Tanınmışlar haqqında, xüsusən vəzifədə olan insanlar haqqında xoş fikir demək bir az çətindir. Dərhal bir qrup “bəzəkvuran” bunu öz düşüncəsinə uyğun dəyərləndirir və buna görə dəürəyindən keçənləri deməkdən qaçırsan. İstər nazir olsun, istər icra başçısı, istər tanınmış jurnalist, şair, müğənni, aktyor və s. Hər kəsin yaxşı bir tərəfi var və kimsə o tərəfi görəndə, ürəyindəbir minnətdarlıq hissi yarananda fikirlərini bildirmək haqqı da var. Bu gün doğum günü olan, “525-ci qəzet”in baş redaktoru(digər vəzifələri də özünüz bilirsiniz) Rəşad Məcid haqqında isə mən əminəm ki, çoxlarının qəlbindən yalnız xoş sözlər, xoş xatirələr söyləmək, yazmaq keçir. Hətta bəzən üzdəonu qəbul etməyənlərin də ürəyində bir qibtə hissi gizlənir. Həmin adamlarla söhbət zamanı hiss edirsən ki, bu insan haqqında qınayıcı danışanda belə, danışanın gözləri parıldayır, duruşunda, davranışında bir ədabazlıq hiss etdirir, fikrimi daha da dəqiqləşdirsəm, əslində Rəşad Məcidlə ünsiyyətinin olduğunu qabartmaq ona xoş gəlir. Qeybət şəkilində olsa belə…
Təbrik yazısı üçün bir az tərəddüd etdim. Yazılarım “525-ci qəzet”də dərc olunur və mənim Rəşad müəllim haqqında yazmağım əvvəldə qeyd etdiyim kimi, bir az başqa cür görünəbilərdi. Amma son anda kənarın fikirlərini bir anlıq unudub cəsarətimi toplayaraq bir neçə kəlmə ilə təbrik etmək və onun haqqında düşündüklərimi yazmaq istədim. Rəşad müəllimin peşəkarlığından, işindən, vəzifəsindən yazmaq təbii ki, mənim işim deyil… O,öz sözünü demiş, öz yerini tutmuş və sonra gələnlər üçün cığır açmış bir ziyalıdır. Sözün həqiqi mənasında ziyalı. İşığı, nuru ilə başqalarının yolunu aydınladan, bir azacıq istedad gördüyündə onun dibinə su tökən, pöhrələnməsi, böyüməsi, qol budaq atması üçün əlindən gələni edən və bundan xüsusi zövq alan bir insan! Bugünümüzdə bir sıra sayt, qəzet vəteleviziya kanalları rəhbərlərinin istedada qarşı münasibəti arzuolunmazdır. Ya birdən-birə cəlbedici şəkildə meydana çıxacaqsan(vacib deyil istedadın olsun, hay-qara, vay-şüvən salmaqla da iş keçir), səni təqdim edəcəklər, sənin hesabına reytinq yığacaqlar, ya da ümumiyyətlə “qəbul” etməyəcəklər. Bir qəzet redaktoru, söz adamı olaraq Rəşad Məcidin böyüklüyü isə ondadır ki, məhz yuxarıda qeyd olunduğu kimi, dəstək olur, bir balaca közərtiyə də əhəmiyyət verir, üfürərək alovlandırır, o közərtinin böyük işığa çevrilə biləcəyinə inamını itirmir. Hökm deyil ki, dəstək olduğunun hamısı mütləq uğurlu yazar, publisist və s. olmalıdır.
Amma daxilinə qapanmış birinin içində yatan böyüklüyü görmək, onda ən azından özünəinam, cəsarət formalaşdırmaq da insanlığa xidmətdir ki, Rəşad müəllim bunu bacarır, ruhlandırır, lazım gəldikdə incitmədən, qəlbini qırmadan, amma tutarlı şəkildə iradını bildirir, istiqamət verir, bundan yorulmur, ərinmir, əsl insan yetişdirir. Təbii ki, bütün peşələrin, bütün sənətlərin kökündə insanlıq dayanmalıdır. İnsanlığa söykənməyən istedad da, elm də yararsız və ziyanlıdır. Və bu baxımdan əminəm ki, Rəşad Məcidin ətrafındakı gənclər əqidəli, vicdanlı, vətənini sevən, bununla yanaşı dünyanı qucağına sığdırmağı bacaran insanlar kimi yetişirlər.
İçində zərrə qədər qısqanclıq olmayan, ona daş atanlara belədəstək olmaqdan həzz alan, yaxşılıqları təmənnasız, insanlıq xətrinə edən, sadəliyi, səmimiyyəti ilə böyük sevgi qazanan Rəşad Məcidə uzun ömür, can sağlığı, daha böyük uğurlar diləyir,doğum gününüz mübarək olsun deyirəm !
Məhsəti Musa