Azərbaycan-Pakistan əlaqələri yeni inkişaf mərhələsində

         Pakistan İslam Respublikası Türkiyə Respublikası kimi Azərbaycanla ən yaxın, doğma, qardaş ölkə hesab olunur. Təsadüfi deyildir ki, 1991-ci ildə müstəqilliyini bərpa edən respublikamız Türkiyə və Rumıniyadan sonra Pakistan tərəfindən rəsmən tanınıb.

Ölkəmizlə Pakistan arasında əlaqələrin dərin tarixi kökləri vardır. Bir-birinə böyük hörmət və məhəbbət bəsləyən xalqlarımız eyni dəyərlərə malik olduqları üçün dostluq və həmrəyliklərini gündən-günə möhkəmləndirirlər. Əslində, bu dostluq və qardaşlıq əlaqələrinin tarixi məşhur xeyriyyəçi soydaşımız Hacı Zeynalabdin Tağıyevin adı ilə bağlıdır.

Ötən yüzilliyin əvvəllərində İngiltərənin müstəmləkəsi sayılan Pakistan əhalisi arasında kütləvi xəstəlik yayıldığı zaman xeyli sayda insan dünyasını dəyişib. Həmin vaxt Zeynalabdin Tağıyev şəxsi vəsaiti ilə vaksinlər alaraq Pakistana göndərib. Bu misilsiz yardım sayəsində ölkədə dəhşətli epidemiyanın qarşısı alınıb. Aradan uzun illər keçməsinə baxmayaraq, Pakistan xalqı bu yaxşılığı unutmur. Bu gün də qardaş ölkədə həmin yüksək xeyirxahlıq missiyası hörmət və ehtiramla xatırlanır.

Qədirbilən Pakistan xalqı 1947-ci ildə müstəqillik əldə etdikdən sonra bu tarixi faktı dərsliklərə daxil edib. Ona görə də pakistanlıların hər biri Azərbaycanı özlərinə doğma ölkə sayırlar. Təsadüfi deyildir ki, 200 milyonluq Pakistan dövləti Ermənistanı rəsmən tanımayıb, Qarabağ məsələsində həmişə Azərbaycanı dəstəkləyib. Qardaş ölkə Xocalı faciəsini soyqırım kimi dəyərləndirib.

Son illər Pakistanla Azərbaycan arasında əlaqələrin möhkəmlənməsində Heydər Əliyev Fondunun həyata keçirdiyi layihələr mühüm rol oynayıb. Pakistanda baş vermiş zəlzələdən zərər çəkmiş məktəblərin təmir ediməsi, tibb müəssisələrinin avadanlıqlarla təchiz olunması bu baxımdan mühüm əhəmiyyət kəsb edib.

Azərbaycanla Pakistan arasında geniş mədəni, iqtisadi əlaqələr yaranıb, siyasi əməkdaşlıq münasibətləri formalaşıb. Pakistan BMT-də, İslam Əməkdaşlıq Təşkilatında, Beynəlxalq Formlarda Azərbaycana olan qardaşlıq münasibətlərini daim nümayiş etdirir. Bu gün Azərbaycan-Pakistan əlaqələri yeni bir inkişaf mərhələsinə qədəm qoyub.

Azərbaycanla Pakistan hər zaman çətin günlərdə bir-birinin yanında olublar. Bu ənənə bu gün də uğurla davam etdirilir. Hər iki ölkə tərəfindən tez-tez səfərlər təşkil edilir, iqtisadi əməkdaşlığa  dair sənədlər imzalanır, müqavilələr bağlanılır. Hər iki qardaş ölkə hərbi və siyasi sahələrdə də əməkdaşlıq edir.

44 günlük Vətən müharibəsi dönəmində, ondan sonrakı dövrdə qardaş, Türkiyə Respublikası ilə bərabər, Pakistan xalqı və dövləti daim Azərbaycanın yanında olub, öz siyasi və mənəvi dəstəyini sərgiləyib. Müharibənin ilk günlərindən, Pakistan Xarici İşlər Nazirliyinin Pakistan Senatının, baş nazir İmran xanın bəyanatları xalqımızda və Ordumuzda böyük ruh yüksəkliyi yaradıb, minnətdarlıqla qarşılanıb.

İftixar hissi ilə demək lazımdır ki, Azərbaycan, Türkiyə və Pakistan bu gün regionda və dünyada söz sahibi olan ölkələrə çevriliblər. Rəsmi Bakı, Ankara və İslamabadın qəbul etdikləri qərarlara dünya dövlətləri tərəfindən hörmətlə yanaşılır. Dünya siyasətinin müəyyənləşdirilməsində, ölkələrimizin xüsusi yeri və rolu vardır. Dövlətlərimiz arasında mövcud olan münasibətlər dünya üçün yüksək nümunədir. Hər üç dövlətin başçılarının dostluq və qardaşlıqları ölkələrə örnək ola bilər.

Azərbaycan, Türkiyə və Pakistan beynəlxalq təşkilatlarda onlarla aid məsələlər müzakirə olunarkən birmənalı şəkildə bir-birlərinin müdafiəsində dayanıblar. Bu sahədə hər üç ölkə xarici işlər nazirlərinin görüşləri xüsusi önəm daşıyıb.

27 iyul 2021-ci il tarixdə Azərbaycan, Türkiyə və Pakistan parlament sədrlərinin Birinci üçtərəfli görüş zamanı birgə imzaladıqları “Bakı Bəyannaməsi” qardaş ölkələr arasında əməkdaşlığın yeni parlaq səhifələrini açıb.

Yəhya PAŞAZADƏ

Şərhlər