Vətən müharibəsi dönəmində rayonun Hindarx qəsəbəsi də Ermənistan silahlı qüvvələrinin çoxsaylı raket, top atəşlərinə məruz qalıb. 5 oktyabr 2020-ci il tarixdə xain düşmənin aramsız artilleriya mərmilərindən biri də sözügedən qəsəbə sakini Emin Abduləliyevə məxsus yaşayış evinin üzərinə düşüb. Atılan mərminin təsirindən yaşayış evi tamamilə dağılıb, yararsız hala salınıb. Evdə olan məişət əşyaları bütünlüklə sıradan çıxıb. Xoşbəxtlikdən Emin və onun 3 nəfər ailə üzvü faciədən xilas ola biliblər.
Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən respublikamızın cəbhəyanı bölgələrində erməni faşistlərinin mərmilərinə tuş gələrək dağılmış, zədələnmiş evlərin, qeyri-yaşayış binalarının bərpasına və təmirinə başlanılıb.
Bu ilin mart ayından Emin Abduləliyevinevinin yenidən inşa edilərək bərpa olunmasına start verilib. Dövlət vəsaiti hesabına tikilən 5 otaqdan ibarət sözügedən yaşayış binasında artıq son tamamlama işləri aparılır. Yüksək keyfiyyətlə inşa olunan evin hər cür şəraitlə təmin olunması diqqət mərkəzində saxlanılıb. İnşaat işləri başa çatdıqdan sonra yaşayış mənzilinə təbii qaz və su xətləri çəkilməsi planlaşdırılıb.
Qeyd edək ki, Emin Abduləliyev evinə və şəxsi əmlakına dəyən ziyana görə dövlət tərəfindən müvafiq vəsaitlə də təmin olunub. Bərpa işlərinin yüksək səviyyədə aparılmasından razılıq edən E.Abduləliyev göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti İlham Əliyevə ailə üzvləri adından dərin təşəkkürünü və minnətdarlığını bildirib.
Yəhya PAŞAZADƏ