Ağcabədi Rayon Gənclər və İdman İdarəsinin rəisi Rüfət Quliyev taekvondo idman növü üzrə gənclər arasında Azərbaycan birinciliyində uğurlu nəticələr əldə edən Ağcabədi taekvondoçuları ilə görüş keçirmişdir. İdarə rəisi idmançıları qazandıqları nəticələr münasibəti ilə təbrik etmiş, onlara yeni-yeni nailiyyətlər arzulamışdır. R.Quliyev son dövrlərdə Ağcabədi taekvondoçularının uğurlu nəticələr əldə etməsindən, eləcə də 3 nəfər taekvondoçumuzun Milli yığma komandanın tərkibində Avropa çempionatında çıxış etmək üçün Estoniyanın Tallinn şəhərinə yola düşmələrindən söz açaraq qeyd etmişdir ki, bu rayonumuzda idmanın inkişafının bariz nümunəsidir.
Qeyd edək ki, 6-7 avqust 2021-ci il tarixlərdə Bakı şəhərində keçirilmiş taekvondo idman növü üzrə gənclər arasında Azərbaycan birinciliyində iştirak edən Ağcabədi idmançıları 5 medal qazanaraq uğurlu nəticə əldə etmişdir. Taekvondoçularımızdan Sənan Orucov 68 kq çəki dərəcəsində I yerə, Fərhad Lətifov 55 kq çəki dərəcəsində II yerə, Şəbnəm Məmmədəliyeva 42 kq, Elçin Həsənov 45 kq, Əli Mirəliyev 48 kq çəki dərəcələrində III yerə layiq görülmüşdür.