Əmrah Həsənov haqqında əvvəlki saylarımızdan birində məlumat vermişdik. Onu daha yaxından tanımaq üçün redaksiyamıza dəvət etdik. Özü haqda söhbətə keçməzdən əvvəl ailəsini də tanımaq istədik. Məlum oldu ki, o, I Qarabağ müharibəsi qazisi Arzu Həsənovun övladıdır. Vətən üçün sağlamlığından keçən, ölümü gözə alan bir atanın övladı bu fədakarlığa öz təhsili, uğuru ilə cavab verib.
Beləliklə, Ağcabədi şəhər 2 saylı tam orta məktəbin məzunu olmuş Əmrahla səmimi bir söhbəti təqdim edirik.
– Əmrah, bildiyimiz qədər rayon üzrə YÖS (Yabancı Öğrenci Sınavı) imtahanında yüksək bal toplayan şagirdlərdən hələki, birincisən. Bu potensialı özündə görürdünmü?
– Əslində, bəzən çox diqqətsiz oluram. Amma bu dəfə imtahanda dəqiq fənnlər idi deyə bütün diqqətimi toplamışdım. Və buna görə də nəticəmin yaxşı olacağını gözləyirdim. Elə də oldu.
– Əldə etdiyin nəticəyə görə minnətdar olduğun insanlar varmı?
– İlk olaraq valideynlərimə təşəkkür edirəm. Çünki onlar mənim üçün yaxşı şərait yaradıblar ki, oxuya bilim, çalışa bilim. Daha sonra hazırlaşdığım “Yeni Abituriyent” hazırlıq kursu və məktəbdəki müəllimlərə. Hər biri mənə dəstək olduqları üçün minnətdarlıq edirəm.
– Bəs IV qrup üçün qəbul imtahanında iştirak etmisənmi?
– Bəli. İştirak etmişəm, amma tələbə kimi. YÖS imtahan nəticəmi bilirdim. Qəbul olduğumu bilə-bilə getmişdim.
– Əmrah, niyə həkim olmağı seçdin?
– Babam həkim idi. Gözümü açıb onu görmüşəm. Həvəslənmişəm. Sonra müəyyən araşdırmalar apardım və bu sahə mənə çox yaxın gəldi. Digər peşələrdə özümü təsəvvür etmədim.Düşünürəm, həkimlərin insanlarla daha çox ünsiyyət qurmaq imkanı var. Mənəvi dəyəri də yüksəkdir.
– Dərs oxumağa nə qədər vaxt ayırırdın?
– Bu il həm TQDK imtahanlarına, həm də YÖS imtahanlarına hazrlaşırdım. Gün ərzində ən azı 6 saat vaxt ayırırdım. Bu vaxtı da iki imtahana hazırlıq arasında bölmüşdüm. YÖS imtahanı üçün məntiq testlərinə də vaxt ayırırdım. Bu, imtahanda vaxtımı düzgün idarə etməyə hazırlıq idi.
– Hazırlıq müddətində sosial şəbəkələrdən istifadəni dayandırdınmı?
– Xeyr, istifadə edirdim. Məncə hər şey yerində və lazımi qədər istifadə olunsa heç bir ziyanı yoxdur. Əksinə, özümüz üçün faydalı olan məlumatları sosial şəbəkələrdən əldə edə bilərik.
– Hobbin nədir? Boş vaxtlarını necə keçirirdin?
– Rep musiqiləri dinləyirdim. Bədii və fərdi inkişafa aid kitablarım var, onları oxuyub, mütaliə edirdim. Sənədli filmlər izləməyi də unutmurdum.
– Niyə təhsil üçün məhz Türkiyəni seçdin? Burda səni nə qane etmir?
– Belə izah edim. Praktika və texnologiya cəhətdən türk təhsili yüksək səviyyədədir. Türkiyə özü də tibb sahəsində Avropa ölkələri siyahısında inkişaf etmiş ölkələrdəndir. Yəqin ki, elə bu səbəbdən. Amma bu bizim təhsilin zəif olması demək deyil.
– Əmrah, valideynlərin sənə başqa ixtisas seçimi etməyi məsləhət gördümü?
– Xeyr. Əksinə bu ixtisası seçəndə çox sevindilər. İstəklərimiz üst-üstə düşürdü. Amma yenə də soruşdular ki, “Həqiqətən də istəyirsənmi?”
– Yüksək bal toplamaq istəyən şagirdlərə nə demək istərdiniz ?
– Müəyyən qədər boş vaxtlarında nə isə öyrənməyə çalışsınlar. Bəzən olur ki, gecəni oyaq qalıb dərs oxuyurlar. Bu, insanı daha da geriyə salır, nəinki irəli aparır. Dərs oxumağın vaxtı var. Tarazlıq əldə edəndə istədiyin nəticəni də əldə etmiş olursan.
Söhbətləşdi: Rəmziyyə HƏSƏNOVA