Təcrübəli pambıqçılarımızı tanıyaq

​Mövsümöv Haqverdi Müslüm oğlu 1965-ci il yanvarın 10-da Rəncbərlər kəndində anadan olub. Hələ kiçik yaşlarından atası Müslüm kişinin kolxozda çalışaraq, alın təri ilə çörək pulu qazandığının şahidi olub. Torpağı sevmək, onun hər cür qayğısını çəkmək Xudaverdiyə məhz atası Müslüm kişi tərəfindən aşılanıb. Və böyüdükcə torpaqla daha sıx ünsiyyətdə olan Haqverdi onun “dilini” yaxından öyrənib, onunla necə danışmağı dərindən qavrayıb. 

Hər il pay torpağında pambıq əkib becərən Xudaverdi Mövsümov becərmə, suvarma işlərini vaxtında və keyfiyyətlə aparır. Sahəyə yüksək aqrotexniki qaydalarla qulluq edir, pambıq bitkisinin zamanında kübrələrlə təmin olunmasına böyük diqqət yetirir. Ötən il 3 hektar pambıq sahəsinin hər hektarından 42 sentner “ağ qızıl” götürməyə nail olan Haqverdi Mövsümov bu il də 3 hektar sahədə pambıq əkib. Haqverdi deyir ki, havaların həddən artıq isti keçməsi bu il sovkanın çoxalmasına səbəb oldu. Ancaq o, təcrübəli bir pambıqçı kimi, bu ziyanvericinin qarşısını vaxtında və uğurla ala bilib. O, “MKT İK” MMC-nin Ağcabədi filialı tərəfindən hər cür köməyin göstərildiyini söylədi və texniki vasitələrlə təmin olunmasına görə razılığını bildirdi. 

Oğulları Elçin, Rusif də ataları Haqverdiyə təsərrüfat işlərində yaxından kömək edirlər. Onların yardımına güvənən Haqverdi Mövsümov bu il pambıq sahəsinin hər hektarından 45 sentner “ağ qızıl” əldə etmək niyyətindədir. Onun pambığa etdiyi qulluq və sahələrin hazırki vəziyyəti Haqverdi Mövsümovun verdiyi vədə layiqincə əməl edəcəyinə inam yaradır. 

*       *       *

Həsənov Şamil də Rəncbərlər kəndində doğulub, boya-başa çatıb. Əsl torpaq adamı kimi o, fasiləsiz olaraq əkib becərir, təsərrüfatın müxtəlif sahələri ilə yaxından məşğul olur. Bu il 5 hektar əkin sahəsindən 40 sentner, 2,5 hektar sahədən isə 35 sentner arpa götürən Şamil Həsənov həm də xeyli yonca əkib və heyvandarlıqla da məşğul olur. 

Ötən il icarəyə götürüb pambıq əkdiyi 9 hektar sahədən Ş.Həsənov 44 sentner “ağ qızıl” götürməyə nail olub. Bu il də 9 hektarda pambıq əkən təsərrüfat başçısı mövsümün sonunda 50 sentner pambıq toplamağı qarşısına məqsəd qoyub. O, sahələrdə becərmə işləri apardığı və vaxtında pambığa lazımi kübrə verdiyinə görə məqsədinə nail olacağına inanır. Sahələrin becərilməsində Azərpambıq MMC-nin  Ağcabədi filialı həmişə texniki vasitələrlə təmin olunmaqda Şamil Həsənova yaxından köməklik göstərir. Vətən müharibəsi iştirakçısı ,oğlu Vasif də Şamilə yaxından kömək edir, pambıq sahələrinin becərilməsində güc və qüvvəsini əsirgəmir. 

Təcrübəli pambıqçıya bu il də yüksək nəticə göstərərək, bol “ağ qızıl” əldə etməsində uğurlar diləyirik. 

Adil MİSİRLİ

ARAN-ı sosial şəbəkələrdə izləyin:

Şərhlər