14 aqvqust 2021-ci il tarixdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
“CNN Türk” kanalına müsahibə verərək, sualları cavablandırıb. 30 il ərzində
torpaqlarımızın işğal altında olmasının böyük ədalətsizlik olduğunu qeyd edən dövlət
başçısı bildirib ki, torpaqlarımızın işğalı beynəlxalq hüququn bütün norma və
prinsiplərinə zidd olan bir vəziyyət idi. Təəssüflər olsun ki, bu illər ərzində Minsk
qrupu məsələnin çözülməsinə yaxınlaşmadı, fəaliyyəti oldu, amma nəticə olmadı.
Nəticə sıfıra bərabər idi və Azərbaycan xalqının ümidləri tam tükənmişdi. Çünki 30 il
ərzində aparılan danışıqlar nəticəsiz idi, bu məsələnin dondurulması prosesi gedirdi.
Təbii ki, Azərbaycan heç zaman bu vəziyyətlə barışmaq fikrində deyildi.
Xocalı soyqırımı dünyanın gözü qarşısında baş verdi. Bu, yaxın tarixin hadisəsidir.
Ancaq bunu bir çox ölkələr görmək istəmirlər və cəmi 13 ölkə Xocalı qətliamını
soyqırımı kimi tanıyıb. Biz son illər ərzində bir çox müttəfiq qazandıq. Ancaq o saxta
“soyqırımı” tanıyan ölkələr Xocalı soyqırımını tanımaq istəmirlər. Onlar saxta tarixi
qəbul edirlər. Aydın məsələdir ki, burada da əsas amil siyasi amildir. Amma real
soyqırımı görməzliyə vururlar, bu böyük ədalətsizlikdir.
Ölkə rəhbəri göstərib ki, son illər ərzində dəfələrlə bəyan olunurdu ki,
Azərbaycan xalqı mövcud vəziyyətlə heç vaxt barışmayacaq, nəyin bahasına olursa-
olsun öz doğma torpaqlarını işğalçılardan azad edəcək və belə də oldu. Azərbaycan
Qurtuluş savaşına başlayaraq öz tarixi torpaqlarını işğalçılardan azad etdi, tarixi
ədaləti bərpa etdi, işğalçıları bizim torpaqlardan qovdu və öz ərazi bütövlüyünü,
torpaq bütövlüyünü bərpa etdi.
44 gün ərzində hər gün biz irəli gedirdik, bir gün belə geri addım atmadıq. Hətta
manevr etmək məqsədilə də geri addım atmadıq. Ermənistan isə artıq öz qaçılmaz
məğlubiyyətini dərk edərək bizi durdurmaq və mülki əhaliyə böyük zərər vermək üçün
şəhər və kəndlərimizi ballistik raketlərlə, artilleriya qurğuları ilə daim atəşə tuturdu.
Azərbaycan Ordusunun məsuliyyəti və peşəkarlığı nəticəsində Ermənistan tərəfində
mülki əhali arasında itkilər çox az olub. Təqribən 30 nəfər civarında və onların böyük
əksəriyyəti savaşda iştirak edənlərdir.
Azərbaycan Ordusu böyük qəhrəmanlıq və peşəkarlıq nümayiş etdirmişdir.
Ermənistan altı xətt istehkam qurmuşdu, müdafiə zolağı qurmuşdu və oranı keçmək
böyük məharət, qəhrəmanlıq tələb edirdi. Bizim hərbçilərimiz ölümə gedirdilər. Eyni
zamanda, o bölgənin coğrafiyası, relyefi də onlar üçün əlverişli idi. Çünki onlar
dağlarda yerləşmişdilər, bütün yüksəklikləri götürmüşdülər, biz isə aşağıdan getməli
idik.
Bildirilib ki, Ordumuzun gücləndirilməsi, silah, texnika, təchizat məsələləri də əsas
amillərdəndir. Son illərdə ən çağdaş texnologiyaya əsaslanan silahlar alındı və
Ordumuzun peşəkarlığı artdı. Çünki silahlar, texnologiya, əlbəttə, bir çox məsələləri
həll edir. Ancaq yerində torpağı alan, bayrağı sancan əsgərdir. Əgər o, döyüşə
həvəslə getmirsə, heç bir silah sənə kömək edə bilməz. Bu amillər bizi Qələbəyə
apardı.
Bütün çətinliklərə baxmayaraq, biz Qələbəyə inanırdıq. Müharibənin ilk
günündən biz artıq Zəfər əldə etdik. Bir neçə kənd azad edildi və bu, Ordumuza da
ruh yüksəkliyi verdi, özümüzə də əminlik verdi və inam verdi. Ancaq biz hər gün
insanlarımızı itirirdik, hər gün şəhidlər verirdik. Hər ölən bizim övladımızdır, hər həlak
olanın həyatının qiyməti yoxdur. Onun ömrü təkrarolunmazdır, ölümü yaxınları,
valideynləri, anaları, ataları, övladları üçün faciədir. Amma, eyni zamanda, hər gün
zəfərlə dolu anlar yaşamışdıq. Yəni, bu 44 gün ərzində bizim həyatımızın,
günümüzün yarısı kədərli, yarısı sevincli idi. Bütün Azərbaycan xalqında inam var idi
ki, biz bunu edəcəyik.
Torpaqlarımızın işğaldan azad olunması xalq qarşısında, tarix qarşısında, gələcək
nəsillər qarşısında bizim borcumuz idi və biz bu borcu şərəflə yerinə yetirdik. Şuşa,
əlbəttə ki, hər bir azərbaycanlı üçün doğma, əziz şəhərdir, böyük rəmzi məna daşıyır.
Təsadüfi deyil ki, Şuşa Azərbaycanın Mədəniyyət Paytaxtı elan edildi. Ancaq bütün
digər şəhərlər də Azərbaycan xalqı üçün Şuşa qədər əzizdir və doğmadır. Hər qarış
torpaq bizim torpaqdır və onları biz azad etməli idik.
Müsahibə zamanı qeyd edilib ki, Vətən həsrəti ilə yaşamış insanlar tezliklə öz
yurdlarına, öz torpağına qayıtmaq istəyirlər. Ancaq onu da çox yaxşı bilirlər ki, orada
bütün evlər, bütün şəhərlər dağıdılıb. Azad edilmiş torpaqlarda Qarabağda və Şərqi
Zəngəzurda indi həm minalardan təmizləmə işləri, eyni zamanda, infrastruktur işləri
sürətlə gedir. Tərəfimizdən böyük infrastruktur layihələri – yollar, elektrik xətləri, su
xətləri, hava limanları, dəmir yolları sürətlə reallaşdırılır. Bunlar olmadan oraya həyat
qayıda bilməz. Eyni zamanda, Ağdam şəhərinin baş planı da mayın 28-də, bizim
Müstəqillik Günündə təsdiqləndi və orada işlər artıq başlayır.
Prezident öz müsahibəsində Ermənistanla danışıqlara toxunub. Danışıqlar prosesi
çərçivəsində Ermənistan daim bizə qarşı hərbi təxribatlar törədirdi. Müzakirə
prosesinin müxtəlif dövrlərində fərqli xarakterli təxribatlar baş verirdi. Danışıqlar
prosesində bir az tərəqqi olan kimi dərhal hərbi təxribat törədilirdi, mülki əhaliyə
hücum edirdi və danışıqları pozurdu.
Ermənistanın ballistik raketlərlə və artilleriya qurğuları ilə daim bizim şəhər və
kəndlərimizi atəşə tutmağının nəticəsində 100-dən çox mülki şəxs, o cümlədən
qadınlar və uşaqlar həlak oldular. Bu görüntülər var. Gəncə, Bərdə, Ağdam,
Goranboy, Naftalan, Tərtər, Füzuli və digər bölgələrimizi hər gün atəşə tuturdular.
Tərtər şəhərinə 20 minə yaxın raket düşmüşdür. Ancaq Azərbaycan xalqının iradəsini
qıra bilmədilər. Öz yaxınlarını, öz qohumlarını, əqrəbalarını itirmiş insanlar da
deyirdilər ki, ancaq irəli getməliyik. Yəni, ermənilərin bu qeyri-insani davranışı da
onlara heç bir xeyir, mənfəət gətirmədi, sadəcə olaraq, dünyanın gözü qarşısında
özlərini növbəti dəfə vəhşilər kimi göstərdilər.
Müsahibə zamanı Vətən müharibəsində Türkiyənin dəstəyindən söz açıb. İkinci
Qarabağ savaşının ilk saatlarından Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın
qətiyyətli açıqlamaları çox böyük və müsbət rol oynadı. O demişdir ki, Türkiyə
Azərbaycanın yanındadır və Azərbaycanın haqq işində Türkiyə Azərbaycana siyasi
və mənəvi dəstək verir və verəcəkdir. Bu gün dünya miqyasında Türkiyə ilə
Azərbaycan qədər bir-birinə yaxın olan ölkələr yoxdur. Bu birlik, həmrəylik, qardaşlıq
sözdə deyil, əməldədir. Ölkələr arasındakı münasibətlər əməldə olmalıdır. Şuşa
Bəyannaməsi bu qardaşlıq münasibətlərinin zirvəsidir.
Türkiyədə baş vermiş yanğınların söndürülməsində Azərbaycan yaxından iştirak
edib. Türkiyəyə 93 yanğınsöndürən maşın, 700-dən çox yanğınsöndürən yola saldıq.
Onlara hər hansı bir xüsusi təlimat vermək lazım deyildi. Çünki onlar özləri bu faciəni
öz faciəsi kimi qəbul etdilər və qardaş kimi orada çalışdılar.
Prezident İlham Əliyev əlavə edib ki, Türkiyə ilə Azərbaycan ortaq cəhətlərə
malikdir. Ortaq tarix və ortaq etnik köklər hələ o demək deyil ki, ölkələr də qardaş
ölkələr olsunlar, xalqlar da qardaş xalqlar olsunlar. Bizim ölkələrimiz arasında olan
birlik böyük siyasi iradənin nəticəsidir. Yəni, bu, böyük bir siyasətin təzahürüdür. Son
18 il ərzində həm Türkiyə, həm Azərbaycan tərəfindən vahid siyasət formalaşdırılıb.
Ondan daha əvvəl ulu öndər Heydər Əliyevin məşhur kəlamı var: “Bir millət, iki
dövlət”. Bunu indi bilməyən yoxdur. Bu sözlər bizim üçün işıqlı bir yoldur. Bu
vəsiyyətə, bu sözlərə sadiq olaraq biz hər istiqamət üzrə əlaqələrimizi gücləndirdik,
yüksək səviyyəyə qaldırdıq. Yeni nəsil, gənc nəsil gərək bizim yolumuzu davam
etsin. Çünki biz bu təməli qoyduq, yoluna oturtduq, çox güclü müttəfiqlik yaratdıq,
sarsılmaz birlik yaratdıq.
Prezident müsahibəsində işğaldan azad edilən yerlərə qayıdılmasından danışıb. 30
il ərzində ermənilər o yerləri dağıdıblar və bu gün oranı bərpa etmək, əlbəttə ki, vaxt
tələb edir. Bizim burada əsas rəqibimiz zamandır. Çünki Qarabağın və Şərqi
Zəngəzurun bərpası üçün kifayət qədər maliyyə vəsaiti toplanıb və səfərbər olunub.
Amma bizim əsas rəqibimiz zamandır və hər kəs anlamalıdır ki, burada da zamana
ehtiyac var. Lakin biz vətəndaşlarımızı ən qısa müddət ərzində qaytaracağıq. Birinci
pilot layihə artıq gerçəkləşir, Zəngilan rayonunda 3 kəndi birləşdirən bir layihə bu ilin
sonuna, ya da ki, gələn ilin əvvəlinə hazır olacaqdır.
Biz istəyirik Ermənistanla sülh müqaviləsi imzalansın. Ermənistan və
Azərbaycan bir-birilərinin ərazi bütövlüyünü tanısınlar və sərhədlərin delimitasiyası
prosesi də başlasın. Ancaq bu günə qədər Ermənistandan müsbət cavab almamışıq.
Görünür ki, Ermənistan buna hazır deyil, ya da bunun əleyhinədir. Əgər buna etiraz
edirlərsə, açıq söyləsinlər ki, onlar Azərbaycanla sülh müqaviləsi imzalamaq
istəmirlər. Belə olan halda biz də öz siyasətimizi buna uyğun şəkildə aparacağıq.
Əgər Ermənistan buna hazırdırsa, əgər Azərbaycanın bütün dünya tərəfindən
tanınan ərazi bütövlüyünü tanımağa hazırdırsa, onda əlbəttə ki, bölgəyə
uzunmüddətli sülh gələcək.
Lakin Ermənistanda cəmiyyət bu gün çox çətin psixoloji durumdadır. Ermənistanda
ifrat millətçilik, türkofobiya, azərbaycanofobiya, islamofobiya o dərəcədə insanların və
hakim dairələrin beyinlərini zəhərləyib ki, onlar sülhü istəsələr də, dilə gətirə bilmirlər.
Ermənistanda cəmiyyət və hakimiyyət təbii ki, indi çox çətin bir psixoloji durumdadır.
Çünki onların otuz il ərzindəki ideoloji sütunları darmadağın edildi, mifologiya
darmadağın edildi. Erməni ordusunun “müzəffər ordu” olmasını biz 44 gün ərzində
yerlə bir etdik. Onların ərazi iddiaları məhv edildi.
Dövlət başçısı müsahibəsində qətiyyətlə bildirib ki, Rusiyanın sülhməramlı
qüvvələrinin nəzarətində olan ərazilərə Ermənistandan silahlar və hərbçilər göndərilə
bilməz. Bu məsələ 10 noyabr üçtərəfli Bəyanatına ziddir. Təəssüf ki, bu günə qədər
davam edir. Biz bir neçə dəfə şifahi qaydada öz iradlarımızı bildirmişdik. Ancaq
bunun nəticəsi olmadı, ona görə biz rəsmi qaydada bunu bildirdik. Biz Laçın dəhlizi
ilə Rusiya sülhməramlı qüvvələrinin nəzarətində olan bölgələrdə baş verən hadisələri
də izləyirik. Xankəndiyə gedən avtomobillərin sayını dəqiqliyi ilə bilirik.
Bu gün Cənubi Qafqazdakı vəziyyət dəyişir və 3+3 formatı da gündəlikdədir. Bu
məsələdə də Azərbaycanın və Türkiyənin mövqeləri üst-üstə düşür. Biz bu formatı
dəstəkləyirik və ümid edirik ki, digər ölkələr də buna qoşulacaqlar.
Xankəndidə və ətraf kəndlərdə yaşayan ermənilər də bizim cəmiyyətimizə mütləq
inteqrə edilməlidir
Rusiyadan gözləntimiz üçtərəfli Bəyanatın bütün müddəalarının yerinə
yetirilməsidir. Bu üçtərəfli Bəyanatı Azərbaycan, Rusiya və Ermənistan rəhbərləri
imzalamışlar və onların böyük qismi artıq gerçəkləşib.
Dövlət başçısı sonda Zəngəzur dəhlizindən danışıb. Qeyd edib ki, Zəngəzur
dəhlizinin açılması bir çox məqsədlərə, hədəflərə xidmət edir. Azərbaycanla Türkiyə
yeni bir nəqliyyat layihəsi ilə birləşəcək. Dörd il bundan əvvəl Bakıda Bakı-Tbilisi-
Qars dəmir yolunun rəsmi açılış mərasimi olmuşdur. Biz bu dəmir yolu sayəsində
Türkiyə ilə birləşdik. Zəngəzur dəhlizi isə ikinci bir birləşmə istiqaməti olacaq.
Beləliklə, bizim üçün yeni fürsətlər ortaya çıxacaq. Eyni zamanda, Azərbaycan öz
ayrılmaz hissəsi olan Naxçıvan Muxtar Respublikası ilə də dəmir yolu ilə birləşəcək.
Eyni zamanda, biz tələb edirik ki, avtomobil yolu da çəkilsin – Ermənistanın nəzarəti
altında olan Qərbi Zəngəzur ərazisində, Mehri bölgəsində. Çünki bu da mütləq
lazımdır. Zəngəzur dəhlizinin tam fəaliyyəti üçün həm dəmir yolu, həm avtomobil yolu
olmalıdır. Əfsuslar olsun ki, Ermənistan buna etiraz edir. Son günlərə qədər
Zəngəzur dəhlizinin açılmasına etiraz etmişdi. Ancaq biz Bakıda avtomobilə əyləşib
oradan rahatlıqla Türkiyəyə və Naxçıvana keçməliyik.