Məsələn, dünyada bəzi şeylər var ki, biz onların haqqında dəqiq məlumata sahib deyilik.
Misal üçün, götürək elə mənim adımı, çox adam elə bilir ki, “cahan” və “dar” sözünün birləşməsindən yaranıb, əslində, bunu doğru bilirlər, ancaq “dar” sözü dilimizdə anladığımız kiçik, balaca mənasında deyil axı… Bu, fars mənşəli sözdür, mənası “malik olmaq” deməkdir. “Cahandar” – yəni “dünyaya malik olan” mənasını verir…
Yəqin, “cahan” sözünün də “dünya” mənasını verdiyini özünüz bilirsiniz, açıqlamaq artıq olar… Dünya… Dünya…
Gör nə yadıma düşdü: İkinci dünya müharibəsinə. “Cahan müharibəsi” də deyirlər. Ona görə yadıma düşdü ki, biz onun da haqqında bəzi şeyləri dəqiq bilmirik. Tutaq ki, onun başlanma tarixi haqqında kimsə soruşanda, deyirik, 1941-ci il. Əslində isə, 1939-cu ildir. Olur dəə. Bir də görürsən, əmilər, dayılar “savadımızı”, necə həkim, müəllim olmağımızı yoxlamaq üçün bu tipli suallar verirlər:
– İkinci dünya müharibəsi neçənci ildə başa çatıb, ay müəllim, ay həkim ? – Bu sualı verəndə onların səsində istehza da hiss edirsən.
– 1945-ci ildə. – Deyə, cavab verirsən.
Həqiqətdə isə başa çatmayıb.
Aha, düz oxudunuz, ikinci dünya müharibəsi başa çatmayıb. And içirəm ki, mən dəli deyiləm və siz tam doğru oxudunuz, bəli, ikinci dünya müharibəsi hələ bitməyib.
Bahoo! A kişi, sizin kəndi, şəhəri deyə bilmərəm, amma bizim kənddə hal-hazırda da davam edir. Baxın, istəsəniz, mən bunu faktlarla sizə sübut edə bilərəm. Şəkillər də çəkmişəm, qoy onlar danışsın. Lap istəməsəniz də, sübut edəcəyəm.
Baxın bu şəkilə, bu, kəndimizin düz mərkəzində yerləşən, ikinci dünya müharibəsinə aid abidədir. Uşaq vaxtı elə bilirdim, bu abidə hərəkətsizdir, donmuş vəziyyətdədir, sadəcə, heykəldir, amma böyüdükcə onun dəyişdiyinin, hərəkətdə olduğunun, – “müharibənin” davam etdiyinin şahidi oldum. İndi gözlərinizi və fikrinizi çevirin şəklin, daha doğrusu, şəkildəki həmin səhnənin üzərinə; deməli, çiynində və əlində silah olan bir neçə əsgər… Doğrudur, istər-istəməz, qəfil qayıdacaqsınız ki, hanı onların silahları bəs ? Təmkinli olun, deyəcəm hamısını.
Düzünü axtarsanız, bir zaman, yəni mənim uşaqlıq illərimdə onların silahları çiyinlərində və əllərində idi… Deyəsən, əsas məsələ yadımdan çıxmaq üzrəydi ki, tez onu yaxaladım. Nədir o əsas məsələ ? Desəm, inanacaqsınız ? Onsuz da inanmasanız da deyəcəm: bu əsgərlərlə “müharibəni” artıq elə kəndimizin uşaqları, hətta bəzən gəncləri aparırdılar və aparırlar. Onlar o qədər nankor oldular, bizi qoruyan əsgərlərə qarşı “müharibəyə” başladılar. Əvvəl silahlarını əllərindən alıb, tərki-silah etdilər. Sonra işgəncə verdilər; ayaqlarını və qollarını sındırdılar. Bədənlərinin müxtəlif yerlərinə kəsilmiş-deşilmiş yaralar vurdular…
Şəklə bir az da diqqətlə baxın, lap yaxından baxın, baxın, nə görürsünüz ? Əlbəttə, kol-kos, ağac… Bəs ağacın arxasında nə var ? Hə, görə bilmədiniz. Ağacın arxasında daha bir əsgər və qadın, səhv etmirəmsə, uşaq da var, ancaq uşağı görə bilmirəm, ola bilsin, balacadır deyə, daha yaxşı gizlənə bilib.
Yəni bu əsgərlər özlərini qabağa verib, qadını və uşağı ağacın, kolun arxasında gizlədiblər ki, “düşmənlər” onları görməsin, yoxsa onlara da işgəncə verərlər, məhv edərlər və s.
Mən uşaq olanda, bu ağac və kol-filan burada yox idi. Lənət şeytana, üzrlü bilin, sizi çaşdırdım, elə dedim. Belə çıxdı ki, sanki ağac-zad burada sonradan, baxımsızlıqdan bitib. Yox, demək istəyirdim ki, onda, görünür, sülh dövrü idi, onlar gizlənməyə ehtiyac duymurdular. Sonra kəndimizdə onlara qarşı “müharibə” elan ediləndə, nəsə tapıb arxasında, heç olmasa, qadınları, uşaqları gizlətmək məcburiyyətində qalıblar. Mühasirəyə düşüblər… Zavallı əsgərlər! Təxminən 80 illik müharibə onları lap təngə gətirib, yorub, əldən salıb… Hələ özününkülərlə müharibə etmək faciədən də o yanadır… Ətrafa baxıram, tör-töküntü və dağınıq, sanki bura bizim öz balaca Suriyamızdır…
Uca Tanrı özü onlara yardımçı olsun! Qoy tezliklə onlar buradan ya azad olub getsinlər, ya da bu “savaş” – “vətəndaş müharibəsi”, “qardaş qırğını” dayansın, sülh olsun, bu talesizlərin ağacdan, kol-kosdan canları qurtulsun.
SÜLH – hər iki tərəfin qələbəsidir! Hər iki tərəfə qələbə arzulayıram.
Cahandar AYBƏR