TOFİQ ZEYNAL
Tofiq Əsgər oğlu Zeynalov 1950-ci ildə Ağcabədi rayonunun Aran kəndində anadan olmuşdur. 1958-ci ildə Muğanlı kənd 8 illik məktəbinin 1-ci sinfinə daxil olmuş, 1968-ci ildə M.Füzuli adına Yeni Qaradolaq kənd məktəbinin 10-cu sinfini bitirmişdir. 1973-cü ildə N.Tusi adına Xankəndi Pedaqoji İnstitutunu fərqlənmə diplomu ilə bitirmiş və Muğanlı kənd səkkizillik kənd məktəbində fəaliyyətə başlamışdır. 38 il Ağcabədi rayonunda məktəb direktoru vəzifəsində çalışmışdır. Təhsildəki uğurlara görə T.Zeynal “Qabaqcıl maarif xadimi”, “Respublika xalq təhsili əlaçısı” döş nişanları və “Tərəqqi” medalı ilə təltif edilmişdir.
Şeirləri və digər yazıları respublika mətbuatında dərc olunur. Bundan əlavə “Dağ təranələri” şeirlər məcmuəsində “Görüş”, “Muğamın sədası” və digər almanaxlarda şeirləri dərc olunmuşdur. Şeirlərinə S.Rəhimov “Sovet kəndi” qəzetində “Uğurlu yol” yazmışdır.
Çap olunmuş kitabı:
1.”Ötən ömrün hekayəti
ADAMLAR, SİZ MƏNƏ NƏ ÇOX GƏRƏKSİNİZ
Sevincdən, nəşədən çağlayanda da,
Adamlar, siz mənə çox gərəksiniz.
Bala nisgililə ağlayanda da,
Adamlar, siz mənə çox gərəksiniz.
Kal meyvə çoxalır ömür bağında,
Təkdirsə, əyilər qəddi dağın da,
Ümidsiz çağımda, tənha çağımda,
Adamlar, siz mənə çox gərəksiniz.
Kimi günəş kimi görünüb susur,
Kimi ömür boyu sürünüb susur,
Çoxu abırına bürünüb susur,
Adamlar, siz mənə çox gərəksiniz.
Hərdən dost-tanışdan gen düşəndə də,
Gördüyüm sifətlər dəyişəndə də,
Sizin özünüzlə döyüşəndə də,
Adamlar, siz mənə çox gərəksiniz.
Sizin içinizdə sizi gəzirəm,
Yollar ürəyimi üzür, dözürəm,
Vaxt olur, dünyadan tamam bezirəm,
Adamlar, siz mənə çox gərəksiniz.
Dar gündə səməndər quşuna dönüm,
Ağlar gözünüzün yaşına dönüm,
Sizin pisinizin başına dönüm,
Adamlar, siz mənə çox gərəksiniz.