ona bir “ata qayğısı” ilə yanaşa bilir. Onu qanadının altına almaq, – bütün pisliklərdən, qan-qadadan, müharibələrdən, terrordan, xəyanətdən, soyuqdan qorumaq istəyir. Hətta buna görə o, hər şeydən keçməyi gözə alır.

Dadmayam ömrün dadını,

Lap unudam öz adımı…

Bir quş olam, qanadımı

Gərəm dünyanın üstünə.

Olam bir sehrin hakimi,

Qıram dərd adlı tilsimi,

Buludları yorğan kimi,

Sərəm dünyanın üstünə!

Onun, demək olar, bütün şeirlərində təzə və maraqlı məqamlar olur. Şairin yazdığı “Başdaşı” adlı şeirini oxuyarkən bir daha bunun şahidi oldum. Lakin bu şeirdə bir yox, bir neçə maraqlı məqama rast gəlmək mümkündür:

Tale üzə gülmür ömrün qışında,

Həyat balıq kimi əldən sürüşür.

İnsan şəkilləri qəbir daşında

Nədənsə, həmişə qəribə düşür.

Üstə doğum ili, ölüm ili var,

Bir bəndlik şeir də gor nəğməsidir.

Məni qınamayın, başdaşı sanki

Ölənin “şəxsiyyət vəsiqəsidir”.

… Allahlıq edirsən sinə daşına,

Allahın heç səndən xəbəri yoxdur.

… Sanma özüm boyda dağam, qüruram,

Sənin daş qürurun ruhumu əzir.

Vallah, ayaq üstə güclə dururam,

Mənim başdaşlıq halım nə gəzir ?!…

Baş daşı, həqiqətən də, məcazi mənada ölənin “şəxsiyyət vəsiqəsi” deyilmi ? Əgər biz dünyasını dəyişmiş bir insanın kimliyini, doğum və ölüm tarixini onun baş daşından öyrənə biliriksə, deməli, şair haqlıdır.

Baş daşı – şairin dediyi kimi, Allahlıq etmək iddiasındadır, amma Allahın heç baş daşından xəbəri yoxdur… Şair məhz bu məqama da doğru və yerində toxunub.

Fikir yarana bilər ki, daş olmaq üçün hal nəyə lazımdır? Amma bu tamamilə yanlış fikir olar. Çünki burada söhbət adi daşdan deyil, baş daşından gedir. Buna ən güclü insan halı belə, tab gətirə bilməz. Əgər elə olsaydı, onda həmin insanlar ölməz olardı.

Baş daşı olmaq üçün daş halı gərəkdir, insan halı yox!…

Bir sözlə, Gündüz Sevindik istedadlı şairdir. O hər şeirində bizləri bilmədiyimiz yeni sirlərlə, təzə mənzərələrlə tanış edir. Və həmin sirlərin özünəməxsus təfəkkürü ilə poetik cəhətdən izahını verir. Şairin yaradıcılığından saatlarla, həm də yorulmadan danışmaq mümkündür. Mən çox az qismindən söhbət aça bildim. Və məlum oldu ki, heç də qoyduğum sualın bütün qütbünü işıqlandıra bilmədim. Şairin şeirləri o qədər maraqlı və fəlsəfi yüklüdür ki, bu cür qısa yazılara sığışdırmaq mümkün olmur.

Cahandar AYBƏR

ARAN-ı sosial şəbəkələrdə izləyin:

Şərhlər