Öz vətəndaşlarımızı dədə-baba torpaqlarımıza qaytaracağıq

16 avqust 2021-ci il tarixdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Kəlbəcər və Laçın rayonlarına səfər edib.

Qeyd edək ki, Prezident İlham Əliyev işğaldan azad edilmiş bölgələrimizə 10 dəfədən çox səfərlər təşkil edib. Bu səfərlər mühüm əhəmiyyət kəsb edib.

Dövlət başçısının və birinci xanımın azad edilmiş ərazilərimizə növbəti səfərləri Kəlbəcər və Laçın rayonlarına olub.

Hər bir səfər zamanı Prezident, Ali Baş Komandan yerlərdəki vəziyyətlə, artıq başlanmış quruculuq bərpa işləri ilə birbaşa tanış olub, bölgənin perspektivi ilə bağlı planların real tətbiq imkanlarını öyrənib, yeni tapşırıqlar verib.

Hələ Daşkəsən və Goranboy səfərləri zamanı Prezident Kəlbəcər yolu ilə əlaqədar layihələr barədə məlumat vermişdi.

“CNN Türk” kanalına müsahibə zamanı açıq mesajlar verən ölkə rəhbərinin iki gün sonra Laçın və Kəlbəcərə səfər etməsi Bakının mövqeyini və atacağı addımları nümayiş etdirib. Növbəti səfər erməni faşizminin və onları himayə edənlərin ifşası, sərhədlə bağlı yaranmış vəziyyətə dair Azərbaycanın mövqeyinin ifadə olunması, eləcə də Zəngəzur dəhlizi, məskunlaşdırma və quruculuq işləri ilə bağlı aydın mesajlarla yadda qaldı.

Dövlətimizin başçısı işğaldan azad edilmiş ərazilərin ən qısa vaxtda Azərbaycanın ümumi enerji sisteminə qoşulması, bu ərazilərin dayanıqlı və fasiləsiz elektrik enerjisi ilə təchiz edilməsi məsələsinə xüsusi diqqətlə yanaşır. Bunun nəticəsidir ki, bu istiqamətdə işğaldan azad edilmiş bütün yaşayış məntəqələrində, o cümlədən Kəlbəcər rayonunda genişmiqyaslı işlər həyata keçirilib.

Hazırda Kəlbəcər rayonunun ərazisində Lev çayı üzərində 4,4 MVt gücündə “Kəlbəcər-1” Kiçik Su Elektrik Stansiyası tamamilə yenidən qurulur, stansiyanın maşın zalı, aqreqatı, generatoru, idarəetmə panelləri, transformatorları yenilənir.

Kəlbəcər rayonunun elektrik enerjisi ilə təchizatı üçün bunun çox böyük əhəmiyyəti var və cəmi altı ay ərzində bu yarımstansiya ərsəyə gəldi.

Prezident İlham Əliyevin sərəncamına əsasən tikilən Kəlbəcər-Laçın avtomobil yolunun uzunluğu 72,8 kilometrdir. Yol üzərində 3 tunelin tikintisi aparılacaq. Tunellərin ümumi uzunluğu 9450 metr olacaq. Səfər zamanı ölkə rəhbəri İstisu sanatoriyasının mövcud durumu ilə tanış olub. O, qeyd edib ki, İstisuya öz əvvəlki şöhrətini qaytarmaq qarşıda duran vəzifələrdən biridir. Prezident İlham Əliyev Kəlbəcərin bərpası, yenidən qurulması prosesinə start veriləcəyini bildirib.

Ermənistanı Şərqi Zəngəzurla və Qarabağla üç yolla birləşdirmək üçün yol çəkirdilər. Bunun yeganə məqsədi qanunsuz məskunlaşma siyasəti aparmaq idi və bu da hərbi cinayət sayılır. Bu məsələ ilə məşğul olan beynəlxalq qurumlar, ilk növbədə, ATƏT-in Minsk qrupu buna laqeyd yanaşmışdır, Ermənistana heç bir irad tutmamışdır, onları bu işlərdən çəkindirməyə cəhd etməmişdir, sadəcə olaraq, müşahidəçi kimi bunu müşahidə etmişdir.

Prezident bildirib ki, Basarkeçərdən Kəlbəcərə getmək üçün Laçın dəhlizinə asfalt yol çəkilməsi də qanunsuz idi. Azərbaycan buna zamanında etiraz etmişdir. İndi həmin yoldan Azərbaycan tərəfi istifadə edir. Düşməni torpağımızdan qovduq və indi bu yoldan istifadə edirik. Ona görə bu yolu da hərbi qənimət saymaq olar. Bura heç vaxt erməni torpağı olmayıb və bundan sonra heç vaxt olmayacaq. Bu, Azərbaycan torpağıdır. Biz azərbaycanlılar – bu torpaqların sahibləri qayıtmışıq.

 Azad olunmuş ərazilərdə su elektrik stansiyalarının sayı təxminən 20-yə çatdırılacaq. Qarabağ və Şərqi Zəngəzur “yaşıl enerji” zonası kimi yaşayacaq.

Cəmi 7-8 ay ərzində bu qədər işin görülməsi bizim gücümüzü göstərir, əzmkarlığımızı göstərir, güclü siyasi iradəni göstərir.

Prezident İlham Əliyev Kəlbəcər-Laçın avtomobil yolu üzərində tikiləcək 3,4 kilometr uzunluğundakı tunelin təməlini qoyub.

O, qeyd edib ki, Laçın rayonunun Qorçu kəndində inşa edilən hava limanı mühüm əhəmiyyət kəsb edir. Füzuli Beynəlxalq Hava Limanı bu ilin sonuna, ya da gələn ilin əvvəlinə istismara tam hazır olacaq. Zəngilan Hava Limanının istifadəyə verilməsi 2022-ci il üçün nəzərdə tutulub. Göstərilib ki, azad edilmiş ərazilərdə quruculuq bərpa işlərini əsasən Azərbaycan şirkətləri həyata keçirir. Azərbaycanla bərabər böyük layihələrdə qardaş Türkiyə şirkətləri də fəal iştirak edirlər.

Prezident Kəlbəcərin azad edilməsini tarixi hadisə adlandırıb. Onun sözlərinə görə, Kəlbəcərin işğal altına düşməsi isə xalqımızın böyük faciəsi idi.

Dövlət başçısı digər səfərlərində olduğu kimi Kəlbəcər və Laçın rayonlarına səfər zamanı da  yaxın tariximizin mühüm məqamlarına toxunub, qəhrəmanlıq tariximizlə yanaşı, torpaqların itkisinə səbəb olmuş xəyanətlərin, kobud siyasi səhvlərin unudulmamasına diqqət çəkib.

Bildirilib ki, Şuşa və Laçının işğala məruz qalması AXC-Müsavat cütlüyünün xəyanəti nəticəsində baş vermişdir.

  • AXC-Müsavat cütlüyü nəyin bahasına olursa-olsun hakimiyyəti zəbt etməyə çalışırdı və onların nəzarəti altında olan bəzi qüvvələr, bəzi satqınlar Şuşanı, demək olar ki, ermənilərə təhvil verdilər.
  • AXC-Müsavat cütlüyünün xəyanətkar, satqın, antimilli hakimiyyəti Kəlbəcərin işğalını şərtləndirdi.
  • Bu hakimiyyət dünya miqyasında, bəlkə də, ən biabırçı hakimiyyətlərdən biri idi, bəlkə də birincisi idi. Ölkə əldən gedirdi, vətəndaş qarşıdurması pik həddə çatmışdı, torpaqlar işğal altına düşürdü, ancaq onlar yalnız öz mənafeyini, öz maraqlarını düşünürdülər.

AXC-Müsavat hakimiyyəti ordu quruculuğuna fikir vermirdi, orduda heç bir islahat aparılmırdı. Əksinə, ordumuzu zəiflətmək üçün hər vasitədən istifadə edirdi.

  • Torpaqlar işğal altına düşürdü, onlar isə öz laxlamış hakimiyyətini qorumaq üçün Gəncəni bombalayırdılar.

Dövlətimizin başçısı səfər zamanı bir sıra mühüm məqamlara da toxunub. O, elm adamlarına, media və təhsil işçilərinə vacib məsləhətlərini verib. Qeyd olunub ki, dərsliklərdə, elmi əsərlərdə, məqalələrdə, kitablarda müharibə ilə bağlı və müharibədən əvvəlki dövrlə bağlı çox müfəssəl və geniş məlumat verilməlidir ki, gələcək nəsillər bunu bilsinlər, o cümlədən erməni vəhşiliyini unutmasınlar.

Türkiyədə indiyədək vaxtilə Osmanlı dövlətinin tərkibində olmuş ərazilərin yalnız türkcə toponimlərindən istifadə edilir. Amma nədənsə bizdə xüsusi hallar istisna edilməklə KİV-lər bu məsələdə həssaslıq göstərmir, tarixi torpaqlarımızın adlarını erməni, rus, gürcü və ya fars toponimləri ilə verirlər.

Halbuki, indiki Ermənistan ərazisində yerləşən bütün digər qədim Azərbaycan yaşayış məntəqələri əsl adları ilə də çağırılmalıdır. Bütün qədim yəni, tarixi adlar bərpa edilməlidir. “Şərqi Zəngəzur”, “Qərbi Zəngəzur” toponimlərinin populyarlaşdırılması Azərbaycanın ictimai fəallarının, elm və media işçilərinin vəzifəsi hesab olunmalıdır.

Ölkə rəhbəri səfər zamanı etdiyi çıxışında erməni faşizminin aqibətinə toxunub. Onun qənaətinə görə, müharibə, eyni zamanda, erməni mifologiyasının tamamilə məhv olması deməkdir.

İkinci Qarabağ müharibəsi ilə Erməni ordusunu “yenilməz ordu” kimi təqdim edən mifologiyaya son qoyuldu. Erməni əsgərinin “cəsur” olması və istənilən müharibədə qalib gələ bilməsi haqda mif darmadağın edildi.

Erməni əsgəri fəraridir, qorxaqdır. Onlar özləri etiraf etdilər və bu da sübut olundu ki, müharibə dövründə Ermənistan ordusunda 10 min fərari olmuşdur. Azərbaycan Ordusunda bir nəfər də olsun fərari olmamışdır.

Azərbaycanlıların öz torpaqları uğrunda vuruşmayacağı, vəziyyətlə barışdıqları haqda mif dağıdıldı. Erməni “sərkərdələri” ilə bağlı mif dağıdıldı. Sirr deyil ki, uzun illər istənilən hərbi vəzifəni yerinə yetirə bilən görkəmli erməni generallar, sərkərdələr haqda mif yaradılmışdı. Biz gördük ki, onların generalları oğrudurlar, “tuşenka” satandırlar. Onların sərkərdələri də qorxaqdırlar, fəraridirlər. Xocalı cəlladları Koçaryan, Sarkisyan, Ohanyan müharibə zamanı Qarabağa soxulmuşdular, orada idilər. Amma görəndə ki, müzəffər Azərbaycan Ordusu öz torpaqlarını qəhrəmancasına azad edir, qaçdılar, gizləndilər. Biz göstərdik ki, bu vəziyyətlə heç vaxt barışmaq fikrində deyildik. Guya, ermənilərin qədim tarixə, mədəniyyətə malik olması və “vəhşi müsəlmanlar” arasında qalması haqda mif çökdürülmüş oldu.

Zaman dəyişir, ancaq erməni faşizmi dəyişmir və dəyişməyəcək. Heç kim bunu unutmamalıdır. İndi onların bəzi hallarda göndərdikləri yaltaqlıqla dolu sözlərinə inanmaq olmaz. Dövlət rəhbəri fikrini davam etdirərək bildirib ki, erməni faşizmini ifşa edən kitablar dərc edilir, təqdimatlar da olacaq.

Cənab İlham Əliyev bunu da əlavə edib ki, işğal dövründə, təbii sərvətlərimizin də talan olunmasına kömək edən xarici şirkətlərin indi iki yolu var: ya bizə təzminat ödəyəcəklər, ya da ki, beynəlxalq məhkəməyə gedəcəklər.

Meşələr ermənilər tərəfindən məhv edilib. Talanın miqyasını müəyyən etmək üçün “Azərkosmos”un imkanlarından da istifadə edilir. Ağacla dolu olan altmış min hektara yaxın sahəni, meşə fondunu ermənilər dağıdıblar.

Ermənilərin bir hissəsi Kəlbəcər rayonunda qanunsuz məskunlaşmışdılar. Ancaq onlar azərbaycanlılara məxsus olan bütün evləri yerlə-yeksan ediblər.

 Prezident Kəlbəcər və Laçın səfəri zamanı Ermənistana və onu himayə edənlərə də açıq mesaj verib.

Azərbaycan sərhədlərini möhkəmləndirmək üçün ciddi addımlar atıb. İndi sərhədçilərimizin yerləşdiyi ərazilər Azərbaycan torpaqlarıdır, yeni sərhədlər də oradan keçəcək. Bakı İrəvana və qeyri-adekvat fikirlər səsləndirən havadarlarına mövqeyini nümayiş etdirdi: geri çəkilmə olmayacaq, reallıq qəbul olunmalıdır, lazım olarsa Azərbaycan sərhədçiləri hazırkı mövqelərdən də irəli gedə bilərlər.

Azərbaycan Prezidenti sonda bunu da qeyd edib ki, Qərbi Zəngəzur hazırda Ermənistanın nəzarəti altındadır. Ancaq Zəngəzur dəhlizinin çəkilişi nəticəsində öz vətəndaşlarımızı dədə-baba torpaqlarımıza qaytaracağıq.

İndiki mərhələdə əsas vəzifə müharibənin nəticələrini möhkəmləndirməkdir, azad edilmiş torpaqlarda möhkəmlənməkdir, Azərbaycan-Ermənistan sərhədində bundan sonra da mövqelərimizi gücləndirməkdir.

Yenidənqurma, bərpa işlərinə artıq start verilib, bu da əsas vəzifələrdən biridir.

Keçmiş məcburi köçkünləri azad edilmiş torpaqlara tədricən qaytarmaq da gündəlikdə duran məsələdir. Zəngilan rayonunda bir neçə aydan sonra artıq birinci qrup keçmiş köçkünlər yerləşəcək.

Eyni zamanda, Ağdam, Cəbrayıl, Füzuli və Xocavənd rayonlarında da pilot kəndlər seçildi. Biz Kəlbəcər şəhərini də, kəndləri də yenidən quracağıq.

Şərhlər