Ağcabədi Rayon İcra Hakimiyyəti yanında Müraciətlərə Operativ Baxılma Mərkəzinə vətəndaşlar tərəfindən çoxsaylı müraciətlər daxil olur. Burada şikayətlərə daim həssaslıqla yanaşılır, operativ həllinə səy göstərilir.
Dəqiq ünvanlanan müraciətlərin asanlıqla həllinə nail olunur və irəli sürülən tələblər də dərhal yerinə yetirilir. Lakin edilən müraciətlər dəqiq ünvanına yönlənməyəndə qəribə bir mənzərə yaranır. Onların bir çoxu hətta gülüş hədəfinə çevrilir.
Belə qeyri-adi müraciətlərdən biri də Şahsevən-Təzəkənd kənd sakini Əli Hüseynov tərəfindən daxil olub. Vətəndaş Mərkəzə müraciətində 16 baş iribuynuzlu heyvanı olduğunu və onlardan 2 baş heyvanın qızdırdığını bildirmişdir. Müraciətin maraqlı tərəfi isə Ə.Hüseynovun Baytarlıq idarəsindən həkim göndərilməsinə köməklik göstərilməsinə dair xahişidir.
MOB Mərkəzi tərəfindən Ağcabədi Rayon Baytarlıq İdarəsinin rəhbərliyi ilə əlaqə saxlanılmış, həmin günün ikinci yarısında idarə tərəfindən heyvanları müayinə etmək üçün baytar həkim göndərilmişdir.