Xalqımızın igid oğlu Rəhbər Abbasov 1973-cü ildə Ağcabədi rayonunun Yuxarı Qiyaməddinli kəndində anadan olmuşdur. O, sözügedən kənd orta məktəbini bitirdikdən sonra Bərdə şəhərində avtomobil sürücülüyü kursunu başa vuraraq sürücülük vəsiqəsi almışdır.
R. Abbasov 1990-cı ildə sovet ordusu sıralarına hərbi xidmətə çağırılmış, Yoşkar – Ola şəhərində bir il xidmət etdikdən sonra torpaqlarımıza edilən erməni təcavüzü ilə əlaqədar Vətənə qayıtmış, könüllü olaraq, Milli Ordu sıralarına daxil olmuşdur.
Mənfur düşmənə qarşı ağır döyüşlərdə iştirak edən igid həmyerlimiz 1992-ci ilin noyabr ayında Füzuli rayonunun Divanlar kəndinin müdafiəsi zamanı ermənilərin xeyli sayda canlı qüvvəsini və texnikası sıradan çıxarıb. O, torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərin birində qəhrəmancasına həlak olub.