Qəhrəman həmyerlimiz Zahid Abdullayev 1971-ci il mart ayının 31-də Aran (keçmiş Kuybışev) kəndində anadan olmuşdur. 1988-ci ildə kənd orta məktəbini qurtardıqdan sonra Sovet Azərbaycanının 60 illiyi adına üzümçülük sovxozunda fəhlə işləmişdir.
Zahid Abdullayev 1989-91-ci illərdə sovet ordusu sıralarında xidmət etmişdir. O, Vətənə qayıtdıqdan sonra torpaqlarımızın azadlığı uğrunda mübarizədən kənarda qalmamış, könüllü olaraq 1993-cü ilin fevralında Milli Ordumuzun sıralarında erməni işğalçılarına qarşı vuruşmağa başlamışdır.
Döyüşdən-döyüşə daha da bişib bərkiyən, silahlardan məharətlə istifadə edən Zahid taborun ən qorxmaz, ən cəsarətli döyüşçüsü kimi tanınmağa başladı. Komandirlərinin onun valideynlərinə göndərdikləri minnətdarlıq məktubunda da Zahidin igid bir döyüşçü olduğu barədə hərarətlə söz açılmışdı.
Z. Abdullayev 1994-cü il yanvar ayının 27-də Xocavənd rayonu ərazisində düşmən minasına düşərək həlak olmuşdur.