13 avqust 2021-ci il tarixdə pandemiya qaydaları gözlənilməklə Ağcabədi Rayon Heydər Əliyev Mərkəzində erkən nikahın qarşısının alınması istiqamətində “Sağlam gələcək üçün erkən nikaha yox deyək!” adlı tədbir keçirildi. Ağcabədi Rayon İcra Hakimiyyəti yanında yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyasiyasının məsul katibi Vüsalə Məmmədova, “Aran” qəzetinin redaktoru Məhsəti Ağayeva, Mədəniyyət işçisi, Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair Gündüz Sevindik, Ağcabədi Pedaqoji Kollecinin tələbələri, rayon gəncləri, GİKM-in Ağcabədi nümayəndəliyinin əməkdaşları və könüllülərinin iştirakı ilə keçirildi.
Öncə, Ağcabədi rayon Heydər Əliyev Mərkəzinin direktor səlahiyyətlərini icra edən Rövşanə Əliyeva çıxış edərək qeyd etdi ki, 18 yaşdan əvvəl həyata keçirilən evliliklər erkən evlilik hesab olunur və qanun pozuntusu sayılır. Digər tərəfdən də erkən yaşda uşaqlar ailə qurmağa fizioloji, psixoloji cəhətdən hazır olmurlar və bu cür erkən nikahlar sonradan onların həyatında bir sıra böyük fəsadlar yaradır. Bu fəsadlar məişət zorakılığından tutmuş, doğuş zamanı ana-uşaq ölümləri və fiziki-psixoloji çətinliklərə kimi bir çox problemlərə yol açır. Belə hallara qanunvericilikdə icazə verilən yaşda ailə quranlarla müqayisədə, erkən nikaha girən ailələrdə daha çox rast gəlinir. Erkən nikahların qarşısının alınması üçün həyata keçirilən profilaktik tədbirlərin daha təsirli olması və nəticə verməsi üçün maarifləndirmə işlərinin yalnız uşaqlar və şagirdlər arasında aparılması kifayət deyil. Çünki, bu haqda məktəbliyə nə qədər yeni informasiya verilsə də, evdəki mühitdə yenə valideyndən asılı vəziyyətdə qalır. Silsilə tədbirlər həyata keçirilməyinə, maarifləndirmə işləri aparılmağına baxmayaraq hələ də erkən nikah Azərbaycanda aktual problemlərdən biri olaraq qalmaqdadır. Ona görə də, maarifləndirməyə eyni zamanda müəllimlərin, din xadimlərinin, bölgənin nüfuzlu adamlarının və valideynlərin cəlb edilməsi, bu haqda insanlara düzgün məlumatların çatdırılması vacibdir.