Ağcabədi Rayon İcra Hakimiyyəti yanında Müraciətlərə Operativ Baxılma Mərkəzi daxil olan vətəndaş müraciətlərinə operativ baxılmasını, onların ədalətlə həll olunmasını daim diqqət mərkəzində saxlayır. Nəticədə göstərilən xidmət sakinlər tərəfindən razılıqla qarşılanır.
Hazırda sözügedən Mərkəzdə işlərin qızğın vaxtıdır. Rayonun pambıq əkini sahələrinin suvarılmasında yaranmış müəyyən problemlərlə bağlı müraciətlərin sayı artıb. MOB Mərkəzi tərəfindən bu müraciətlərin operativ həlli istiqamətində mühüm addımlar atılır. Belə ki, Mərkəzdə Mehrablı kənd sakini Sabir Hacıyev, Kürdlər kənd sakini Arzuman Quliyev, Yeni Qaradolaq kənd sakini Kənan Alıyev və Hacılar kənd sakini Vaqif Abbasovun müraciətlərinə baxılıb, onların pambıq əkin sahələrinin suvarma suyu ilə təmin olunmasına lazımi köməkliklər göstərilib.
Bundan başqa, pambıq əkin sahələrinin suvarılmasında yaranmış çətinliklərlə əlaqədar Avşar kənd sakini Xəyyam Cəfərovun da müraciətinə MOB Mərkəzində diqqət və qayğı ilə yanaşılıb. Onun 19 hektar pambıq əkini sahəsinin suvarılması ilə əlaqədar istəyi yerinə yetirilib.
Müraciət edən şəxslər problemlərinin həll olunmasında göstərilən yüksək diqqət və qayğıya görə Ağcabədi Rayon İcra Hakimiyyətinə təşəkkürlərini və minnətdarlıqlarını bildiriblər.
“Aran”