Ağcabədinin qəhrəman övladı Sadıq Hüseynov 1961-ci ildə Xocavənd kəndində anadan olmuşdur. O, 1978-ci ildə “Qarabağkanal”, kənd orta məktəbini bitirdikdən sonra Stepanakert (Xankəndi) Pedaqoji İnstitutunun ibtidai metodika fakültəsinin qiyabi şöbəsinə daxil olmuşdur. O, sovet ordusu sıralarında hərbi xidməti başa vurub, doğma kəndə qayıtmış, vaxtilə oxuduğu məktəbdə əvvəlcə pioner baş dəstə rəhbəri, sonra isə müəllim işləmişdir.
S. Hüseynov 1990-cı ildən Şuşa Rayon Daxili İşlər Şöbəsində sahə müvəkkili vəzifəsində çalışmışdır. Erməni qəsbkarları Şuşanı ağır silahlardan atəşə tutanda Sadıq da başqa igid yoldaşları ilə birlikdə düşmənə qarşı mübarizənin ən qaynar yerlərinə atılıb.
1991-ci il aprel ayında erməni işğalçıları Şuşanı raket atəşinə tutan zaman Sadıq Hüseynov öz yaralı yoldaşlarını xilas edərkən qəhrəmancasına həlak olmuşdur.
Sadıq Dayandur oğlu Hüseynov ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə Azərbaycanın Milli Qəhrəmanı fəxri adına layiq görülmüşdür. O, ailəli idi, bir övladı qalmışdır.