Şəhid ailələrinə, Qarabağ veteranlarına, müharibədən əziyyət çəkmiş mülki şəxslərə dövlət diqqət və qayğısı gücləndirilib

Prezident İlham Əliyevin 2021-ci il 26 avqust tarixində Abşeron rayonunda
şəhid ailələri, müharibə əlilləri və Vətən müharibəsi qəhrəmanlarına mənzillərin və
avtomobillərin təqdim olunması münasibəti ilə keçirilən mərasimdə iştirak edib.
Dövlət başçısıın tədbirdə dərin məzmunlu çıxışı mühüm ictimai-siyasi
əhəmiyyət kəsb edib. Qeyd olunub ki, hərbçilər, qazilər və şəhid ailələri daim dövlətin
diqqət və qayğısı ilə əhatə olunurlar. Vətən müharibəsində şəhidlik zirvəsinə
ucalanların ailə üzvlərinə, bu haqq savaşımızda şanlı Zəfər qazanan qüdrətli
Azərbaycan Ordusunun hərbçilərinə, qazilərinə daim xüsusi diqqət və qayğı göstərilir.
Bu sıradan olan vətəndaşlarımızın sosial müdafiəsinin möhkəmləndirilməsi, mənzil,
fərdi ev və avtomobillərlə təmin edilməsi istiqamətində həyata keçirilən kompleks
tədbirlər bunun bariz nümunəsidir.
Ölkədə müharibə əlillərinin sosial şəraitinin yaxşılaşdırılması istiqamətində
görülən işlər ardıcıl və planlı şəkildə həyata keçirilir. 2021-ci il 26 avqust tarixində
şəhid ailələrinə, müharibə əlillərinə və Vətən Qəhrəmanlarına 300 mənzil, həmçinin
müharibə əlillərinə 50 avtomobil təqdim olunub. İndiyədək 7200 müharibə əlilinə
avtomobil verilib. Cari ildə isə ümumilikdə, 160-dan çox avtomobilin verilməsi
nəzərdə tutulub.
1997-2021-ci illərdə şəhid ailələrinin üzvlərinə 10 min 500 mənzil və fərdi ev
təqdim olunub. Prezident İlham Əliyevin bu ilin yanvarında imzaladığı Sərəncamla bu
sahədə yeni proqramlar təsdiq edilib. 2021-2025-ci illərdə şəhid ailələrinə 11 min
mənzil və fərdi ev verilməsi nzərdə tutulub.
Şəhid ailələrinin üzvləri və müharibə veteranlarının fəal məşğulluq tədbirləri
çərçivəsində son 7 ayda 52 min nəfər işlə təmin olunub, 7 min 200 nəfər
özünüməşğulluq proqramına, 56 min nəfər isə ictimai işlərə cəlb edilib. Bu ilin
əvvəlindən indiyədək 26 min 200 nəfər reabilitasiya vasitəsilə təmin olunub, 2600
nəfərə isə reabilitasiya xidmətləri göstərilib. Bu qəbildən olan vətəndaşların orta aylıq
əməkhaqqı 2018-2020-ci illərdə 30 faiz, orta aylıq pensiyası isə 60 faiz artıb.
Postmüharibə dövründə 26 min nəfərə 36 min xidmət göstərilib.
Qeyd olunub ki, İkinci Qarabağ müharibəsində qəhrəmanlıq göstərmiş və
qəhrəman adına layiq görülmüş şəxslər də mənzillərlə təmin ediləcək. Vətən
Müharibəsi Qəhrəmanı adını alan bütün şəxslər mənzillərlə təmin ediləcək.
Ölümündən sonra bu ada layiq görülmüş şəhidlərin ailələri də bu mənzillərə sahib
olacaqlar.
Müharibədən sonra 9 mindən çox insana sosial ödənişlər verilib. Orta hesabla
hər insana 2 ödəniş edilib. Yaralı və sağlamlığını itirmiş hərbçilər ən müasir
protezlərlə təmin edilir. Onlar üçün son nəsil protezlər alınıb. 180 nəfərdən çox
insanın protezə ehtiyacı var, onlardan 140 nəfəri artıq protezlərlə təmin edilib və bu
protezlər onları normal həyata qaytarır.
Prezident İlham Əliyev xüsusi olaraq vurğulayıb ki, müharibə dövründə öz
əmlakını itirmiş insanlar üçün də minlərlə yeni ev tikilməkdədir. Yüzdən çox mülki
şəxs, onların arasında qadınlar və uşaqlar həlak olmuşlar. Minlərlə insan öz əmlakını
itirmişdir. Ona görə bu gün bu işlər də görülür, evlər inşa edilir, onların böyük
hissəsinin artıq inşası başa çatdırılıb.
Ölkə rəhbəri bildirib ki, Azərbaycan xalqı öz arzusuna çatmışdır. Biz uzun illər
ərzində deyirdik ki, nəyin bahasına olursa-olsun, öz torpağımızı qaytaracağıq,Qarabağı qaytaracağıq, ərazi bütövlüyümüzü bərpa edəcəyik, şəhidlərimizin qisasını
alacağıq və belə də oldu. Azərbaycan ədaləti bərpa etdi, beynəlxalq hüququ bərpa
etdi, öz torpaqlarını qaytardı və şəhidlərimizin qısasını aldı.
Ona görə də İkinci Qarabağ müharibəsi tarixdə əbədi qalacaq. Azərbaycan
xalqının çoxəsrlik tarixində buna oxşar parlaq və tam Qələbə olmamışdır. Biz 300-
dən çox şəhəri, kəndi, qəsəbəni döyüş meydanında işğalçılardan azad etdik.
İşğalçıları məcbur etdik ki, onlar kapitulyasiya aktını imzalayaraq digər rayonlardan
öz xoşları ilə çıxsınlar. Ağdam, Kəlbəcər, Laçın rayonlarının bizə qaytarılması tarixi
müəyyən olundu.
Göstərilib ki, bu gün istər Qarabağ bölgəsində, istərsə də Azərbaycan-
Ermənistan sərhədində Azərbaycan hakim strateji nöqtələrə malikdir. Azərbaycan
yeddi rayon ilə yanaşı Şuşa şəhərini, Hadrutu, Xocavənd rayonunun 60 faizini,
həmçinin Suqovuşan qəsəbəsini azad edib. Biz yeddi rayondan daha çox ərazini
azad etmişik. Bu ərazilərin strateji əhəmiyyəti göz önündədir. Əgər 1923-cü il 7 iyul
tarixi xalqımızın faciəsi idisə, 2021-ci ildə biz artıq bu qara səhifəni də qapadıq. Artıq
7 iyul gözəl bir tarix kimi tarixdə qalacaq. Çünki 2021-ci il iyulun 7-də Qarabağ və
Şərqi Zəngəzur iqtisadi zonalarının yaradılmasına dair Fərman imzalandı və beləliklə
də tarixi ədalət bərpa edildi;
Azərbaycan Respublikasının Prezidenti əlavə edib ki, hər bir şəhidin həyatı
təkrarolunmazdır, hər bir şəhidin həlak olması onun yaxınları, qohumları üçün
faciədir, böyük bir dərddir. Müharibə dövründə Azərbaycan hərbçiləri həm peşəkarlıq,
həm rəşadət, cəsarət, qəhrəmanlıq, eyni zamanda, fədakarlıq göstərmişlər.
Şəhidlərimizin əziz xatirəsi hər birimiz üçün müqəddəsdir. Azərbaycan Ordusu
əməliyyatları planlaşdıranda, ilk növbədə, mümkün olan itkilər haqqında
düşünülmüşdür və müqayisə apardıqda Azərbaycan məhz buna görə az itki
vermişdir.
Prezident çıxışında çox sərrast vurğulayıb ki, xalqımız uzun illərdir,
ədalətsizliklərlə üzləşir. XX əsrin 20-ci illərində xalqımıza iki böyük zərbə vuruldu.
Birincisi, 1920-ci ildə. O vaxt sovet hakimiyyəti bizim tarixi torpağımız olan Zəngəzuru
Azərbaycandan qoparıb Ermənistana birləşdirdi. Ondan sonra o bölgədə
azərbaycanlılar deportasiyaya məruz qaldılar. İkinci isə 1923-cü ildə bizim ərazimizdə
süni bir qurum yaradıldı – Dağlıq Qarabağ Muxtar Vilayəti, hansı ki, bunun
yaradılmasının heç bir əsası yox idi. Nə tarixi əsası var idi, nə coğrafi əsası var idi, nə
də iqtisadi əsası var idi. Sadəcə olaraq, bizim canımıza bu süni bir cisim yeridildi ki,
bir canlı bomba kimi orada dursun və vaxtında partlasın. Belə də oldu. 1923-cü il
iyulun 7-də Dağlıq Qarabağ Muxtar Vilayəti yaradıldı. Onun da mərkəzi şəhəri bizim
Xankəndi qəsəbəmiz olmuşdu. Ona da cəllad Stepan Şaumyanın adını verdilər,
Stepanakert adlandırdılar.
Dağlıq Qarabağı Azərbaycandan qoparıb Ermənistana birləşdirmək sovet
vaxtında ortaya atılmış tezis idi. Gənc nəsil münaqişə ilə bağlı bütün tarixi həqiqətləri
bilməlidir. 1940-1950-ci illərdə Ermənistan ərazisindən – qədim Azərbaycan
torpaqlarından azərbaycanlıların deportasiyası, 1980-ci illərin sonlarında erməni
separatizminin baş qaldırması və buna sovet hakimiyyəti tərəfindən reaksiyanın
verilməməsi. Əksinə, separatçıları təhrik edirdilər, onların havadarları bizə meydan
oxuyurdular. Ulu Öndər Heydər Əliyev hakimiyyətdən gedəndən iki həftə sonra bu,
ortalığa atıldı. Görünür ki, çoxdan belə planlar var idi. Amma Heydər Əliyev amili,
onun qətiyyəti və gücü imkan vermirdi ki, baş qaldırsınlar. O vaxtkı Azərbaycan
rəhbərliyi, sadəcə olaraq, buna ya hazır deyildi, ya da ki, öz vəzifə borcunu yerinə
yetirə bilmədi.

Dövlət başçısı sonda bildirib ki, hazırda Qarabağı və Şərqi Zəngəzuru bərpa
etmək üçün xüsusi proqram qəbul olunub. Bu proqram bir neçə ili əhatə edir və
birinci il – 2021-ci il üçün proqram icra olunur. Bu gün o bölgələrdə gedən quruculuq-
abadlıq işləri göz önündədir. Bir çoxları üçün bu, çox gözlənilməz oldu və bəziləri
təəccüb edirlər ki, biz bu işləri belə yüksək templərlə görürük. Əlbəttə, burada təkcə
maliyyə vəsaiti kifayət etməz. Gərək bu genişmiqyaslı layihələri icra etmək üçün
texniki imkanlar olsun, kadr potensialı olsun, daxili resurslar olsun. Biz bütün bu
gücləri səfərbər etmişik və bu gün erməni vəhşiliyinin fəsadlarını aradan qaldırırıq.
Birinci Qarabağ müharibəsindən sonra bizim təxminən 4 minə yaxın itkin
düşmüş insanımız olmuşdur. Ermənilər onların nəşini bizə qaytarmadılar. Təkcə azad
edilmiş torpaqlarda bu günə qədər davam edən axtarış əməliyyatları nəticəsində
1600-dən çox erməni işğalçının cəsədi tapılmışdır. Burada da Azərbaycan
humanistlik göstərir. Biz yenə də humanizmin ən ülvi əlamətlərini, prinsiplərini rəhbər
tutaraq bu işi də görürük.
Ölkə rəhbərinin qənaətinə görə, Ermənistanı müstəqil ölkə adlandırmaq
tamamilə əsassızdır. Bu gün Ermənistan artıq açıq etiraf edir ki, öz təhlükəsizliyini
özü təmin edə bilmir, öz sərhədlərini özü qoruya bilmir, öz hesabına yaşaya bilmir.
Belə olan halda müstəqillikdən söhbət gedə bilməz. Çünki müstəqil ölkəyə xas olan
əlamətlərin mütləq əksəriyyəti Ermənistan dövlətində yoxdur. Bunun da səbəbi
onların işğalçılıq siyasətidir. Bu gün Ermənistan nə gündədir, hər kəs bunu görür.
Əlbəttə, acı məğlubiyyətin şokunu onlar hələ uzun illər yaşayacaqlar.
Əslində, rəsmi İrəvan hərbi cinayətkardır. Uzun illər ərzində işğalçılar Zəngilan,
Qubadlı, Laçın, Kəlbəcər və Şuşada qanunsuz məskunlaşma gedirdi. Bu, hərbi
cinayətdir. Bu hərbi cinayətə görə təkcə Ermənistan yox, o cinayətlərə göz yuman da
məsuliyyət daşıyır. Bizim uğurlu əməliyyatlarımız buna son qoydu. Bütün dünya
erməni vəhşiliyini görür. Görür ki, ermənilər bizim məscidlərimizi dağıdıblar, 60-dan
çox məscid dağıdılıb. Ermənilər bizim məscidlərimizdə inək, donuz saxlayıblar. Bu,
bütün müsəlman aləminə təhqirdir. Ermənistan rəhbərliyi bütün müsəlman aləmini
təhqir edib. Qəbirləri dağıdan da, qəbir daşlarının üzünü silərək satan da ermənidir,
ölülərin qızıl dişlərini çıxardan da ermənidir, məscidlərimizi sökən də ermənidir,
evlərimizi kərpic-kərpic söküb öz daxmasına daşıyan da ermənidir.

ARAN-ı sosial şəbəkələrdə izləyin:

Şərhlər