7.5 C
Aghjabadi

11 ildir ümidin ətəyindən tutub yaşayan kitabxana

         “Aran” qəzetində mütəmadi olaraq rayon mərkəzi kitabxanasının tədbirləri yer alır. Bəzən o qədər tədbir məlumatı, press-relizlər göndərirlər ki, hamısına yer verə bilmədiyimiz üçün seçib ən vacibini və ya ən sonuncu keçiriləni qəzetdə işıqlandırırıq. Bir sözlə, fəal, işgüzar kollektivi var buranın. Sosial şəbəkədə də izləyirəm. Pandemiya üzündən ölkədə qapanma olan dövrdə belə, bu kollektiv dinc dayanmayıb. Onlayn tədbirlər, balacalar üçün nağıl saatları, müxtəlif mövzularda maarifləndirici videoçarxlar, imkansız ailələrə yardımlar… Yəni nə zaman onların səhifəsinə baxsaq yeni bir işlərinə şahidlik edirdik. Nəhayət “Evdə qal” çağırışları bitdi, bəzi məhdudiyyətlər aradan qaldırıldı, hamı  işinə döndü. Kitabxana da öz fəaliyyətinə davam edir. Amma necə? Kərpicdən tikilən köhnə, uyğunlaşdırılmış bir məktəb binasında. İşdən imkan tapıb ora gedəndə bu qədər işi belə darısqal, şəraitsiz yerdə necə görüb çatdırdıqlarına təəccüb edirəm (Dəhlizdə isə vəziyyət normaldır, işıqlıdır və hazırda bir çox mövzularda sərgilər təşkil edildiyi üçün bir az da yaxşı görünür).

2010-cu ilin may ayında  kitabxana qəzalı vəziyyətdə olduğu hesab edilən keçmiş binasından müvəqqəti olaraq bu binaya köçürüldü. Dedilər ki, tezliklə başqa yerdə yeni, müasir tipli bir bina tikiləcək. Lakin o müvəqqəti, bu müvəqqəti, 11 ildir ki, əməkdaşlar ilə yanaşı oxucular da intizarla həmin kitabxana binasının tikilməsini gözləyir. Onsuz da insanların kitabdan uzaq düşdüyü, övladlarımızın internetdən daha çox istifadə etdiyi vaxtda onları mütaliəyə yönləndirmək çətindir. Bu çətin işdə sözügedən kitabxananın əməkdaşları bütün mümkün vasitələrdən istifadə edir, kitaba maraq yaratmağa çalışır. Lakin…

Yadımdadır, kitabxana hazırkı binaya köçəndən bir müddət sonra ilk dəfə oraya gedəndə ağlamışdım. Yox, dəsmal çəkib “Ay, kitabxana” deyərək hönkürməmişdim. Sadəcə kitabxana işçiləri ilə söhbət edərkən yaş özü süzülmüşdü gözümdən. Üst-üstə qalaqlanmış, çoxu darısqallıq ucbatından yerə, pilləkənə, hara gəldi yığılmış tozlu kitablar dil açıb insandan imdad diləyirdilər. Kitabxananın əməkdaşları da çaş-baş idilər. Uyğunlaşa bilmirdilər siçovulların meydan suladığı köhnə, iyli-qoxulu binaya. Kitab çox, yer az. Rəflərdə basabasla yığılmış kitabın birini götürmək üçün çəkəndə ardıyca da “qohum-əqrabası” tökülüb gəlirdi… Zaman hər şeyə çarədir deyiblər. Əməkdaşlar da zamanla yeni binadan əsər-əlamət olmadığını görüncə bura uyğunlaşmağa, kitabları bir az daha münasib şəkildə yığmağa, təmizlik yaratmağa başladılar. Amma köhnə binanı ha təmizlə, ha yırtıq-deşiyini tut, xeyri yoxdur. Bina Mədəniyyət Nazirliyinin balansında olmadığı üçün burada əsaslı təmir aparmaq da mümkün deyil. Siçovulların hücümunu dəf etmək üçün döşəmədə müxtəlif ölçülü, müxtəlif rəngli taxta, dikt parçaları döşənib və əməkdaşların dediyinə görə bu, müəyyən qədər işə yarayır.

Bu illər ərzində yeni binanın inşa edilməsi ilə bağlı aidiyyatı üzrə müraciətlər olunub. Fikirlər səslənib. Dinləyiblər, müraciətə baxıblar, söz veriblər, hətta bunun üçün yer də müəyyən ediblər. Lakin hələ ki nəticə yoxdur.

Yeri gəlmişkən, kitabxanalarla bağlı daha bir ağrılı məqama toxunmaq istərdim. Bir neçə il əvvəl (hazırda necədir, bilmirəm) kəndlərdə binası yararsız olan kitabxanalar bağlanmağa başladı. Yəni göstəriş belə idi. Hansı kitabxananın öz binası yox idi, yaxud yararsız idisə, biryolluq fəaliyyəti dayandırılırdı. Bu bilirsiniz nəyə bənzəyir? Folklor nümunələrimizdə müxtəlif variantlarda  rastlaşdığımız həmin o məqam ki var, qədimdə valideynlər qocalanda övladları onları səbətə qoyub qayaya, yaxud meşəyə apararmış. Oralarda qurda-quşa yem olsun deyə tərk edib gedərmiş… Bax ona…  Başqa rayonlarda davam edir, ya etmir,yalan demiş olaram, bizim rayonun kəndlərindəki bəzi kitabxanalar da o vaxt həmin taleyi yaşadılar. Kitabxanaları “müalicə” etmək, yer düzəltmək vəsait tələb etdiyi üçün onları “səbətə qoyub qayalara aparmaq” daha sərfəli idi.

“Kitab bir nəslin o biri nəslə qoyub getdiyi mənəvi vəsiyyətdir” deyiblər. Kitabların qorunub saxlandığı yer də bizim üçün əziz yer olmalıdır. Qoy oxucusu az olsun. Qoy ayda-ildə bir nəfər müraciət etsin. Amma onları məhv etməyə, yoxa çıxartmağa haqqımız yoxdur. Binası  yararsızdır? Yeni bina tikilsin. Əlbəttə, şəraitsizlik ucbatından kitabları aparıb evinə yığan, orada qorumağa çalışan kitabxana direktorundan geniş fəaliyyət tələb etmək olmaz. Bunun üçün öncə şəraiti yaratmaq lazımdır ki, bizdə də bunu yox, asan yolu – fəaliyyətini dayandırmağı seçdilər.

Hə, qayıdaq əsas mövzuya. Yuxarıda yeni binanın tikilməsi ilə bağlı müraciətlərdən yazırdım axı. Deməli bir müraciətə cavab olaraq 2019-2022-ci illər ərzində sözügedən kitabxana üçün yeni binanın tikintisinin nəzərdə tutulduğu bildirilib. Necə deyərlər, ümid sonda ölür. Biz də Ağcabədinin mərkəzində geniş, işıqlı, təmiz, müasir tipli bir kitabxananın tikiləcəyi o vaxta qədər gedək “ümidimizin ətəyindən tutub fırlanaq”.

Məhsəti MUSA

“525-ci qəzet”

Xəbər lenti

Köyük kəndində səyyar qəbul keçirilib

Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynovun dekabr ayı üzrə ilk, 2022-ci il üçün isə növbəti səyyar qəbulu Köyük kəndində keçirilib. Qəbulda rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, kənd sakinləri...

Əhməd Cavadın 130 illik yubileyi qeyd olunub

Noyabrın 24-də ADPU-nun Ağcabədi filialında görkəmli Azərbaycan şairi və ictimai xadimi Əhməd Cavadın anadan olmasının 130 illik yubiley tədbiri keçirildi.

Müasir poeziyamızda Qarabağ hadisələrinin və qələbəmizin bədii əksi

      Bütövlüyün, vəhdətin izini, bəlkə də, sərhədlərdən silmək olar, amma yadlaşlardan, qandan yox. Odur ki, bu xalqın yaddaşından silinməyən, “böyük bir həsrət...

Ağcabədidə sürətli şahmat üzrə rayon turniri keçirilmişdir

    30 noyabr 2022-ci il tarixdə Ağcabədi Rayon Gənclər və İdman İdarəsinin və Uşaq Gənclər İdman Şahmat Məktəbinin birgə təşkilatçılığı ilə uşaq...

Azərbaycanın uğurlu inkişafının memarı Ulu Öndər Heydər Əliyev olmuşdur

    Ümummilli Lider Heydər Əliyevin Azərbaycan tarixində rolu, həlledici olmaqla bərabər, çoxcəhətli və çoxşaxəli xarakteri ilə xüsusi əhəmiyyətə malikdir. Ölkəyə rəhbərlik etdiyi...

295 min ton təhvil verilib

Bugünədək fermerlər tərəfindən kondisiya çəkidə 295645 ton pambıq yığılaraq tədarük məntəqələrinə təhvil verilib. Kənd Təsərrüfatı Nazirliyinin yaydığı məlumata görə,...

Bakıda “Gender bərabərliyi və idarəetmə” mövzusunda təlimlərə start verilib

Noyabrın 28-də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin (AQUPDK) təşkilatçılığı və Avropa İttifaqının dəstəyi ilə "Gender bərabərliyi və idarəetmə” mövzusunda...

Regional sabitlik və potensial əməkdaşlıq təmin olunacaq

Noyabrın 25-də Bakıda, ADA Universitetində “Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda beynəlxalq konfrans keçirilib. Prezident İlham Əliyev konfransda iştirak edib.

“Baş məşqçinin məni niyə əvəzedici heyətə göndərdiyini bilmədim” – MÜSAHİBƏ

"Aranqezet.az" saytı vaxtilə Bakının "Neftçi" klubunda top qovan və Azərbaycan futbol tarixinə yeganə avstraliyalı futbolçu kimi düşən Con Tamburasın müsahibəsini təqdim edir.

Pambıq yığımı davam edir

     Rayonumuzda ənənəvi təsərrüfat sahəsi olan pambıqçılıq ölkə rəhbərinin diqqət və qayğısı sayəsində öz əvvəlki şöhrətinə qayıdır.Bu isə təsərrüfat rəhbərlərində böyük ruh...

Şərhlər