Zibil yeşiklərini, deyəsən, bir az da gözləməli olacağıq

Son vaxtlar Ağcabədi şəhəri ərazisində yerləşən prospekt, küçə və meydanlarda, ictimai yerlərdə, istirahət guşələrində təmizlik işlərinin təşkili, zibillərin daşınması istiqamətində mühüm addımlar atılır. Ağcabədi Rayon Kommunal Xidməti və Mənzil İstismar Sahəsinin kollektivi ərazidən sakinlər tərəfindən atılmış məişət tullantılarının, ərzaq qalıqlarının, müxtəlif mənşəli zibillərin vaxtında götürülməsi üçün operativ tədbirlər həyata keçirir.

Ərzaq qalıqları və məişət tullantılarının salafan paketlərə yığılaraq küçələrə qoyulması sakinlər arasında artıq yaxşı bir ənənəyə çevrilib. Zibillərin yığılması üçün küçələrdə xüsusi yerlərin ayrılması da önəmli əhəmiyyət kəsb edir. 

Lakin, bütövlükdə, bu sahədə işlər hələ qənaətləndirici deyil. Demək olar əksər  küçələrdə zibilliklərin yaranması hallarına tez-tez rast gəlinir. Bu cür hallar, əsasən, təyin edilmiş vaxtdan sonra sakinlər tərəfindən zibillərin qoyulması və kommunal xidmət işçilərinin onları vaxtında götürməmələri səbəbindən baş verir. Ərzaq qalıqları, tullantılar vaxtında daşınmadıqda sahibsiz itlər tərəfindən dağıdılaraq, ətrafa səpələnir, hər yanı üfunət bürüyür. Bu, eyni zamanda ciddi anti-sanitar şərait yaranması ilə nəticələnir, insanların sağlamlığı üçün təhlükə mənbəyinə çevrilir. 

Problemi birdəfəlik şəhər ərazisinin bütün istiqamətlərinə zibil yeşiklərinin qoyulması ilə həll etmək mümkündür. Əvvəllər bütün prospekt və küçələrə bu cür yeşiklərə rast gəlmək olurdu. Təəssüf ki, nə səbəbdənsə son vaxtlar zibil yeşikləri deyilən ünvanlardan qeybə çəkilib. Ağcabədi Rayon Kommunal Xidməti və Mənzil İstismar Sahəsinin rəhbərliyi yaxın vaxtlarda şəhərin zibil yeşikləri ilə təmin olunacağını bildirib. Daha nə deyək?! Təki belə olsun. Bir az da gözləyərik…

“Aran”

ARAN-ı sosial şəbəkələrdə izləyin:

Şərhlər