Avropa İttifaqının maliyyə dəstəyi, UNİCEF Azərbaycan, Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta TƏBİB-in tərəfdaşlığı ilə Ağcabədi rayonunda “Ağcabədidə erkən uşaqlıq dövrünün inkişafı üçün ev ziyarəti proqramının təşkili” pilot layihəsi həyata keçirilir.
1 yanvar 2021-ci il tarixindən başlayan layihənin məqsədi uşağın ailədə xoşbəxt böyüməsini təmin etmək üçün patronaj xidmətlərin (ev ziyarəti xidmətlərinin) təkmilləşdirilməsidir.
Layihə çərçivəsində Ağcabədi rayonunda ÜST və UNİCEF tərəfindən hazırlanan Universal və Mütərəqqi Ev Ziyarətləri Modeli üzrə təlimləndirilmiş tibb bacıları-ev ziyarətçiləri hamilə qadınlar və 0-3 yaşlı uşaqların ailələrinə səfərlər edərək uşağın inkişafına neqativ təsir edə biləcək amillərdən, ana südünün, düzgün qidalanmanın əhəmiyyətindən danışır, ailədə olan sosial, psixoloji, iqtisadi, sağlamlıq problemlərini üzə çıxarır və sosial işçilərin dəstəyi ilə problemlərin aradan qaldırılması istiqamətində ailə üzvləri ilə birgə iş aparır, eləcə də yerli icmalarda maarifləndirmə tədbirlərini təşkil edirlər.
11 avqust 2021-ci il tarixində Ağcabədi rayonunun Ağabəyli kənd icra, bələdiyyə, səhiyyə, məktəbəqədər və ibtidai təhsil, o cümlədən QHT nümayəndələrinin, eləcə də layihədən bəhrələnən ailələrin iştirakı ilə “Erkən uşaqlıq dövrü inkişafı və Patronaj Xidmətlər barədə yerli icmaların maarifləndirilməsi” mövzusunda ilk İcma Görüşü keçirilmişdir. Görüşdə “Əlilliyə Erkən Yardım Portec Şəbəkəsi “ İctimai Birliyi, Ağcabədi Gənclər Təhsil Mərkəzi (GTM), “Ağdam Regional Gender Mərkəzi“nin nümayəndələri tərəfindən hamiləlik və erkən uşaqlıq dövrünün uşağın gələcək həyatında rolu, uşağın xoşbəxt böyüməsi üçün sağlam, təhlükəsiz və qayğıkeş mühitin yaradılmasında patronaj xidmətlərin əhəmiyyəti, eləcə də uşağın tərbiyəsində ataların rolu barədə təqdimatlar edilmişdir.
Avqust-sentyabr aylarında Ağcabədi şəhəri, Yuxarı Qiyaməddinli, Böyük Kəhrizli, Bala Kəhrizli, Boyat, Pərioğullar kəndlərində də maarifləndirici icma görüşlərinin keçirilməsi nəzərdə tutulur.
UNİCEF-in “Azərbaycanda həssas vəziyyətdə olan uşaqlar üçün icma və ailə əsaslı inteqrasiyalı sosial yardımın inkişafı” proqramı çərçivəsində keçirilən layihə “Əlilliyə Erkən Yardım Portec Şəbəkəsi” İctimai Birliyi tərərfindən icra edilir.