Respublikamızın hər yerində olduğu kimi rayonumuzda da cari təsərrüfat ilində pambıqçılıq sahəsində mühüm addımlar atılıb. Rayonun fermerləri əkin sahələrində yüksək məhsul yetişdirmək üçün bütün imkanları səfərbərliyə alıblar. Artıq tarlalarda bol məhsulun möhkəm bünövrəsi qoyulub.
Rayonun Salmanbəyli kəndində də pambıqçılıq sahəsində mühüm işlər görülüb. Hazırda sözügedən kənd ərazisində fəaliyyət göstərən 44 fermer təsərrüfatına məxsus 216 hektar əkin sahəsində pambıq məhsulu yetişdirilir. Əkin sahələrində yüksək səviyyədə kompleks becərmə tədbirləri həyata keçirilib. Sahələrdə kultivasiya, yemləmə, suvarma, ziyanvericilərə və xəstəliklərə qarşı mübarizə işləri nümunəvi təşkil olunub.
Kənd ərazisində suvarma suyu sarıdan müəyyən çətinliklər olmasına baxmayaraq, pambıq kollarının 3-cü suvarma suyu ilə təmin olunmasına başlanılıb.
Pambıq əkin sahələrinə qulluq Salmanbəyli kənd sakinləri Ehtiram Həsənov, Cəsarət Cəfərov, Eldar Bünyadov, Zeynal Zeynalov, Akif Əliyev, İsa Bünyadov, Fikrət Əliyev, Ələmdar Abbasov və başqalarının rəhbərlik etdikləri təsərrüfatlarda daha yaxşı təşkil edilib. Mütəxəssislərin fikrinə görə kənddə mövcud olan bütün əkin sahələrində pambığın ümumi inkişafı normal vəziyyətdədir. Hazırda pambıq tarlalarında daban qozalarının açılması müşahidə olunur. Sentyabrın əvvəllərində pambıq yığımına başlanılacağı gözlənilir.
Yəhya PAŞAZADƏ