Ağcabədinin layiqli övladı

         Respublikamızda, onun hüdudlarından kənarda yaxşı tanınan istedadlı gənc hüquqşünas Tural Feyzullayev Ağcabədinin adını daim uca tutan nüfuzlu həmyerlilərimizdəndir. Biz həmişə belə həmyerlilərlə fəxr edir, qürur duyuruq. Onların fədakar həyatları, fəaliyyətləri gənclərimiz üçün əsl örnəkdir.

Əvvəlki saylarımızdan birində T.Feyzullayevin yeni bir uğuru haqqında məlumat vermişdik. Oxucularımız arasında yazımızın qəhrəmanını bir az da yaxından tanımaq istəyənlər olduğu üçün onların xahişini nəzərə alaraq həmyerlimiz haqqında daha ətraflı bir yazı hazırladıq.

Feyzullayev Tural Hicrət oğlu 1990-cı ilin 18 noyabrında Ağcabədi rayonunun Sarıcalı kəndində nüfuzlu nəsil şəcərəsinə mənsub bir ailədə dünyaya göz açıb. Onun atası Hicrət Feyzullayev, babası Feyzi Feyzullayev, ulu babası Həsən Rəhimov uzun illər rayonda məsul vəzifələrdə çalışıb, böyük hörmət və nüfuz qazanıblar. Həsən Rəhimov, Feyzi Feyzullayev vaxtı ilə Qarabağın, bütövlükdə respublikanın adlı-sanlı ziyalılarından, el ağsaqqallarından sayılıblar.

Lap kiçik yaşlarından fitri istedadı ilə seçilən Tural 8-ci sinfə qədər Sarıcalı kənd orta məktəbində təhsil alıb. Ailəsinin Bakı şəhərinə köçməsi ilə əlaqədar o, təhsilini Nizami rayonundakı 1 saylı pilot məktəb–liseyində davam etdirib. 2007-ci ildə orta təhsilini müvəffəqiyyətlə başa vuran istedadlı gənc həmin il Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının hüquqşünaslıq fakültəsinə qəbul olunub. Təhsilini davam etdirmək üçün Fransaya gedən Tural 2013-cü ildə Tuluza Universitetinin beynəlxalq və Avropa hüququ, həmçinin beynəlxalq biznes hüququ ixtisasları üzrə magistr pilləsini başa vurub. O, həmin dövrdə ABŞ-ın ən nüfuzlu hüquq firmasında təcrübə keçib.

Tural Feyzullayev öz peşəkar hüquqşünas fəaliyyətinə 2015-ci ildə respublika Mərkəzi Bankında başlayıb. Bacarıqlı mütəxəssis 2016-cı ilin aprelindən 2020-ci ilin fevralınadək respublika maliyyə bazarlarına nəzarət palatasında hüquqi təminat idarəsinin rəisi vəifəsində fəaliyyət göstərib. Nüfuzlu hüquqşünas həmin illərdə “Daşınan əmlakın yüklülüyü haqqında”, “Banklar haqqında”, “Kredit büroları haqqında”, “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanunlarında dəyişikliklər edilməsində, bir sıra maliyyə qanunvericiliyinə dair hüquqi aktların hazırlanmsında fəal iştirak edib.

T.Feyzullayev ötən ilin fevral ayından respublika Mərkəzi Bankında şöbə müdiri, Hüquq Departametinin müdir müavini vəzifəsinə təyin olunub. O, 2018-ci ildə ölkəmizdə biznes mühitinin əlverişliliyinin artırılmasında səmərəli fəaliyyətinə görə Prezident İlham Əliyevin Sərəncamı ilə “Tərəqqi “ medalına layiq görülüb.

Hazırda tanınmış hüquqşünas “Acces Bank”ın departament rəhbəri vəzifəsində fəaliyyətini uğurla davam etdirir. Tural bu günlərdə ölkə Prezidenti İlham Əlieyin müvafiq Sərəncamı ilə keçirilən “Yüksəliş” müsabiqəsinin qaliblərindən biri olub. İngilis, fransız və türk dillərini mükəmməl bilən mütəxəssis beynəlxalq aləmdə ölkəmizi layiqincə təmsil edir.

Həmyerlimizə çoxsahəli səmərəli fəaliyyətində yeni-yeni nailiyyətlər arzulayırıq!

Yəhya PAŞAZADƏ

ARAN-ı sosial şəbəkələrdə izləyin:

Şərhlər

Social Media Auto Publish Powered By : XYZScripts.com