Ağcabədi Rayon İcra Hakimiyyəti yanında Müraciətlərə Operativ Baxılma Mərkəzinə hər gün sakinlər tərəfindən müxtəlif problemlərlə əlaqədar müraciətlər daxil olur. Sözügedən Mərkəzə ümid yeri kimi baxan vətəndaşlar buradan lazımi köməkliklər alacaqlarına inanırlar. MOB Mərkəzi tərəfindən həmin müraciətlərə diqqət və qayğı ilə yanaşılır, irəli sürülmüş tələblərin operativ həlli istiqamətində konkret addımlar atılır.
Bu günlərdə şəhər sakinləri Əli Hüseynov, Nihat Quliyev və Günay İsmayılova yaşadıqları Ə.Muxtarov, Z.Adıgözəlov, M.Aranlı adına küçələrə elektrik enerjisi verilməsində fasilələr yarandığını, işıqların tez-tez söndüyünü, bu zaman xəstə sakinlərin çətinliklər çəkdiyini bildirib, bununla əlaqədar müvafiq köməkliklər göstərilməsini xahiş ediblər.
Müraciətlərə Operativ Baxılma Mərkəzi tərəfindən şəhər sakinlərinin həmin müraciətləri ilə bağlı Ağcabədi Rayon Elektrik Şəbəkəsi rəhbərliyi ilə əlaqə saxlayıb, problemin opertaiv və ədalətli həll edilməsi üçün lazımi addımlar atılıb. Lakin rayon elektrik şəbəkəsi tərəfindən bununla əlaqədar əsassız bəhanələr gətirilib. Bildirilib ki, guya, 10 avqust 2021-ci il tarixdə idarənin həyətində yerləşən yarımstansiyada yenidənqurma işləri aparıldığına görə günün müəyyən saatlarında şəhərin bəzi küçələrində elektrik enerjisinin verilişində açılmalar olub. Halbuki Ə.Muxtarov, Z.Adıgözəlov və M.Aranlı küçələri ilə yanaşı, başqa küçələrdə də işıqların tez-tez söndürülməsi halları baş verir. İsti yay havalarında sakinlərin soyuducu və kondisionerlərdən daha çox istifadə etdiklərini nəzərə alsaq, vəziyyətin nə dərəcədə dözülməz olduğunu təsəvvür etmək heç də çətin deyil. Bu da şəhər sakinlərinin haqlı narazılığına səbəb olur. Ağcabədi Rayon Elektrik Şəbəkəsi elektrik enerjisi verilişində fasilələrin qarşısının alınması üçün təcili tədbirlər görməlidir.
“Aran”