Hacıbədəllidə bol pambıq yetişdirilir

         Rayonun Hacıbədəlli kəndində sovetlər dönəmindən geniş pambıqçılıq təsərrüfatları fəaliyyət göstərib. Müstəqillik illərində də bu gəlirli kənd təsərrüfatı sahəsinin inkişaf etdirilməsi istiqamətində burada mühüm addımlar atılıb. Təsadüfi deyildir ki, sözügedən inzibati ərazi vahidində hər il bol pambıq yetişdirilir.

Cari təsərrüfat ilində də kəndin pambıq əkini sahəsində yaxşı nəticələr əldə olunub. Belə ki, burada fəaliyyət göstərən 52 fermer təsərrüfatının 320 hektar əkin sahəsində yüksək məhsul yetişdirilir. Tarlalarda pambıq bitkisinə lazımi qulluqlar göstərilir. Bu məqsədlə əkin sahələrində geniş kultivasiya, yemləmə, suvarma, ziyanvericilərə və xəstəliklərə qarşı mübarizə tədbirləri həyata keçirilir. Bütün təsərrüfatlarda məhsul artıq yüksək inkişaf fazasına daxil olub. Əksər sahələrdə faraş daban qozalarının açılması geniş müşahidə olunur. Kənd sakinləri Mirzə Mirzəyev, Yusif Əsədov, Nadir Mürşüdov, İsa Mürşüdov, Fariz Rüstəmli, Elnur Bayramov, Hətəm Nağıyev, Rüfə Qənbərovanın başlıq etdikləri təsərrüfatlarında nəticələr daha ürəkaçandır.

Təsərrüfat rəhbərlərinin dediklərinə görə, havalar əlverişli keçərsə, pambıq yığımına sentyabr ayının əvvəllərindən başlamaq mümkün olacaq.

Yəhya PAŞAZADƏ

Şərhlər