Elcan Kərimli Camal İbrahimov adına Ağcabədi şəhər 8 saylı tam orta məktəbinin məzunudur. Orta məktəbi fərqlənmə attestatı ilə bitirən mühasibimiz I ixtisas qrupu üzrə keçirilən qəbul imtahanında 648 bal toplayıb. Elcan öz sevincini bizimlə də bölüşüb. Həmin müsahibəni təqdim edirik.
– Elcan, öncə, səni yüksək bal topladığın üçün təbrik edirəm. Və elə baldan danışmışkən, bu nəticəni əldə edəcəyinə inamın var idimi?
– Bəli inanırdım. Hər şey inamdan başlayır. Mən şəxsən inanırdım və və bununla yanaşı həm də möhkəm çalışırdım. Daha yaxşı nəticə əldə edə bilərdim, bu da pis deyil.
– Məlum səbəblərdən dərslərin onlayn şəkildə keçirilməsi sənin üçün çətinliklər törətdimi?
– Çətinliklər oldu. Öhdəsindən gəlməyə çalışdıq. Düşünürəm ki, əyani tədris daha yaxşıdır.
– Birinci hansı ali məktəb və fakültəni seçmək istərdiniz?
-Bakı Ali Neft Məktəbinin informasiya təhlükəsizliyi ixtasını seçmək fikrim var. Tədris ingilis dilində. Çalışıram ki, ilk dövrlərdən xarici dil biliklərimi zənginləşdirim.
– Səncə buraxılış imtahanı çətin idi yoxsa qəbul imtahanı?
-Qəbul imtahanımın nəticəsi buraxılış imtahanına nisbətən zəif oldu. Məncə qəbul imtahanı daha çətin idi.
– Nəticəni öyrənəndə sevincini ilk kiminlə bölüşdün?
– Düzdü, o an yanımda deyildilər, amma telefon vasitəsilə valideynlərimlə bölüşdüm.
– Yüksək bal toplamaq üçün bilik daha çox rol oynayır, yoxsa şans da lazımdı?
– Hər şey şans demək deyil. Çalışmaq, oxumaq lazımdır. Oxuduğun dərsliklərdən sual düşürsə bu elə sənin şansındır.
– Təhsilini bitirdikdən sonra xarici ölkələrə getmək fikrin var?
– Düşünmürəm ki, 4 il sona qədər burda təhsil alım. Bir müddətdən sonra xaricə getmək istəyirəm. İndi getməməyimə səbəb bir yerə gec uyğunlaşmağımdır. Odur ki, bunun üçün zamana ehtiyacım var.
– Evdə səndən balaca uşaqlar varsa, artıq onlara nümunə çəkilirsən. Bu qısqanclıqlara səbəb olmur ki?
– Qısqanclıqlar başlayıb artıq, hətta yüngül “davalara” da çevrilir arada.
– Elcan, maraqlı və səmimi söhbətinə görə minnətdarlığımı bildirirəm. Sənə gələcək işlərində bol-bol uğurlar arzulayıram.
– Mənim üçün də xoş idi. Çox sağ olun.
Söhbətləşdi:Rəmziyyə HƏSƏNOVA