Azərbaycanlı yanğınsöndürənlərin sonuncu qrupu Türkiyədən qayıdıb
Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, Türkiyədə baş vermiş meşə yanğınları ilə mübarizə məqsədilə qardaş ölkəyə göndərilmiş Azərbaycan Fövqəladə Hallar Nazirliyinin yanğın-xilasetmə qüvvələri 16 avqust 2021-ci il tarixindən etibarən hissə-hissə ölkəmizə qayıdır.
FHN-in xüsusi texnika və canlı qüvvəsindən ibarət sonuncu qrup 19 avqust 2021-ci il tarixdə geri qayıtdı. Onların arasında Ağcabədi rayon Dövlət Yanğından Mühafizə Hissəsinin əməkdaşları da var idi. Rayona çatar-çatmaz həmin əməkdaşların ikisi ilə görüşməyə nail olduq. Üzlərindən yorğunluq hiss olunsa da, öz təəssüratlarını bizimlə bölüşdülər.
Beləcə, öyrəndik ki, qardaş Türkiyəyə Ağcabədi rayon Dövlət Yanğından Mühafizə Hissəsinin 4 əməkdaşı və iki yanğınsöndürən maşını göndərilibmiş. Həmin əməkdaşlardan Samir Mehdiyev və Sahil Əzizov birinci qrupla yola düşüblər.
Həmsöhbətlərim isə digər iki nəfər – Aqil Allahverdiyev və Arif Süleymanov idi. Onlar Türkiyənin Muğla şəhərində yanğınların söndürülməsində iştirak ediblər. Arif Süleymanovun deməyə sözünün çox olduğunu üzündən oxusaq da, nədənsə az danışmağa üstünlük verir, arada Aqil Allahverdiyevin sözlərinə qoşulur, onun yaddaşını təzələyirdi. Beləcə, Aqil bəylə söhbətimizə davam edirik. Həmsöhbətim deyir ki, Gürcüstan ərazisindən keçərək Türkiyəyə üç gün yarıma çatdıq. Yanğınları söndürmək üçün texnika ilə çox yüksəklərə qalxmışdıq. Həddindən artıq təhlükəli vəziyyət vardı. Yanğın çox güclü idi .Yuxarıya doğru yalnız buldozerin açdığı yol sayəsində qalxırdıq. Bəzən dağdan enə bilməyib maşında yatdığımız vaxt da olurdu. Yanğın gözlənilmədən başlayırdı. Bir yeri söndürüb soyutma işləri aparırdıq, bir də gözləmədiyimiz başqa yerdən alov qalxırdı. Orada əksəriyyəti şam ağacları idi, ona görə də yanğın surətlə artırdı. Amma buna baxmayaraq öz evimizmiş kimi mübarizə aparırdıq. Nə aclıq, nə susuzluq düşmürdü yada.Texnika çox gözəl işləyirdi.Vicdanla,bütün gücümüzlə çalışırdıq. Türkiyə ya Azərbaycan… Nə fərqi var axı? Siz hələ görəydiniz onlar bizi necə qarşıladılar. Necə coşqu ilə,alqışlarla. Bu, bizim üçün böyük güc idi. İnsan özü ilə fəxr edir. Eyni sevgi və alqışlarla da bizi yola saldılar. Gəlməzdən öncə camaatla bir yerdə olduq. Avtomobillərdə yüksək səslə mahnılar qoşmuşdular. Əllərində Azərbaycan və Türkiyənin bayraqları, iki dövlətin birliyinə dair şüarlar səsləndirirdilər. Bizə hədiyyələr də payladılar. Həqiqətən də qürurverici anlar idi.
– Demək olar ki, bu da bir müharibə idi, elə deyilmi?
–Əlbəttə…
Söhbətimizə Ağcabədi rayon Dövlət Yanğından Mühafizə Hissəsinin rəisi Elçin Quliyev də qoşulur:
– İndicə yanğını müharibəyə bənzətdiniz. Bəli, həqiqətən belədir. Burada bizim də silahımız su idi. Çox şükürlər olsun ki, öhdəsindən gəlməyi bacardıq. İki qardaş xalq çətin gündə bir-birinin yanında olduğunu bir daha sübut etdi. Azərbaycanın yüksək səviyyəli texnikaları var. Ağcabədidəki 9 yanğısöndürən maşından ikisi getmişdi. Laçın və Zərdabdan da maşınlar göndərilmişdi. Vətən müharibəsində necə birlik var idisə, Türkiyədəki yanğınlar zamanı da eyni birliyi gördük. Ürəyimiz orada döyünürdü. Siz heç bilirsiniz həmin vaxt nə qədər könüllü müraciət edirdi? Bax elə bu rayondan şəxsən mənim özümə də müraciətlər olunurdu. Getməyi çox istəyirdilər. Amma ehtiyac olmadığı üçün göndərilmədilər…
Aqil Allahverdiyev:
-Ürəklə,vicdanla işləməyimizin sayəsində yanğın tamamilə söndürüldü. Azərbaycanın burada rolu böyük idi. Bizi görəndə ağlayanlar da oldu. Çox təsirli anlar yaşadıq. Qardaş qardaşa çətin gündə arxa durmalıdır. Şükür, bu bəlanı da beləcə dəf etdik. Birliyimiz əbədi olsun!
Uzun yol gəlmiş həmsöhbətlərimizi çox yormaq istəmirik. Onlara uğurlar arzulayıb sağollaşırıq. Çıxışa doğru gedərkən gözüm dəhlizdəki şərəf lövhəsinə sataşır. Ayaq saxlayıb buradakı fotolara baxıram. Bu vaxt otaqların birindən başqa bir əməkdaş çıxıb tələsik bizə yaxınlaşır və fəxrlə digər fotoların arasından məhz yazımızın qəhrəmanlarını tapıb göstərir:
-Bax, bu Aqil, bu Arif bu Samir… Türkiyəyə gedən həmin əməkdaşlarımızdırlar.
Məhsəti Musa