Əhmədov Nazim Əli oğlu 1952-ci ildə Ağcabədi rayonunun Salmanbəyli kəndində anadan olub. M.Qorki adına Moskva Ədəbiyyat İnstitutunun poeziya şöbəsinin məzunudur.
“Yaşat məni” adlı ilk şeirlər toplusu 1989-cu ildə, “Ümidin doğulduğu vaxt” şeirlər və poemalar toplusu isə 2009-cu ildə işıq üzü görüb. N.Əlioğlu Qarabağ savaşı zamanı müstəqil hərbi jurnalist kimi fəaliyyət göstərib. Sıravi əsgər Əlfi Məmmədova həsr olunmuş “Səndən sonra”, Azərbaycanın Milli Qəhrəmanı Etibar İsmayılovun döyüş yolundan bəhs edən “Sən ellər oğlusan” və “Kobra” ləqəbli könüllülər batalyonunun komandiri Fazil Həsənovun qəhrəmanlığından bəhs edən “Vətən sənə oğul deyir” adlı hərbi-publisistik kitabların tərtibçisi və həmmüəllifidir.
Şeirləri Moskvada “İstoki”, “Poeziya” almanaxlarında dərc olunub və rus, ukrayna, ləzgi, tacik dillərinə tərcümə edilib. “Aran” qəzetində korrektor kimi işə başlayıb. “Dədəm Qorqud” “Axtarış”, “Yeni dünya və “İnterfaks” müstəqil qəzetlərində xüsusi müxbir işləyib.
“Gənc qələmlər” cəmiyyətinin Qarabağ şöbəsinin sədri olub. “Qorqud” və “Bəstəkar” nəşriyyatlarında redaktor vəzifəsində işləyib.
Moskvada nəşr olunan “Azərbaycan Diasporu” qəzetinin Azərbaycan üzrə təsisçisi olub. Hazırda “Oskar” mədəniyyət qəzetinin Rusiya üzrə xüsusi müxbiridir.
Əsərləri:
“Yaşat məni”, B., “Yazıçı”, 1989, 88 s, 1000 nüs.
“Ümidin doğulduğu vaxt”, B., Gənclik-2010, 145 s, 200 nüs.
EHTİYATLI OLUN
Yaxşılar qırmızı qandı –
Yaxşıları qoruyun,
Yaxşıların üstündə əsin…
Pislər ağ qandı –
Ehtiyatlı olun,
Ağ qan
Qırmızı qanı yeməsin!!!
MƏSAFƏNİN İŞIQ SÜRƏTİ
Ölümdən nə qorxum?
Əvvəl-axır verəcəyim,
Qəfəs sinəmdəki,
Ruh adlı, bir cansa.
Ölümdən asan nə varsa?
Olumla ölümün məsafəsi,
İşıq sürəti-bir ansa…
MÖHLƏT
Ümidsizliyin son anında-
İnsan balası,
Yıxılandan qürurundan
Adamlara əl açdı.
Əl açmaq-
Bir az ölə-ölə
Yaşamaq üçün
Sonuncu möhlət, əlacdı…