Fermer keyfiyyətli bostan-tərəvəz məhsulları yetişdirməyə nail olub

         Respublikamızın hər yerində oluğu kimi, rayonumuzda da ölkə Prezidenti İlham Əliyevin qeyri-neft sahəsinin, xüsusilə kənd təsərrüfatının inkişaf etdirilməsi ilə əlaqədar qarşıya qoyduğu vəzifələrin yerinə yetirilməsi istiqamətində mühüm addımlar atılır. Bölgədə taxıl, pambıq, barama, heyvandarlıq təsərrüfatları ilə yanaşı, bostan-tərəvəz istehsalı sahəsi də yeni inkişaf mərhələsinə qədəm qoyub.

Daha dəqiq desək, rayonda fəaliyyət göstərən fermerlər son vaxtlar bostan-tərəvəz məhsullarının istehsalına böyük maraq göstərirlər. Bu sahədə Hacıbədəlli, Pərioğullar, Təzəkənd (Hüsülü), Gələbədin, Nəcəfqulubəyli, Salmanbəyli və sair kəndlərində daha yaxşı nəticələr əldə olunur. Rəncbərlər kəndində də bostan-tərəvəz məhsulları yetişdirən istehsalçılar çoxdur. Onlardan biri də Natiq Tağıyevdir. Bacarıqlı təsərrüfat rəhbəri bu il özünə məxsus olan pay torpağının 2 hektarında qarpız, 0,5 hektarında soğan, 0,5 hektarında isə pomidor yetişdirib. O, sahələrdə bitkilərə yüksək aqrotexniki qulluq göstərib. Fermerin dediyi kimi, əkin sahələrində bitki tağlarının dibləri vaxtlı-vaxtında yumşaldılıb, alaq aparılıb, müntəzəm becərmə, yemləmə və suvarma tədbirləri həyata keçirilib.

Sahələrdə məhsuldar bitki toxumlarının əkilməsinə üstünlük verən Natiq Nağıyev bol məhsul yetişdirməyə nail olub. İndiyədək 15 tondan çox qarpız tədarük edilib. Təsərrüfatda pomidor istehsalı da ürəkaçandır. Yaxın günlərdə soğan tədarükünə başlanılması da nəzərdə tutulub.

Fermerin qənaətinə görə, əkin sahələrinə yüksək aqrotexniki qulluq göstərilməsinin nəticəsidir ki, bostan və tərəvəz bitkilərinin məhsuldarlığı ötən ildəki ilə müqayisədə xeyli çoxdur. Odur ki, məhsul tədarükündən əldə edilən gəlir də yüksəkdir. Yetişdirilən keyfiyyətli qarpız və pomidor həm də insaflı qiymətlərlə satılır. Təsadüfi deyildir ki, sakinlər aldıqları məhsullardan razılıq edirlər. Təsərrüfatdan əldə olunan gəlir fermerin ailəsinin dolanışığının daha da yaxşılaşmasına səbəb olub.

N.Tağıyev ölkədə kənd təsərrüfatına göstərilən yüksək diqqət və qayğıya görə dövlətimizin başçısı İlham Əliyevə dərin minnətdarlığını bildirir.

Yəhya PAŞAZADƏ

ARAN-ı sosial şəbəkələrdə izləyin:

Şərhlər

Social Media Auto Publish Powered By : XYZScripts.com