Yəqin ki, 1940-1950-ci illərdə öz ata və babalarından gecələr nağıl kimi dinlədiyi söhbətlər yaşlı nəslin yadından çıxmaz. Sonralar klublarda müharibə səhnələrini əks etdirən bədii filmlərə baxanda da bütün bunları nağıl kimi qəbul edir və tam mahiyyətini anlamırdıq. Bu filmlərin görüntülərindən sonra uşaqlar öz aralarında səhnələşdirilmiş “dava-dava” oyunları oynayırdılar.
Ancaq indiki nəslin körpəsi də, cavanı da dəhşət dolu müharibənin nə olduğunu tam anlayır və ona lənət edirlər. Erməni vandalları Azərbaycanın döyünən ürəyi, dilbər guşəsi olan Qarabağımızı öz havadarları ilə uzun müddət işğal altında saxlamışlar. Onlar dinc əhaliyə vəhşicəsinə divan tutulmuş, yaşayış evlərini dağıtmışlar. Lakin böyük dünya liderləri bu vəhşiliklərə göz yummuş, “dur” deməmişlər.
Yuxarıda vurğuladığım filmlərin biri olan “Əsgər atası” filmindən bir epizod yadıma düşdü. Üzüm tənəklərini əzən zirehli texnikanın üstünə özünü atan qoca ata “Sən nə edirsən, görmürsən üzümlüyü?!” deməklə dağıntıya yol verilməsini pisləyir. O, oğlunu axtarmağı bir kənara qoyub, əzilmiş üzüm tənəklərini düzəltməyə başlayır…
Bax, bu əsl insanlıq mümunəsi deməkdir. Dünya liderləri erməni vandalizminə, vəhşiliyinə heç bir münasibət bildirmədilər. Bu haqsızlığa dözməyən Azərbaycan xalqı həmrəylik nümayiş etdirdi. Müzəffər Ordumuzun Ali Baş Komandanı cənab Prezidentimiz İlham Əliyevin düşünülmüş, planlı və uzaqgörən siyasəti nəticəsində müharibə yolu ilə işğala son qoyuldu. Prezidentimizin həsrət dolu Qarabağımızı işğaldan azad etmək üçün elan etdiyi səfərbərliyə vətən uğrunda canından keçməyə hazır olan vətənpərvər gənclərimiz qoşuldular, cəbhəyə yollandılar. “Qarabağ Azərbaycandır!” şüarı altında öz canından keçən şəhidlərimizə Allah rəhmət eləsin. Onların ruhu qarşısında baş əyir, ailələrinə səbr diləyirik. II Qarabağ müharibəsində cəsurluq göstərənlərdən bir neçəsi Ağcabədi şəhər M.F.Axundov adına 3 saylı məktəb-liseyin şagirdləri olmuşlar. Onlardan biri Ağcabədi şəhər Z.Adıgözəlov küçəsi 93 saylı evdə yaşayan 1993-cü il təvəllüdlü Mamedov Samir Eldəniz oğludur. Samir 2014-cü ildən “N” saylı hərbi hissədə müddətdən artıq xidmət göstərmişdir. II Qarabağ müharibəsi başlayan ilk gündən, yəni 27 sentyabr 2020-ci ildən idarə etdiyi tankla döyüşə girmiş, Füzuli istiqamətində gedən vuruşmalarda iştirak etmişdir. Qısa müddətdə cəsurluq göstərən tankçı Füzulinin, Xocavəndin, Hadrutun düşməndən təmizlənməsində yaxından iştirak etmişdir. Öz tankı ilə Samir həmişə öndə gedirdi. Bir dəfə idarə etdiyi tank minaya düşür. Samir ağır yaralanır və hərbi qospitala yerləşdirilir. Sağaldıqdan sonra o, yenidən Füzuli rayonu ərazisində gedən döyüşlərə qoşulur. Bir neçə gündən sonra yenidən tank əleyhinə minaya düşüb yüngül yaralansa da, döyüşü davam etdirir. Xocavənd rayonu, Hadrud qəsəbəsində döyüşərkən şəhid yoldaşının tankı ilə irəliləməyə çalışarkən yenidən yaralanır. Samiri ölüm qorxutmur və o, “Torpaq uğrunda ölən varsa vətəndir” deyərək ölənə kimi döyüşmək qərarını verir.
27 oktyabr 2021-ci il tarixdə gündüz saat 4-5 radələrində öz tankına baxış keçirən zaman düşmənin minomyotu ilə vurulan Samir qarın boşluğundan ağır yaralanır. O, döyüş yoldaşlarının köməyi ilə ərazidən çıxarılır və ambulansla Bakı şəhərinə qospitala aparılır. Çox ağır vəziyyətdə olduğuna görə onu Qara Qarayev adına xəstəxanada koma halında yerləşdirirlər. Samir 5 dəfə əməliyyat keçirir. 20 gün koma halında olmaqla 7 ay xəstəxanada yatır və sonra evə buraxılır. İgid döyüşçü hal-hazırda ürəyin aşağı hissəsində müharibədən yadigar qalmış qəlpə ilə yaşayır. Onun əməliyyata ehtiyacı var.
Bu cəsur döyüşçünün belə yaralarla sağ qalması əsl möcüzədir. İndi fəxrlə deyə bilərik ki, Azərbaycan anaları belə polad biləkli, Babək cüssəli oğullar dünyaya gətiriblər. Qazimiz Samirin qəhrəmanlığı ilə fəxr edir, ona uzun ömür, cansağlığı arzulayırıq.
Camal ABBASOV,
respublikanın əməkdar müəllimi