Soyuducu anbar fəaliyyətini genişləndirir

         “Fidan” MMC-nin nəzdində yaradılmış 5 min tonluq Rəncbərlər soyuducu anbarı 2014-cü ildən fəaliyyət göstərir. Sözügedən anbarın icraçı direktoru Rizvan Əsədovun dediklərinə görə, bütün meyvə-tərəvəz növlərinin saxlanılması ilə məşğul olan soyuducu anbar Bərdə, Ağdam, Ağcabədi və Göyçay rayonlarından gətirilən məhsulların qorunmasına xidmət göstərir.

9 nəfər işçinin çalışdığı anbarda meyvə və tərəvəzlərin etibarlı mühafizə edilməsi üçün hər cür şərait yaradılıb. Bu gün tədarük və təchizat mərkəzi yeni meyvə-tərəvəz məhsulları qəbul etməyə tam hazır vəziyyətdədir.

Soyuducu anbar ötən 2020-ci ildə səmərəli fəaliyyət göstərib. Burada respublikanın ayrı-ayrı bölgələrinə məxsus müəssisələr tərəfindən müraciətlər əsasında meyvə-tərəvəz məhsullarının yüksək səviyyədə saxlanılması təmin olunub. Qeyd edək ki, 44 günlük Vətən müharibəsi dövründə respublika üzrə bütün yardımlar Rəncbərlər soyuducu anbarında yerləşdirilib. Həmin yardımların saxlanılması təmənnasız olaraq həyata keçirilib. 13 gün ərzində 25 nəfər anbulans sürücüsünə, həkimlərə nahar və şam yeməkləri verilib.

Bundan əlavə, erməni silahlı qüvvələrinin hücumları zamanı cəbhəyanı ərazilərdən müvəqqəti köçkün düşmüş sakinlər soyuducu anbarın yardımçı binasında sığınacaqla təmin ediliblər.

Rizvan Əsədov bunu da əlavə edib ki, qonşu rayonlarda soyuducu anbarın olmasına baxmayaraq, ən çox müraciətlər Rəncbərlər qəbul-təchizat mərkəzinə edilir. Odur ki, burada daha yüksək xidmət göstərmək üçün bütün imkanlar səfərbərliyə alınıb.

Şərhlər