Kür-Araz Çaylarında Bəndlərin İstismarı İdarəsinin rəisi Elman Nuriyev bildirib ki, 2012-2020-ci illərdə qaya uçqunlarının qarşısının alınması məqsədilə 12345 poqonometr, 327418 kubmetr həcmində daş-betonla sahilbərkitmə işləri aparılıb. 2020-ci ildə isə cari təmir planına uyğun olaraq, 4740 kubmetr, podrat üsulla isə 1910 min kubmetrlik torpaq işləri yerinə yetirilib. Həmçinin əsaslı təmir planı üzrə 1519 poqonometr, cari təmir hesabına isə 288 poqonometr sahilbərkitmə işləri görülüb. 578,9 kubmetr həcmində torpaq işlərinin, eləcə də 2315 poqonometr uzunluğunda, 45380 kubmetr həcmində daş-betonla sahilbərkitmə işlərinin aparılması da nəzərdə tutulub.
“Hazırda Kür çayı boyunca işlər davam edir. Bu çayın 906 kilometri ölkəmizin ərazisindən keçir və hesablamalara görə, 2000-dən çox döngə var. Onlardan 700-ü isə daha iti bucaq altında olduğu üçün sahilyuma prosesi də intensiv olur. Hazırda Sabirabadın Qasımbəyli və Axtaçı kəndləri ərazisində Kür çayının sərt döngələrində sahil hissə daş-betonla bərkidilir. Qasımbəyli kəndində 2315 metr məsafənin 320 metrində işlər tamamlanmaq üzrədir. Salyan rayonu üzrə Çuxanlıda 90 poqonometr, Noxudluda 150 poqonometr uzunluqda işlər başa çatdırılıb. Daha sonra Qazax rayonunun Birinci Şıxlı, Neftçala rayonunun Beşdəli, Qaraümmanı kəndləri və Xıllı qəsəbəsində bəndbərkitmə işləri görüləcək”, – deyə o əlavə edib.
İdarədən verilən məlumata görə, 2021-ci ilin 7 ayında, ümumilikdə, 55,7 kilometr bənd təmiri, 61,4 kilometr qayakəsmə, 4,9 kilometr isə məcratəmizləmə işləri görülüb. Bu işlər Qazax, Ağcabədi, Ucar, Zərdab, Kürdəmir, Hacıqabul, Salyan, Neftçala və digər rayonların ərazisində Kür çayı boyunca, Saatlı və İmişli rayonları ərazisində Araz çayı boyunca, Ucar, Göyçay və Kürdəmir rayonları ərazisində isə dağ çayları boyunca yerləşən mühafizə bəndlərində və çay sahillərində icra olunub