Ünvanı səhv salmayaq

            17 avqust 2021-ci il tarixdə “YouTube” internet kanalında “1 Xəbər” saytının  yayımladığı video materialda əsassız olaraq, Ağcabədi Rayon İcra Hakimiyyətinin kəndliləri suvarma suyu ilə imtahana çəkdiyi iddia olunur. Həmin materialda yer alan adıçəkilən rayonun Avşar kənd sakini Nizami Kərimov müraciətində özünə məxsus olan pambıq əkin sahələrinin susuzluqdan yanmasından şikayətlənib. Səbəbi isə suvarma suyunun şəxsi təsərrüfatlara yönəldilməsi ilə əlaqələndirilib. İstehsalçının sözlərinə görə,  əkin sahələrində yaranmış ağır vəziyyətlə əlaqədar müraciət etmədiyi yer qalmasa da, dərdinə əlac edən tapılmayıb.

            Sözügedən videomaterialda Nizami Kərimov pambıq əkin sahələrində yaranmış vəziyyətlə əlaqədar ölkə Prezidentindən, respublika kənd təsərrüfatı nazirliyindən, digər əlaqədar qurumlardan köməklik istəyib.

            Əvvəla, “Bir Xəbər” saytının məsələni dəqiq araşdırmadan, problemlə üzləşən təsərrüfatın şəraitinə bələd olmadan, yaranmış vəziyyətin nədən qaynaqlandığını bilmədən material yayımlaması, ən azından təəccüb doğurur. İkincisi, göstərilən iradlar tutarlı əsaslandırılmalıdır.

            “Youtube” kanalında əks etdirilən iradlarla əlaqədar Ağcabədi Rayon Suvarma Sistemləri İdarəsinin rəisi Malik Mirzəyevə müraciət etdikdə, tamam başqa bir mənzərənin şahidi oluruq. Malik müəllim məsələyə aydınlıq gətirərək bildirib ki, Avşar kəndi ərazisində fəaliyyət göstərən təsərrüfatların pambıq əkin sahələri Araz çayından su götürən Xanqızı kanalı vasitəsi ilə suvarılır. Araz çayının səviyyəsinin aşağı düşməsi Xan qızı kanalında da su qıtlığının yaranmasına səbəb olub.

            Bu səbəbdən də rayonda pambıq əkin sahələrinin suvarma suyu ilə təmin olunmasında müəyyən çətinliklər əmələ gəlib. Hazırda əkin sahələrində suvarma rayonlararası qrafik əsasında növbə ilə aparılır. Starateji məhsul olduğu üçün suvarma yalnız əkin sahələrinə yönəldilib. Video materialda adı çəkilən Nizami Kərimovun pambıq sahəsi Qaradolaq kəndi ilə Avşar kəndləri arasında meliorasiya və irriqasiya işləri aparılmayan ərazidə R-8 kanalından su götürən 3X-9 suvarma arxının sonunda yerləşir. N.Kərimovun pambıq əkin sahələrinin suvarılmasında əvvəllər yaxınlıqdakı kollektordan istifadə olunub. İndi kollektorda su quruduğundan ondan alternativ vasitə kimi, suvarma məqsədi ilə istifadə etmək mümkün deyil. Bütün bunlar əkin sahələrinin suvarılmasında fasilələr yaradıb.

“Aran”

ARAN-ı sosial şəbəkələrdə izləyin:

Şərhlər